Fransa milli komandasının futbolçusu Antuan Qrizmann bu il Qətərdə keçiriləcək dünya çempionatının favoritlərini açıqlayıb.
“Report”un məlumatına görə, icarə əsasında Madrid “Atletiko”sunda çıxış edən 31 yaşlı hücumçu İspaniya və Fransanı da mundialın qalibi olmağa namizədlər sırasında gördüyünü bildirib. Müqavilə üzrə “Barselona”ya məxsus forvard eyni zamanda Braziliya və Argentinanın adını çəkib.
Qrizmann hələ DÇ-2022-dək vaxtın qaldığını və ehtiyatı qoruduqlarını söyləyib: “Bizim yaxşı komandamız var, ardıcıl 9 oyundur uduzmuruq. Bu, yaxşı əlamətdir. Xüsusən ona görə ki, dünya çempionatı zamanı hər şey çətin olur”.
Qeyd edək ki, DÇ-2022 21 noyabr – 18 dekabrda keçiriləcək. Son dünya çempionu Fransa D qrupunda Danimarka və Tunislə birlikdə yer alıb. Dördüncü komanda isə Peru, Avstraliya və ya BƏƏ olacaq.