28-31 oktyabr 2021-ci il tarixlərində Azərbaycan Milli Karate Federasiyasının təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında 21-ci respublika çempionatı keçirilib.
Turnirdə 30 komandadan 300-ə yaxın idmançı mübarizə aparıb. Yarışda FHN-nin İdman-sağlamlıq klubunun karate komandasının 8 idmançısı mübarizə apararaq yüksək nəticələrə nail olublar. Belə ki, 14-15 yaş kişilər arasında karate komandasının üzvü Nihad Kərimzadə şəxsi kumite yarışlarında bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qadınlar arasında isə şəxsi kumite yarışlarında Mədinə Baratzadə 2-ci, Vəsilə Hacıyeva 3-cü yerə layiq görülüb.
16-17 yaş qadınlar arasında şəxsi kata yarışlarında Samirə Məmmədova qızıl medal, kişilər arasında isə şəxsi kata yarışlarında Nihad Məmmədzadə gümüş medalın sahibi olub.
18-21 yaş kişilər arasında şəxsi kumite və kata yarışlarında Xəyal Məmmədov və şəxsi kumite yarışlarında Kənan Babayev 3-cü, qadınlar arasında isə şəxsi kata yarışları üzrə Samirə Babayeva 2-ci yeri qazanıb.
İdmançıların ilk məşqçiləri 1-ci dan qara kəmər sahibi Coşqun Sadıqov, əməkdar məşqçilər və 6-cı dan qara kəmər sahibləri Akif Kərimov və Rafael Məmmədov, hazırkı şəxsi məşqçiləri isə Əməkdar idman ustası, FHN-nin İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayevdir.
2 noyabr 2021-ci il tarixində F.Musayev və klubun əməkdaşları çempionatda uğur qazanmış idmançılar və məşqçi müəllimlər ilə görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıblar.