image-970_50
image-fotojet

Ermənistanın düşdüyü rəzil durum: Hakimiyyət baş verənlərdən nəticə çıxarmalıdır – ŞƏRH

image-728_90

 

Qarabağdakı müharibənin ildönümü qalib Azərbaycanda bir, məğlub Ermənistanda isə başqa əhval-ruhiyyədə qeyd edilir. Nəticələri bir kənara qoyub məğlub qonşumuzun baş verənlərdən hansı dərs aldığını analiz edək.

 

Adətən məğlub dövlətlər müharibələrdən sonra müəyyən nəticə çıxarır, səhvləri və onları buna gətirib çıxaran səbəbləri araşdırır, götür-qoy edir. Müharibələrin minillik tarixi də bunu təsdiq edir. Götürək, elə İkinci Dünya Müharibəsindəki faşist Almaniyasını. Almanlar üzləşdikləri məğlubiyyətdən qısa zamanda nəticə çıxardılar və bu gün tək Avropanın deyil, dünyanın ən qüdrətli dövlətlərindən birinə sahibdirlər. Bugünkü Ermənistan rəhbərliyi isə 44 günlük fiaskodan nəinki nəticə çıxarır, əksinə, revanşizmdən dəm vurur, silahlanmağa çalışır, xalqını fəlakətə sürükləyir. Prezident İlham Əliyevin son müsahibəsində dediyi kimi, Ermənistanda tüğyan edən azərbaycanofobiya, islamofobiya psixi xəstəlik dərəcəsinə çatıb.

Ermənistan hakimiyyəti, eləcə də, revanşist əhval-ruhiyyədə olan kəsim görən nəyə və kimə arxalanıb yeni müharibədən, torpaqları geri qaytarmaqdan dəm vurur? Sözsüz ki, bu bəyanatlar daxili auditoriyaya hesablanır. Cəmiyyətdə hökm sürən pessimist əhval-ruhiyyəni aradan qaldırmağa çalışırlar. Lakin bu əhval-ruhiyyədə olan kəsim heç olmasa arada müharibədə iştirak edən hərbçilərin, sadə vətəndaşların fikirlərinə qulaq asırmı? Özü də onların qan donduran, dəhşətli etiraflarını erməni və yaxud rus mediası deyil, Qərb nəşrləri dilə gətirir.

Dünyaca məşhur BBC-nin hazırladığı son videoreportajda rəyi soruşulan vətəndaşların fikirləri erməni cəmiyyətinin hansı durumda olduğunu göstərir. Kanala müsahibəsində erməni sakinlərdən bəziləri düşmən olaraq Azərbaycandan çox Rusiyanı ittiham edir, Moskvanı onlara xəyanət etməkdə günahlandırırlar.

“Bu müharibə bizim millət üçün rüsvayçılıq idi. İndi bizim şəhər tamam boşalıb. Ancaq əvvəl tamamilə başqa idi. Hökumət üçün deyə bilmərəm. İnsani baxımdan bu, bizim üçün böyük faciədir, lakin çoxları bundan dərs almadı”, – deyə erməni sakin vurğulayır. Ardınca da əlavə edir ki, “Azərbaycan necə deyirdi, elə də etdi. Bizimkilər isə hər zaman rusu düşünürdü. Rus isə son məqamda gəlmədi. Həmişə olduğu kimi, yenə öz müttəfiqinin hayına çatmadı. Çox böyük və ağır dövr yaşadıq. Ən ağır olanı odur ki, zaman da bu yaranı sağaltmayacaq. Böyük və yaxşı bir nəsil itirdik”.

Başqa bir erməni sakin isə hakimiyyəti cəmiyyətdə düşmənçilik yaratmaqda ittiham edir. “Biz özümüzə gələ bilirik heç? Yeni hakimiyyət əlindən gələni edir ki, erməni erməniyə qarşı nifrət hissi ilə böyüsün”, – deyə qadın sakin kanala müsahibəsində deyir. Onu da əlavə edir ki, Ermənistan heç bir ölkə ilə olmamalıdır, diaspor vətənə dönməlidir.

Bu günün ən dəhşətli erməni reallığını isə Qarabağ müharibəsində qolunu itirən erməni Vladimir Vardanyan adlı hərbçi açıqlayır:

“Əgər üçtərəfli saziş olmasaydı, indi Qarabağda bir erməni belə qalmayacaqdı. Sonradan Ermənistana qayıdanlar indi olmayacaqdılar, çünki arxa məhv edilmişdi, imkan yox idi. Onların qarşısını almaq mümkün deyildi. Şuşanı almaq bilirsiniz ki, asan deyildi, ancaq Azərbaycan bunu etdi. Azərbaycanlılar Xankəndini də alacaqdılar. Şuşadan ora bilirsiniz ki, cəmi beş dəqiqəlik yoldur”. Ardınca da deyir ki, “biz qalib gələ bilməzdik, bu, birmənalıdır. Kimsə elə bilirsə ki, biz bu müharibədən qalib çıxa bilərdik – o nağıl danışır”.

Keçmiş hərbçi Azərbaycan ordusunu nəzərdə tutaraq “o boyda qoşuna qarşı 44 gün döyüşmüşük. Bütöv bir nəsil onların sayəsində torpaq altındadır. Sülh ola bilər, amma ziddiyyətlər daim olacaq. Hər tərəfin öz mövqeyi var. Bu, əsrlərlə davam edə bilər. Bizim daha güzəşt etmək imkanımız yoxdur”, – deyə müsahibəsini pessimist notlarla bitirir.

Bəli, bu və yuxarıda səslənən fikirlər erməni sakinlərinin yalnız bir hissəsinin mövqeyidir. Onlar minlərlədir. Erməni hakimiyyəti heç olmasa arada öz sadə vətəndaşlarının fikirlərinə, səsləndirdikləri reallıqlara nəzər salmalıdır. Anlamalıdırlar ki, bataqlıqdan çıxmağın yeganə yolu başqasının torpaqlarına göz dikməkdən yox, mehriban qonşuluqdan, regional inteqrasiyadan keçir. Axı həyat insana bir dəfə verilir. Azərbaycan torpaqlarını 30 il işğal altında saxladılar. Nə əldə etdilər? İşğal altında olan torpaqlardan sərvətləri daşıyıb apardılar. Nəticə nə oldu? Yenə də ac-yalavac küçələrdədirlər.

Ermənistan hakimiyyəti heç olmasa qorxa-qorxa, onlarla mühafizəçinin müşayiəti ilə getdiyi ölənlərin dəfn olunduğu panteonu yaddan çıxarmasın. Görün vəziyyət nə həddədir ki, baş nazir ölənlərin yaxınları ilə görüşə də bilmir. Erməni cəmiyyətinin ən böyük problemi həm də müharibədə üzləşdikləri məğlubiyyətə görə daxili düşmən axtarışıdır. İsrarla baş nazir Nikol Paşinyanı bütün bəlalarının səbəbkarı, satqın adlandırırlar. Məsələn, erməni ekspert Mtrdat Madatyan özünün “Facebook” səhifəsində yazır ki, “keçən ilin bu günü bu hakimiyyətin xainliyini ortaya qoyacaq bir müharibə başlandı və bu məğlubiyyət planlaşdırılmışdı”. Qeyd edir ki, belə durumlarda hakimiyyət millətin və əsgərin ruhunu qaldırmalı idi. Paşinyan hökuməti isə bunu etməyib.

Beləliklə, Ermənistan hakimiyyəti xəstə duruma saldığı xalqı ilə birlikdə baş verənlərdən nəticə çıxarmalıdır. Reallıqla barışmalı, mehriban qonşuluq və regional inteqrasiyaya aparacaq yolla getməlidir. Onlar bilməlidirlər ki, əks yolu seçmək erməni dövlətçiliyinin məhvinə gətirib çıxaracaq.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki