image-qanunla-reklam
image-_fkh2988_89_90_tonemapped

Heç bir ölkə Azərbaycanın qərarlarına təsir edə bilməz

image-lady-day-az

Heç bir ölkə Azərbaycanın qərarlarına təsir edə bilməz.

44 günlük İkinci Qarabağ münaqişəsi 30 illik işğal, həmçinin müharibə dövrünün reallıqlarına aydınlıq gətirməklə yanaşı, perspektivlərin müəyyənləşdirilməsinə, yeni əməkdaşlıq formatlarının yaranmasına yol açdı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi dövründə 30-dan artıq xarici KİV-lərə müsahibələrinin hər biri bu reallıqların təbliğində əhəmiyyətli rol oynadı. Ən əsası Prezident İlham Əliyev diplomatik şəkildə, təmkin nümayiş etdirərək, bir çox hallarda qərəzi özündə ehtiva edən sualları cavablandırmaqla Azərbaycanın haqlı olduğunu, mövqeyinin ədalətə və beynəlxalq hüquqa əsaslandığını konkret faktlarla ortaya qoydu. Həmin dövrdə dövlət başçısı İlham Əliyevin müsahibələri sırasında İtaliyanın «La Repubblica» qəzetinə müsahibəsi də diqqətdən kənarda qalmadı. Dövlət başçısı İlham Əliyevin müharibə dövründə «La Repubblica» qəzetinə müsahibəsi ilə bu il oktyabrın 13-də sözügedən nəşrdə yer alan müsahibəsini müqayisə etdikdə fərqli məqamları görməmək mümkün deyil. Bu baxımdan ki, artıq münaqişə tarixə qovuşub, postmüharibə dövrünün reallıqlarını yaşayırıq. Hazırda diqqət göstərilən məsələ işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, bu ərazilərə investisiyaların yatırılmasına yaradılan şərait geniş müzakirə mövzusudur. Digər bir tərəfdən isə bu ərazilərə invetisiya yatıran xarici şirkətlər arasında İtaliyaya da məxsus olanlar var. Dövlət başçısı İlham Əliyev müsabihəsində bu məqamı xüsusi qeyd etmişdir ki, İtaliya bu işlərə cəlb edilən ilk ölkələrdəndir. İkinci Qarabağ müharibəsində Qələbəmiz bir çox dairələri narahat etdi: «Onlar Azərbaycanı zəif, asılı, işğal altında olan və hər zaman münaqişənin həlli üçün yardım istəyən ölkə kimi görmək istəyirdilər. İndi isə Azərbaycanın diktə edən tərəf kimi çıxış etməsi, təbii ki, həmin dövlətlərdə qısqanclıq hissi yaratmaya bilməzdi. Nəzərə alsaq ki, həmin dövlətlərin işğalçı Ermənistana böyük sevgiləri vardır, bu nöqteyi-nəzərdən Ermənistanı məğlub görmək istəməyən dairələrə Zəfərimiz böyük zərbədir. Azərbaycan 30 ilin işğalına 44 gündə son qoyaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etməklə özünün hərbi qüdrətini və yenilməz siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi. Bununla yanaşı, Azərbaycan Zəfərdən sonra bəzi ermənipərəst Qərb dairələri tərəfindən qarayaxma kampaniyası ilə qarşılaşacağını da bilirdi. Çünki zaman-zaman belə kampaniyalar aparılıb və hər dəfə Azərbaycanın reallıqlarının fonunda iflasa uğrayıb. Dövlət başçısı İlham Əliyevin «La Repubblica» qəzetinə müsahibəsində yer alan «Bizi ittiham etmək istəyirlər. İstəyirlər ki, biz onlara tabe olaq. Bizi iradələrinə tabe etdirmək istəyirlər. Mən isə deyirəm: Yox! Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm. Bütün həmin çirkin hekayələrin isə mənim və Azərbaycan xalqı üçün heç bir mənası yoxdur» bəyanatı ölkəmizə, dövlət başçısına qarşı qərəzli mövqe nümayiş etdirən, əsassız fikirlər səsləndirən dairələrə tutarlı cavabdır.

Samir Talıbov
Saatlı rayon Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki