Göyçayda təmiri davam edən təhsil müəssisələrinə baxış keçirilib
Qanunla.Az xəbər verir ki, 18 fevral tarixində Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Cavad Cavadov Göyçay rayonunda təmiri davam etdirilən Hümbət İsmayılov adına Qarabaqqal kənd tam orta ümumtəhsil məktəbində, daha sonra Göyçay şəhər 7 və 11 nömrəli uşaq bağçalarında olub. Təmiri gedən müəssisələrə baxış prosesində Göyçay rayonu üzrə təhsil sektorunun müdiri Rauf Məmmədov və regional idarənin məsul əməkdaşları da iştirak ediblər. Təmir-tikinti ilə yaxından tanış olan Cavad Cavadov görülən işlərin keyfiyyəti və layihələrin icra vəziyyətləri ilə maraqlanıb. O həmçinin tikinti prosesinin təhsil müəssisələrinin ehtiyaclarına uyğun şəkildə aparılmasının vacibliyini vurğulayıb və bu müəssisələrin bölgənin təhsil infrastrukturunun inkişafına mühüm töhfə verəcəyini qeyd edib.
Qeyd edək ki, 2024-2025-ci tədris ili çərçivəsində Göyçay rayonu üzrə 6 məktəbəqədər və 2 ümumi təhsil müəssisəsində cari təmir işləri, 1 ümumi təhsil müəssisəsinin isə yenidən tikintisi davam edir.