Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Qanunla.Az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayon ərazisində yerləşən evlərin birinə qanunsuz daxil olaraq ümumi dəyəri 2 000 manata yaxın olan müxtəlif növ məişət əşyaları və avadanlıqları oğurlayan rayon sakini Ələm İbrahimov saxlanılıb.
Dindirilmə zamanı Ə.İbrahimov törətdiyi oğurluq əməlini etiraf edərək, əşya və avadanlıqların bir qismini dəyərindən ucuz qiymətə satdığını bildirib. Əşyaların qalan hissəsi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Faktla əlaqədar Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.