Gələcəkdə bu faciələrdən sığortalanmaq üçün erməni faşizminə dünya miqyasında mütləq layiqli qiymət verilməlidir
Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsindən sonra 31 mart soyqırımına siyasi və hüquqi qiymət verilib. Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların soyqırımı günü elan edilib. Fərmanda qeyd edilir ki, “1918-ci ilin martından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir.”
Ulu Öndərin tarixi Fərmanından sonra ermənilər tərəfindən törədilən soyqırımı cinayətlərinin öyrənilməsi istiqamətində mühüm işlər görülməyə başlanıb; tarixi tədqiqatlar, araşdırılmalar aparılıb, çoxlu əsərlər yazılıb və xarici dillərə tərcümə olunub.
Hal-hazırda tarixi həqiqətlərin, habelə 31 mart soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılması yönündə sistemli iş aparılır. 2007-ci ildə aşkarlanmış və 31 mart soyqırımının faktiki sübutuna çevrilən Quba kütləvi məzarlığında 2013-cü ilin sentyabrında Quba Soyqırımı Memorial Kompleksinin açılışının olması bu baxımdan böyük əhəmiyyətə malikdir. Abidə-muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında – Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhaliyə qarşı ermənilərin törətdikləri soyqırımı faktlarla öz əksini tapmışdır.
Quba Soyqırımı Memorial Kompleksinin açılışında çıxış edən Prezident İlham Əliyev bildirib ki, soyqırımı nəticəsində öldürülən insanlar müxtəlif dinlərin, müxtəlif millətlərin nümayəndələridir. Onların ermənilər üçün bir günahı var idi ki, onlar erməni millətindən deyildilər: “Gələcəkdə bu faciələrdən sığortalanmaq üçün erməni faşizminə dünya miqyasında mütləq layiqli qiymət verilməlidir. Ancaq əfsuslar olsun ki, ədalətsizlik bu günə qədər davam edir”.
Cənab Prezident İlham Əliyev, həmçinin 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamış və bu qanlı tarixin 100 illiyi xüsusi diqqət yetirilərək qeyd edilmişdir. Hər il həm 1918-ci il soyqırımının, həm də Xocalı Faciəsinin ildönümlərində anım mərasimləri, ümumxalq yürüşləri, tədbirlər, konfranslar keçirilir, xarici ölkələrin parlamentlərinə, hökumətlərinə, beynəlxalq təşkilatlara soyqırımı ilə bağlı onlarla müraciətlər edilir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyində 44 günlük Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə yekunlaşması və torpaqlarımızın işğaldan azad olunması; bu minvalla işğaldan azad olunmuş torpaqlara xarici ölkələrin dövlət və hökumət nümayəndələrinin, müxtəlif beynəxalq təşkilatların nümayəndələrinin mütəmadi təşkil olunan səfərləri; onların erməni millətçiləri tərəfindən törədilən vəhşiliklərin real izləyicisinə çevrilməsi – ermənilər tərəfindən törədilən cinayətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılmasında yeni imkanlar ortaya qoyaraq, dövlətimizin erməni vəhşiliyinə beynəlxalq müstəvidə lazımi siyasi-hüquqi qiymət verilməsinə nail olunması istiqamətindəki işlərinə çox böyük töhfə verir.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc
1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti parlamenti 31 martın azərbaycanlıların soyqırımı günü kimi qeyd edilməsi haqqında qərar qəbul etdi
Hər bir xalqın tarixində silinməz izləri olan, heç vaxt unudulmayacaq hadisələr olur. Millətlər gələcək inkişaflarını müəyyən edərəkən məhz həmin hadisələrə onun nəticələrinə istinad edirlər. Azərbaycan xalqının da heç vaxt yaddan çıxarmayacağı, daim öyrənəcəyi və dünyaya bəyan edəcəyi belə milli faciələri vardır. Onlardan biri də 1918-ci ilin Mart soyqırımıdır. Dinc əhalini kütləvi və amansız şəkildə qətlə yetirilməsi ilə müşayiət edilən erməni vəhşiliyinin bariz nümunələrindən olan Mart soyqırımından 106 il keçir. 1918-ci il 31 mart gecəsi Bakıda erməni daşnakları tərəfindən 20 minə yaxın dinc azərbaycanlı milli və dini mənsubiyyətinə görə qətlə yetirildi. Səbəb onların azərbaycanlı və müsəlman olması idi. Erməni bolişevik Stepan Şaumyanın rəhbərliyi altında erməni quldur dəstələri təkcə insanları qətlə yetirmirdilər, həm də bir çox dini və mədəni abidələrimizi yerlə-yeksan etmişdilər.
Hədəf bütövlükdə bir xalqı tam olaraq soyqırımı etmək, qədim mədəniyyətini, tarixini Yer üzündən silmək və özgə ərazisində yeni dövlət qurmaq idi. Ermənilər öz çirkin əməllərini 31 martdan sonra da davam etdirdilər. Onlar Azərbaycanın müxtəlif yerlərində kütləvi qırğınlar həyata keçirdilər, şəhərlərimizi, yaşayış yerlərimizi viran qoydular. Martın 31-də Şamaxı qəzasında, eləcə də Qubanın kəndlərində də minlərlə günahsız azərbaycanlı qanlarına qəltan edildilər. Daşnaklar Lənkəranda, Muğanda və Dağlıq Qarabağda da on minlərlə insanı vəhşicəsinə qətlə yetirdilər, kəndlərimizi yandırdılar. 1918-ci ilin yayında Şərurda və Naxçıvanda, Zəngəzurda minlərlə azərbaycanlı, 50 mindən çox soydaşımız evlərindən didərgin düşməsi də soyqırımı prosesinin davamı idi.
2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı. Azərbaycan dövləti kütləvi məzarlığın tapıldığı ərazidə Quba Soyqırımı Memorial Kompleksi inşa etdirdi. Bu gün həmin Memorial Kompleks azərbaycanlıların, ölkəmizə gələn xaricilərin ziyarət yerinə çevrilib.
Məqsəd Rusiya çar imperiyasının süqutundan istifadə edərək müsəlmanları yox etməklə Azərbaycan torpaqları üzərində erməni dövləti qurmaq idi.
1919-cu ildə AXC parlamenti 31 martın azərbaycanlıların soyqırımı günü kimi qeyd edilməsi haqqında qərar qəbul etdi. Təəssüf ki, cümhuriyyətimizin ömrü uzun olmadı. Azərbaycanı işğal edən sovet Rusiyası hər vəchlə bu faciəni xalqımızın yaddaşından silməyə çalışırdı. Təəssüf ki, bu işdə onlara sapı özümüzdən olan baltalar da kömək edirdilər. Azərbaycanlı bolişeviklər daşnakların əməllərinə qiymət vermək əvəzinə, baş verənləri “sosializmin yayılması naminə təmizləmə” kimi qələmə verməyə çalışdılar. Amma xalqımız öz keçmişini unutmadı, dəhşətli hadisəni yeni nəsillərə bəyan etdik, dünyaya yaydıq.
Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc