Gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş qətiyyətli tədbirlər nəticəsində 2022-ci ilin 10 ayı ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 64 fakt aşkar olunub.
Bu barədə Qanunla.az-a Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, bu faktlar üzrə ümumilikdə 904 kq 611 qramdan çox narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən götürülüb. Onların 92,6%-ni daha təhlükəli ağır narkotiklər olan heroin və metamfetamin təşkil edib. Belə ki, 458 kq 297 qram heroin və 379 kq 494 qram metamfetamin aşkarlanaraq qanunsuz dövriyyədən götürülüb. Bundan əlavə 57 kq 103 qram tiryək, 5 kq 98 qram həşiş, 2 kq 653 qramdan çox marixuana, 260,89 qram kokain, 442,904 qram metadon, 732 qramdan çox metilendioksiamfetamin, 254,79 qram mefedron (4-metilmetkatinon),104,3 qram MDMA (ekstazi), 97,28 qram amfetamin və digər maddələr qanunsuz dövriyyədən çıxarılıb.
Ciddi narahatlıq doğuran məsələlərdən biri də qara bazarda “patı”, “şüşə” adlandırılan və son dərəcə təhlükəli maddə sayılan metamfetaminin xüsusi çəkisinin kəskin artaraq əvvəlki illərlə müqayisədə rekord həddə çatmasıdır.
2022-ci ilin ilk 10 ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 66 nəfər: 65-i kişi, 1-i qadın olmaqla 21 nəfər Azərbaycan vətəndaşı, 45 nəfər əcnəbi (25 İran, 7 Rusiya, 10 Türkiyə, 1 Qazaxıstan, 1 Maldiv və 1 Pakistan vətəndaşı) barəsində müvafiq tədbirlər görülüb, 3 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib.
Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının 14 halda İrandan, 3 halda Türkiyədən, 3 halda Rusiyadan, 2 halda Qazaxıstandan, 2 halda Gürcüstandan, 1 halda Böyük Britaniyadan, 1 halda Niderlanddan, 1 halda Amerika Birləşmiş Ştatlarından Azərbaycana gətirilməsinə cəhd göztərilib.
Narkotik vasitələr və onların prekursorları 2 halda Türkiyəyə, 2 halda Qətərə, 1 halda İrana, 1 halda Avstraliyaya, 1 halda Rusiyaya aparılarkən, 26 halda Azərbaycan ərazisindən isə tranzit yolla keçirilərkən aşkar edilib.
Tranzit yolla daşınan narkotiklərin hərəkət marşurutunun 7-si İran-Azərbaycan-Gürcüstan, 5-i İran-Azərbaycan-Rusiya, 3-ü İran-Azərbaycan-Türkiyə-Almaniya, 2-i İran-Azərbaycan-Türkiyə-Polşa, 2-i İran-Azərbaycan-Türkiyə-Niderland, 2-i Gürcüstan-Azərbaycan-Qazaxıstan, 2-i İran-Azərbaycan-Türkiyə 1-i İran-Azərbaycan-Türkiyə-Bolqarıstan, 1-i İran-Azərbaycan-Ermənistan, 1-i Gürcüstan-Azərbaycan-Rusiya olub. 4 halda isə ölkə daxilində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aşkarlanıb.