image-qanunla-reklam
image-e0c629af4b1e5775faf0269f5b08d58f

Generalın qətli və anti-miqrant isterikasının şiddətlənməsi

image-lady-day-az

Rusiyada general-leytenant İqor Kirillovun ölümü ilə nətcilənən və yeni bir ajiotaja səbəb olan növbəti terror aktının əsas icraçısının miqrant olması bu ölkədə miqrantlara qarşı aparılan açıq-gizli və hərtərəfli savaşı daha da şiddətləndirib.

Zatən, bu xüsusda çoxdan tərəddüd yoxdur, bütün Rusiyanın patriarxı Kirilldən tutmuş parlamentarlara, qubernatorlardan başlamış orta ranqlı məmurlara qədər bütöv bir sistem Orta Asiyadan olan miqrantlara qarşı səfərbər olunublar.

Rusiya mediasının qızışdırıcı və intensiv materialları da bir tərəfdən öz işini görürdü.

Bu ilin mart ayında baş verən “Krokus” teraktından sonra yüz minlərlə asiyalı miqrant Rusiyada deportasiyaya məruz qalıb və ya könüllü şəkildə (əslində isə məcbur qalaraq) Rusiyanı tərk ediblər. Gedənlərlə yanaşı, Rusiyaya gələnlərə də əngəllər yaradılıb.

Rusiya isteblişmentinin gəldiyi qəti qərar belədir ki, Rusiya ərazisində miqrantlar minimal sayda olmalıdır.

Özbək Əhməd Qurbanovun Kirillovu partlatması isə bu prosesin geridönməz xarakter almasını şərtləndirir.

İndi işə hərbçilər və kəşfiyyat ekspertləri də qatılıblar. Onlar deyirlər ki, xarici qüvvələr işsiz-gücsüz miqrantları çox asanlıqla, ucuz qiymətə öz diversiya və terror planlarının icrasına razı sala bilirlər. Belə bir iddia var ki. guya ruslar sırf patriotik mülahizələrlə vətənə xəyanət etmirlər, amma miqrantlar üçün belə bir problem yoxdur.

Daha bir əminlik də müsəlman miqrantların asanlıqla islamçı ekstremistlərin toruna düşməsinə və onların əlində alət olmasına dairdir.

Ona görə də Rusiya dövlətini idarə edənlər hesab edirlər ki, məsələni yerli-dibli həll etmək lazımdır: miqrant yoxdur – probelm də yoxdur.

Əslində rus patriotların bu duruma, düşüncəyə gəlməsinin ciddi səbəbləri də var. Gerçəkdən də təkuşaqlı rus ailələrlə yanaşı, çayldfri (uşaqsız) ailələrin də sayının artmasının fonunda çoxuşaqlı miqrant ailələrin artımı ölkənin demoqrafik tərkibini sürətlə dəyişməkdədir. İri və orta şəhərlərdə, eləcə də qəsəbələrdə icma şəklində yaşayan miqrantlar rus cəmiyyətinə inteqrasiya olunmaqdansa, öz cəmiyyətlərini formalaşdırırdılar. Ayrıca etno-kriminal qruplaşmalar da artıq gözə girir. Heç də bütün miqrantlar Rusiyada halal zəhmətləri ilə pul qazanmaq istəmirlər.

Rus kilsəsinin başçısı bir dəfə miqrantların çoxalması və ötkəm olmalarını “yadellililərin yürüşü” kimi səciyyələndirmiş, rus mədəniyyətinin, dolayısıyla dinin, milli adət-ənənələrin əldən getməsi barədə həyəcan siqnalı vermişdi.

İndi ruslar hesab edirlər ki, miqrantları ölkədən qovmaqla, yeni miqrant kütlələrinin federasiya ərazisinə gəlməsini məhdudlaşdırmaqla həmin prosesi durdura biləcəklər.

Bəri başdan bəllidir ki, bu, olduqca əks-effekt verəcək. İndinin özündə də məlumdur ki, Rusiyada fəhlə çatışmazlığı var, federasiyaya 3 milyon civarında işçi qüvvəsi lazımdır. Bunlar elə ağır işlərdir ki, onda yalnız əlacı kəsilmiş, vətənində məşğulluğu olmayan işsiz miqrantlar çalışa bilər. Yerli adamlar acından ölsələr də, özlərini elə ağır işlərə vermirlər.

Ona görə də iş adamları, iqtisadçılar hökumətin anti-miqrant siyasətindən çox narazıdırlar və bunun necəsə kompensasiya edilməsini istəyirlər. Duma deputatları, guya ki, qovulması nəzərdə tutulan miqrantların əvəzinə yeni, əmək miqrantlarının ölkəyə axınını stimullaşdırmaq üçün qanun qəbul edirlər. Ancaq bu qanunlarda şərtlər o qədər ağırdır ki, onlara ruayət edilsə, Rusiyaya miqrant axını tam kəsiləcək.

Məsələn, Rusiyada yaşamaq və işləmək icazəsi almaq istəyən miqrant rus dilini, Rusiya tarixini, rus mədəniyyətinin incəliklərini bilməlidir. Öz ana dilini ölüm-zülüm bilən, adi ərizə yaza bilməyən yüz minlərlə savadsız, əlindən yalnız fəhləlik gələn miqrantlar birdən-birə rusdilli tarixçimi olacaqlar? Mümkün deyil.

Miqrantları gözləyən yasaqlardan biri də odur ki, onlar Rusiyaya ailələri ilə gəlməsinlər, Spartak dövrünün qulları kimi gəlib baraklarda yaşasınlar, işləsinlər, Rusiyanı varlandırsınlar, “ağ adamlar” isə onları istismar etsinlər.

20-25 il öncə “Qafqaz millətindən olan şəxslər” kateqoriyasına məbsub olan şəxslərə qarşı da belə münasibət vardı. O vaxt ruslar “daxili düşməni” qafqazlıların simasında tapmışdılar. İndi isə orta asiyalıları qaralayıblar.

Bir neçə terrorçuya, lap yüzlərlə seksual manyaka, minlərlə kriminal ünsürə görə milyonlarla miqrantı sıxışdırmaq ksenofobiya, nasizm əlamətidir. Rusiyanı çökdürsə, məhz bu amil çökdürəcək. Ortada doğub-törəmək və işləmək istəməyən, yüngül həyat dalınca qaçmağa meylli bir toplum var. Hamısı ağa olacaqsa, inəklər ortada qalacaq, sağan olmayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki