Gənclərin keçdiyi inkişaf yolunu təhlil edərkən ilk olaraq göz önünə onların milli ruhda, vətənpərvərlik ruhunda tərbiyəsi gəlir
Müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan birini də cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edən gənclərin potensialından səmərəli istifadə təşkil edir. Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır. Gənclər siyasəti sahəsində atılan addımlar və qəbul olunan qərarlar Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür. Dövlət başçısı İlham Əliyevin 2020-ci ildə Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında ona ünvanlanan “Azərbaycanda gənclərin sayı çoxdur və onlar küçəyə çıxsa və eşidilmələrini tələb etsə, İlham Əliyev onlara nə deyər” sualına cavabını xatırlatmaq istərdik. Prezident İlham Əliyev bu suala cavab olaraq bildirmişdir ki, gənclərin nə istədiklərini dinləyərdi. Lakin fakt ondan ibarətdir ki, Azərbaycan gəncləri küçələrdə deyil, gənclər universitetlərdə, məktəblərdədir, gənclər startup biznesindədir, gənclər hökumət məsələlərinə fəal cəlb olunublar. Dövlət başçısı onu da əlavə etmişdir ki, dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə görə baş verir. Azərbaycanda biz həmişə sözümüzə əməl edirik. Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır. Cənab İlham Əliyevin bu fikirləri Azərbaycan gəncinin dünəni, bu günü və gələcəyi ilə bağlı atılan addımların ümumi mənzərəsini təqdim edir. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında belə bir tarixi vəzifəni qoymuşdur ki, hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.
Gənclərin keçdiyi inkişaf yolunu təhlil edərkən ilk olaraq göz önünə onların milli ruhda, vətənpərvərlik ruhunda tərbiyəsi gəlir. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi gənclərin qarşısında duran problemlərin həllinə münasibətin köklü surətdə dəyişməsinə imkan yaratdı və onları vahid azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşdirdi.
Ümummilli Lider Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin gənclərin gələcəyi ilə bağlı atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Əsas məqsəd gənclərimizin dilimizi, tariximizi, milli-mənəvi dəyərlərimizi öyrənmələri və gələcək nəsillərə çatdırmalarıdır. Təsdiqlənən Dövlət Proqramları gənclərimizin hərtərəfli inkişafı üçün yol xəritəsidir.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri