image-970_50
image-1618055830_32c1160391e4e7a4e86b40a92e658f52

Ermənişünas alim: “Putin bilir ki, Köçəryanı və Sərkisyanı müdafiə etmək Rusiyanın zərərinə işləyəcək”

image-728_90
“Ermənistandan gələcək təklifləri yaxşıca analiz etməliyik…”
“Birmənalı şəkildə bildirmək olar ki, Ermənistanda istənilən hakimiyyət dəyişikliyi 10 noyabr və 11 yanvar razılaşmasından imtina edilməsinə gətirib çıxarmayacaq. Bu, dövlətin götürdüyü öhdəlikdir, Paşinyanın yox”.
Ermənişünas alim Qafar Çaxmaqlı bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi.
Növbədənkənar seçkilər ərəfəsində N.Paşinyana qarşı basqılardan bəhs edən bəzi ekspertlər bu proseslərin bir oyun olduğu barədə də ehtimal irəli sürürlər. Hesab olunur ki, ermənilər Paşinyanı “günah keçisi” kimi hakimiyyətdən uzaqlaşdırmaqla götürdükləri öhdəliklərdən imtina etmək fikrinə düşə bilərlər. Q.Çaxmaqlı isə bu fikirdədir ki, öhdəliklərdən imtina bölgədə yeni bir müharibənin başlanmasına səbəb ola bilər: “Ermənistan isə buna ən azından hazır deyil. Orada səslənən revanşist fikirlərə baxmayın. Ermənistanda heç kim yeni bir müharibə istəmir. Hətta deyirlər ki, yeni müharibə Ermənistan dövlətinin sonunu gətirər. Putin demədimi ki, bu Ermənistanın intiharı olardı? Ermənistanın özündə də bu məsələ, kommunikasiya xətlərinin, Zəngəzur dəhlizinin açılıb-açılmaması məsələsi müzakirə edilir, amma onun kommunikasiya xətlərinin açılmasına təsir edəcəyi və bundan hakimiyyətin imtina etməsi kimi bir variantın olduğunu heç bir ağla başında olan siyasətçi dilə gətirmir”.
Ekspertin sözlərinə görə, müzakirələr əsasən o ətrafda olur ki, Ermənistan bu inteqrasiyalardan nə qazanacaq: “Bunun da artıq alternativinin olmadığı fikri bərkiyir ki, Ermənistan sərhədlərini də qonşu ölkələrin üzünə açmalıdır. Amma nə vaxt? Belə düşünənlər var ki, kapitulyasiya imzalamış dövlətin indiki zəif durumunda onun iqtisadiyyatını tamamilə öz kontrolu altına almaq imkanını Türkiyə ilə Azərbaycana vermək olmaz. Ermənistanın ağır durumundan istifadə edib onu daha da çökdürmə siyasəti yürüdülə bilər. Hər halda belə deyirlər. Amma fərqli çıxış yolu söyləyən yoxdur. Ermənistanın beləcə qapalı vəziyyətdə qalması və Azərbaycan və Türkiyəsiz inkişaf etməsi isə artıq mümkün deyil. Paşinyan və ya onun yerinə gələn adam bu reallıqla hesablaşmalıdır. Hələ bir qədər sonra İcevan dəmir yolunun işə salınması təşəbbüsü olacaq. Özü də bunu Ermənistan edəcək. Mənə elə gəlir ki, Ermənistandan gələcək təklifləri biz yaxşıca analiz etməliyik. Onlara nəfəslik vermək, dövləti çöküşdən qurtarmaq nə dərəcədə bizim strateji hədəflərimizə uyğundur?”
Q.Çaxmaqlı hesab edir ki, son vaxtlar meydanda görünməyə çalışan eks-prezident Robert Köçəryan hakimiyyətə yenidən dönmək üçün bir sıra açıq və gizli danışıqlar aparıb: “Ehtimal ki, Putinin özü ilə də. Amma Ermənistanda bu adam o qədər hörmətsiz birisidir ki, hətta keçmiş silahdaşları belə, onun dönüşünü istəmirlər. O, bir sıra cinayətlərə əl atıb. Yalnız Azərbaycan xalqının deyil, öz xalqının cəlladı kimi ad çıxarıb. İndi uğursuz reabilitasiya cəhdləri etsə də, onu Rusiyanın özü yaxın qoymaz. Putin bilir ki, onu və Serj Sərkisyanı müdafiə etmək Rusiyanın zərərinə işləyəcək. Putin Paşinyanın yerinə axtarışlarında köhnələrə üstünlük vermir. Ötən günlərin birində Ara Abrahamyanın adını önə çıxardılar. Toplumu yoxlamaq üçün. O da dövlət başçısı özəlliklərinə malik adam deyil, rus kriminal dünyasının mənsubudur”.
Ekspert hesab edir ki, Poznerin proqramında Köçəryanın dediklərinin bir çoxu onun öz fikirləri deyil: “Bunlar da Moskvadan gəlir, onu dedizdirirlər. Bəzi hallarda Azərbaycana mesaj verirlər, toplumun fikrini öyrənmək istəyirlər. Dağlıq Qarabağla bağlı yeni danışıqlar aparmaq üçün Köçəryanı ortaya atmaları da yeni bir taktikadır”.
Politoloq deyir ki, Türkiyənin Ermənistan üçün təhdid olduğunu da deməsində qəribə heç bir şey görmür: “Bütün ermənilər belə fikirləşə bilərlər. Amma Türkiyə haqqı olduğunu almaq üçün Cənubi Qafqazdadır və o, buradadırsa, artıq nə ermənilərin, nə onların havadarlarının istədiyi olmayacaq. Zəngəzur dəhlizi ilə bağlı da onun fikirləri anlaşmaya qarşıdır. Bu adam elə bilir ki, həmin fikirləri səsləndirməklə Rusiyanın, Türkiyənin fikrini dəyişdirəcək. Bu dəhliz ya olacaq, ya olacaq. Bunun başqa yolu yoxdur”.
image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki