Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək qaçan sürücü tapılıb.
APA-nın yerli bürosunun xəbərinə görə, ötən gecə saat 22:00 radələrində Göyçay şəhərinin Heydər Əliyev prospektində yerləşən “Mega” marketin qarşısında sürətlə hərəkət edən 99-LY-075 dövlət nömrə nişanlı “BMW” markalı minik avtomobili mağazadan işdən çıxaraq yolu keçən piyada 1984-cü il təvəllüdlü Nəsirova Türanə Elsevər qızını və onun 14 yaşlı oğlu Oqtay Nəsirovu vurub.
Hadisə piyada zolağının üstündə baş verib. Yaralılar yaxınlıqdakı insanların köməyi ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Uşaq aldığı ağır xəsarətlər səbəbindən xəstəxanada dünyasını dəyişib. Qadının vəziyyəti ağır olaraq qalır. Piyadaları vuraraq hadisə yerindən qaçan avtomobilin sürücüsünün Göyçay rayon sakini Sadıqov Vəfadar İlqar oğlu olduğu müəyyən edilib. O, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.