Əsrlər boyu Azərbaycan və Gürcüstan xalqları sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar
Tarixi Zəfərimizin reallıqları digər sahələr kimi, xarici siyasət uğurlarımızda da özünün aydın ifadəsini tapır. Dünyanın müxtəlif dövlətləri ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsi, yeni prioritetlər üzrə inkişaf etdirilməsi diqqətdən kənarda qalmır. Azərbaycan qonşu ölkələrlə əməkdaşlığa xüsusi önəm verir. Bu baxımdan Azərbaycan-Gürcüstan əlaqələri başqa ölkələrə qonşuluq münasibətlərində nümunə göstərilir. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri dərin köklərə söykənən tarixi ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulub. Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq əlaqələri müttəfiqlik səviyyəsinə yüksəlib. Tarixə nəzər salsaq dövlətlərimiz arasında əlaqələrin zəngin tarixə malik olduğunu görərik. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub, qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri dinamik inkişaf edir. Ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq mövcuddur. Münasibətlərimizin bugünkü inkişaf səviyyəsinə çatmasında möhkəm təməl əhəmiyyətli rol oynayır. Bu məsələdə Ümummilli Lider Heydər Əliyevin və Gürcüstanın keçmiş Prezidenti Eduard Şevardnadzenin rolunu xüsusi qeyd etməliyik. Onlar arasında dostluq münasibətləri əlaqələrimizin yüksələn xətlə inkişafına stimul oldu.
Əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. Bu gün də bu, belədir. Dövlətlərarası münasibətlər də yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır.” Ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə mətbuata birgə bəyanatında dövlət başçısı İlham Əliyev onu da bildirdi ki, prezident vəzifəsinə seçiləndən sonra ilk rəsmi səfərinizi Azərbaycana etməyinizdən çox şadam. Biz bunu Azərbaycanda çox yüksək qiymətləndiririk. Bu, bir daha Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir.
1996-cı ildə imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimizin strateji tərəfdaşlığının təməlini qoyan sənəddir. Bu günədək iki dost ölkə arasında onlarla sənəd imzalanıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, 1996-cı ildə isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu fəaliyyətə başlayıb. Siyasi əlaqələrimiz də uğurla inkişaf edir. Yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır. İki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir.
Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc
Atılan hər bir addım iki dost ölkənin əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir
Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdikləri neft-qaz, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir. Bu layihələr nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan da daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Prezident İlham Əliyev bu reallığı da diqqətə çatdırdı ki, nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır.
Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də iki dost, qardaş, qonşu ölkənin birgə marağında olan məsələdir. Bu məsələnin uğurlu həllinə həm Gürcüstan, həm də Azərbaycan öz töhfəsini verir. Uzun illər Cənubi Qafqazın münaqişə, müharibə arenasına çevrildiyini qeyd edən dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə etdi ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq.
Atılan hər bir addım iki dost ölkənin əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. Qarşılıqlı səfərlərin dinamikliyi, yeni istiqamətlərin müəyyənləşməsinə xidmət edəcək sənədlərin imzalanması əlaqələrin inkişafında stimulverici amildir. Azərbaycanla Gürcüstan arasında siyasi əlaqələr qonşular üçün nümunə ola bilər. İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan və Gürcüstanın birgə həyata keçirdikləri neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Azərbaycan qaz ixracının coğrafiyasını genişləndirməyi hədəfləyib. Gürcüstan isə öz növbəsində bu hədəfə yüksək səviyyədə nail olmaq üçün Azərbaycana dəstək verir. Azərbaycanla Gürcüstan yaşıl enerji layihələrini də uğurla həyata keçirirlər. Yaşıl enerjiyə keçid hazırkı dövrün əsas çağırışıdır. Bu gün yaşıl enerji beynəlxalq bazarda böyük maraq doğurur, buna böyük tələbat var. Prezident İlham Əliyev bu əminliyi də ifadə etdi ki, bütün digər layihələr kimi, yaşıl enerji layihələri də uğurla həyata keçiriləcək. Orta Dəhliz layihəsi hazırkı dövrdə əsas müzakirə mövzusudur. Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır.
İki ölkə arasında əlaqələr bütün sahələri əhatə etməklə yanaşı, ildən-ilə daha da möhkəmlənir. Gürcüstan Prezidenti Mixeil Kavelaşvili mətbuata bəyanatında bildirdi ki, bu, mənim Gürcüstan Prezidenti kimi ilk xarici səfərimdir. Bu səfərdə Gürcüstanla Azərbaycan arasında strateji və xüsusi mehriban qonşuluq münasibətləri vurğulanır. Bu vəzifəyə seçildikdən sonra tezliklə Azərbaycana səfər etmək mənim üçün vacib idi. Bizim dostluğumuz qarşılıqlı hörmətə və bir-birimizin milli maraqlarının nəzərə alınmasına əsaslanır. Biz münasibətlərdə güvənməyin nə qədər vacib olduğunu başa düşürük və sözümüzün dəyərini bilirik. Bizi xilas edən və bu günə çatdıran bir sıra yazılmamış qanunlarımız, dəyərlərimiz var. Ona görə də Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığı bu qədər xüsusi və nümunəvidir.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc