image-qanunla-reklam
image-img_20211123_191006

Həllini tapmayan özəlləşdirmə çekləri MƏSƏLƏSİ: “İnsanların hüquqları bərpa olunmalıdır” – Partiya sədri

image-lady-day-az

“Vətəndaşların hüquqlarının bərpası üçün özəlləşdirmə çekləri məsələsi qısa zamanda həll olunmalıdır”.

Bu sözləri son günlər mətbuatda əlində özəlləşdirmə çekləri qalan şəxslərə kompensasiya ödənilməsi ilə bağlı təklifləri dəyərləndirən Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinə görə, sözügedən çeklərin tədavülə buraxıldığı dövrlərdə idarəetmənin düzgün aparılmaması və inhisarçılıq faktlarına yol verilməsi sıravi vətəndaşların zərərə uğramasına və haqqlarının tapdalanmasına yol açdı:

“Özəlləşdirmə çekləri ilə bağlı məsələ artıq çoxdandır ki, gündəmə gətirilib. O vaxtı vətəndaşlara bu çeklərdən verilsə də, özəlləşdirmə prosesində çox ciddi korrupsiya faktlarına yol verildi. Ona görə də bir çox vətəndaşlar öz paylarından lazımi səviyyədə istifadə edə bilmədilər. Hətta elə bir dövr çatmışdı ki, əksər vətəndaşlar çeklərini qara bazarda satırdılar. İnsanlar çətin şəraitdə olduqlarına görə qara bazarda müəyyən olunan məbləğə uyğun olaraq çeklərini satmağa məcbur olurdular. Reallıq budur ki, Azərbaycan vətəndaşlarının böyük qismi özəlləşdirmə çeklərindən təyinatı üzrə istifadə etmədi və ölkədəki obyektləri, dövlət əmlakları və müəssisələrin özəlləşdirilməsi ilə bağlı geniş prosesin subyektivinə çevrilə bilmədi. Bizdə də bu çeklərdən iki dənə qalıb və zamanında təyinatı üzrə istifadə edə bilmədik.

Hazırkı vəziyyətdə insanların hüquqlarının bərpa olunmasına ehtiyac var. Düzdür, bu gün müəssisələrin çoxu artıq özəlləşdirilib və bu prosesdən qazanan az sayda insanlar var. Lakin əlində çekləri qalmış şəxslərə vurulan ziyanın qarşılanması üçün dövlət proqramı tərtib olunmalıdır. Faktlar yenidən araşdırılmalı və qalan müəssisələrin özəlləşdirilməsi üçün çeklər tədavülə buraxılmalıdır. Eyni zamanda, məsələnin dərindən araşdırılması üçün iqtisadçılardan ibarət olan komissiyanın yaradılması zəruridir. Çünki bütün məsələlərin kökündə Azərbaycan vətəndaşı və onun hüquqları dayanır. Vətəndaşların hüquqlarının bərpası üçün özəlləşdirmə çekləri məsələsi qısa zamanda həll olunmalıdır”.

Qeyd edək ki, özəlləşdirmə çekləri 1996-cı ildə tarixi sosial ədaləti təmin etmək üçün ulu öndər Heydər Əliyev tərəfindən 1997-ci ildə anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Özəlləşdirmə çeklərinin hər birinin dəyəri eynidir və özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Hər bir çekin dəyəri isə 1/32 milyonda hissədir. Eyni zamanda, bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Gülşən Şərif


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki