“Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var”
Dil hər bir xalqın milli sərvəti, mənəvi varlığının simvolu, həyat tərzinin ifadə formasıdır. Bütün fəaliyyəti boyu dilimizin inkişafının qayğısına qalan, Azərbaycan dilinin dövlət dili statusu almasında böyük xidmətləri olan Ulu Öndər Heydər Əliyev Azərbaycan dilindən danışarkən “Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var,” – demişdir.
Tarixin çətin sınaqlarından uğurla çıxan Azərbaycan xalqı müxtəlif illərdə məruz qaldığı istilalara, təzyiqlərə baxmayaraq, öz ruhunun təzahürü olan bu müqəddəs əmanəti, ana dilimizi nəinki qoruyub saxlamış, həm də inkişaf etdirmişdir.
Ana dili millətimizin təsdiqini və milli özünüdərkini müəyyənləşdirən əsas amillərdən biridir. Milli-mənəvi sərvətimizdən, mənəviyyatımızdan bəhs olunanda, ilk növbədə, ana dilimiz yada düşür. Əgər bir xalqın ana dili yoxdursa, demək, həmin xalqın özü də yoxdur.
Dil həm də mənsub olduğu xalqın tanınmasında əhəmiyyətli rol oynayan mühüm amillərdən biridir. Bu mənada onun təbliğ edilməsi, beynəlxalq aləmdə nüfuzunun artırılması olduqca vacibdir. Qürurverici haldır ki, dövlətimizin nüfuzu artdıqca dilimizin mövqeyi də güclənir. Bu gün Azərbaycan dili dünyanın müxtəlif universitetlərində tədris olunur. Ayrı-ayrı xalqların nümayəndələri milli dilimizə maraq göstərir, onu öyrənməyə çalışırlar.
Dilimizin dərin bilicisi olan Heydər Əliyevin ana dilinə olan böyük sevgi və qayğısı bu gün hər bir azərbaycanlı üçün əsl örnək olmalıdır.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə
70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi
70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir.
1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.
Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Tavad Qurbanova
Xalqı xalq edən , milləti millət edən onun ana dilidir
Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Ümummilli Lider Heydər Əliyevin xalqımız üçün göstərdiyi misilsiz xidmətlərindən biri də xalqımızın ana dilinin qorunub saxlanması və inkişafı sahəsində fəaliyəti olmuşdur.
Ulu Öndər Heydər Əliyevin ana dilimizin qorunması üzrə siyasi xəttinə sadiqlik Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Prezident İlham Əliyev tərəfindən 2004-cü il yanvarın 12-də imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanırAzərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi, Azərbaycan Milli Ensiklopediyasının və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin nəşri ana dilimizin hərtərəfli geniş tətbiqini mütərəqqi şəkildə gerçəkləşdirib:
Azərbaycan dilinin qorunmasına xidmət edən Dövlət Proqramını da xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyev 2013-cü ildə imzaladığı sərəncamla təsdiq olunan Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Bu gün də bu istiqamətdə önəmli işlər görülür, araşdırmalar aparılır. Prezident İlham Əliyevin də vurğuladığı kimi “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”. Azərbaycan dövləti bu dəyərlərə yüksək qiymət verir. Azərbaycan dilinin istifadəsinə və tədqiqinə xüsusi dövlət qayğısı mövcuddur.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova