Rusiyanın federal subyektlərinin hamısı bir tərəfə, Çeçenistan bir tərəfədir. Bu muxtar respublika artıq dövlət içində dövlətdir, öz qanunları, öz qaydaları var.
Belə görünür ki, Çeçenistanın hüquq-mühafizə orqanları, digər nazirlik və komitələri Moskvaya, federal strukturlara nəinki şaquli şəkildə tabe deyillər, bəzən heç üfiqi şəkildə də tabeçilik göstərmirlər.
Məsələn, Çeçenistan polisi Rusiyanın digər federal subyektinin ərazisinə girə, əməliyyat keçirə, hədəfə götürdüyü şəxsi gecəylə həbs edə, oğurlayıb Qroznıya gətirə bilər, amma federal polis hansısa cinayətkar çeçeni Kadırovdan icazə almadan Qroznıda həbs edib Moskvaya apara bilməz.
Çeçenistan belə bir “müstəqilliyə” malikdir. Rusiya Federasiyasının prezidenti Vladimir Putin Çeçenistanın rəhbəri Ramzan Kadırova məhz bu cür müstəsna hüquq və səlahiyyətlər verib. Ona görə də Kadırov özünü firon Ramzes kimi aparır: övladlarını yüksək dövlət vəzifələrinə təyin edir, qohumlarına biznes şəraiti yaradır, teypini (tayfasını) çeçen xalqının fövqünə qoyur, rəqiblərini istədiyi kimi cəzalandırır və sair və ilaxır.
Kadırovun bu günlərdə Dağıstandan olan senator-milyarder Süleyman Kərimova, eləcə də Dövlət Dumasının deputatları Bexan Baraxoyev və Rizvan Kurbanova qarşı qan davası elan etməsi artıq bütün əndazələrin aşılmasıdır.
Axmatoviç bu iddiasında haqlı ola bilər, bəlkə də adları çəkilən senator və deputatlar doğrudan da Çeçenistan rəhbərini necəsə sıradan çıxarmaq istəyiblər, amma bu, “qan davası” elan etməyə əsas verirmi? Bəs dövlətin qanunları haqrada qaldı?
Qan davası nə deməkdir ki? Şərqdə “qan davası” deyiləndə tayfalararası silsilə qəsdlər, terror aktları nəzərdə tutulur. Bir tayfanın cigitləri o birinin tayfanın saytal mənsubunu öldürür, sonra o biri tayfanın dəliqanlısı bu biri tayfanın ən qoçaq adamını öldürür. Beləcə, qan düşməni olan tayfalar bir-birinin soyunu tükətmək uğrunda döyüşür, əllərinə düşən fürsəti boşa vermirlər.
Qan davası budur və bunu muxtar respublikada özünə “müstəqil səltənət” qurmuş dövlət adamı elan edibsə, demək, orada dövlət yoxdur, mafiya klanı var.
O biri tərəfdəkilər də xırda adamlar deyil. Onların da arxasında öz tayfaları durur. Süleyman Kərimova nəinki öz tayfası, eləcə də Dağıstan Respublikası dəstək verir. Dünən bu respublikanın rəhbərliyi Kərimovu “Dağıstanın 1 nömrəli fəxri vətəndaşı” elan edib. Bu, Kadırova mesajdır ki, Kərimov tək deyil, əgər o qan davası elan edibsə, qarşısında bütün Dağıstanı görəcək.
Görünür, elə buna görə Dağıstanın müftisi Abdulla Səlimov bəyan edib ki, Kadırovla Kərimovun intriqasına ictimaiyyəti qatmaq olmaz. Fəqət artıq gecdir. Ehtiraslar qızışıb və bir zamanlar rus ekspansiyasına qarşı bir səngərdə vuruşan Şimali Qafqaz xalqları öz aralarında haqq-hesab çürütmək xəyalına düşüblər.
Kadırovun “qan davası” elan etdiyi deputatların inquş əsill olması Şimali Qafqazdakı gərginliyi daha da artırır. İnquşlar da sırf bu “qan davası” elanına görə öz deputat soydaşlarının müdafiəsinə qalxıb, 30 il öncəyə qədər eyni muxtar respublikada təmsil olunduqları çeçenlərlə düşnüşüblər. Bir neçə gün öncə hansısa bir təxribatçı sosial şəbəkədə çağırış edib ki, çeçenlərin avtomobillərinin qabağını kəsmək, kişi sürücü və sərnişinlərin saç-saqqalını qırxmaq lazımdır. Bircə belə hadisə kifayət edər ki, çeçenlər və inquşlar səngərə girib atışsınlar, araya qan düşsün, vətəndaş müharibəsi başlasın.
Şimali Qafqazda vəziyyətin bu yerə çatması, bölgənin qan ocağına dönməsi Moskvanın, Putinin gözü qabağında baş verir. Kreml hadisələrin gedişatını öz axarına buraxmış kimi görünür.
Belə bir versiya var ki, bu, Kremlin çoxdan istifadə etdiyi, qədimlərdən məşhur olan “parçala, hökm sür” siyasətidir. Ola bilər ki, belədir. Amma buna ehtiyac vardımı? Onsuz da Şimali Qafqazdakı digər respublikalar Moskvaya sadiqdirlər. Hətta Çeçenistan özü də özünü nə qədər ötkəm aparsa da, separatizm təmayülündən uzaqdır. Kadırov Rusiyanın içində belə Bruney sultanı kimi hökmranlıq edə bilirsə, ona Çeçenistan xalqının müstəqil dövlətçiliyə malik olması lazım deyil.
Ancaq Şimali Qafqazda milli zəmində qanlı ixtilaf yaransa, bu, bütün Qafqaza təsir edəcək – şimalına da, cənubuna da.