Gender siyasəti.
Müasir dünyamızda istənilən cəmiyyətin inkişafında duran əsas məqamlardan biri tək güclü yox, həm də zərif cinsin nümayəndələrinin ictimai fəallıq dərəcəsindən və bunun üçün yaradılan şəraitdən asılıdır. İradə və mərdliyi, saflığı və sədaqəti, zəka və müdrikliyi ilə seçilən Azərbaycan qadını tarix boyu cəmiyyətimizin milli-mənəvi dəyərlər sisteminin formalaşaraq inkişaf etməsində müstəsna rol oynayıb və oynamaqdadır. Bu mənada təsadüfü deyil ki, zəngin bir keçmişə malik Azərbaycan xalqının tarixində adını qızıl hərflərlə əks etdirən qadınlarımızın sayı kifayət qədərdir.
Dövrümüzdə Azərbaycan qadınının cəmiyyətdə oynadığı rol daha da yüksəlib və zərif cinsin nümayəndələri ana olmaqla yanaşı, dövlət idarəçiliyində, qanunvericilik aktlarının formalaşmasında, diplomatiya aləmində, mədəniyyət sahəsində, elmdə, təhsildə, səhiyyədə və digər mühüm sferalarda öz sözünü deməkdədir. Bunun ən önəmli səbəblərindən biri Azərbaycanın milli-mənəvi dəyərlər sistemi ilə bağlıdırsa, digər vacib məqam isə dövlətimiz tərəfindən həyata keçirilən qadın, gender siyasətidir. Müstəqil Azərbaycanın yeni tarixində bu siyasətin banisi Ümummilli lider Heydər Əliyev olub. Ümumiyyətlə ulu öndər fəaliyyətində qadın hüquqlarının təminatı, onların üzləşdiyi problemlərin həllində daim prinsipal göstərib.
Hazırda ölkəmizdə qadın siyasəti prioritet istiqamətlər sırasındadır. Ulu öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyev qadınların cəmiyyətin həyatında fəal iştirakına yönələn siyasəti uğurla aparmaqda, buna xidmət edən hüquqi bazanı zamanın tələblərinə uyğun daha da zənginləşdirməkdədir. Hər il Beynəlxalq Qadınlar Günü münasibtilə cənab Prezident İlham Əliyevin Azərbaycan xanımlarına ünvanladığı təbrikdə qadınların cəmiyyətdə oynadıqları rola yüksək qiymət verilir, onların fəaliyyəti təqdir olunur.
Azərbaycan qadınının sosial fəallığının yüksəlməsində, respublikamızın dinamik inkişafının təmin edilməsinə özünəməxsus töhfələr verməsində, beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil etməsində ümummilli liderin adını daşıyan, xeyirxah, nəcib əməlləri yaşadan Heydər Əliyev Fondunun da fəaliyyəti misilsizdir. Fonda rəhbərlik edən, ölkənin ictimai həyatında xüsusi fəaliyəti ilə seçilən, real əməlləri ilə ölkəmizin birinci xanımı olduğunu sübuta yetirən respublikanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva müasir Azərbaycan qadınının ən yüksək keyfiyyətlərini özündə layiqincə təcəssüm etdirir. Azərbaycanın memarı olan ulu öndər Heydər Əliyevin milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılayan, onun amallarını rəhbər tutaraq fəaliyyət göstərən, ümumbəşəri mədəniyyətə, sülhə öz töhfələrini verən fond Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizin dünya miqyasında daha geniş spektrdən tanınmasına, qədim və zəngin mədəniyyətə, söz, muğam sənətinə malik xalqımızın milli dəyərlərinin qorunmasına və təbliğinə əvəzsiz töhfələr verir.
Bütün bunlar müasir Azərbaycan qadının obrazını, xarakterik xüsusiyyətlərini özündə əks etdirməklə yanaşı, onun cəmiyyətin, ölkənin inkişafında nə dərəcədə mühüm rol oynadığını və bu istiqamətdə verdiyi töhfələrin əvəzsiz bir əhəmiyyətə malik oldğunu bariz şəkildə nümayiş etdirir.
Biz əminik ki, hər zaman olduğu kimi bundan sonra da övladlarımızın milli mənəvi dəyərlərə hörmət, vətənpərvərlik ruhunda tərbiyəsində Azərbaycan qadınları var gücləri ilə çalışacaqlar. Başda Şəhid, qazi, müharibə iştirakçılarının ana, bacıları olmaqla bütün Azərbaycan qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirik. Bayramınız mübarək olsun.
Hikmət Novruzov – Zərdab rayonu Alıcanlı kənd ümumi orta məktəbin müəllimi