image-qanunla-reklam
image-485801

Hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir

image-lady-day-az

Hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. Ordumuzun ermənilərin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu. Vətənpərvər oğullarımızın erməni təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu. Bu günlər ərzində ordumuzun işğalçı erməni ordusuna qarşı apardığı müharibə milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildi. Hər kəs Vətən fədaisi oldu o gün. İllərlə yaşadığımız ağrı-acılar bir andaca sevincə çevrildi. Ordumuzun bu qalibiyyəti bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı qarşısına qoyduğu hər bir vəzifəni yerinə yetirə bilmək qüdrətindədir. Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan Ordusunun hər bir fərdi özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir. Gedən döyüşlər bizim hansı iradəyə, hansı hisslərə sahib olduğumuzu göstərdi.  Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu. Şuşanın işğaldan azad edilməsi əməliyyatı tarixdə əbədi qalacaq. Qarabağın tacı, döyünən ürəyi Şuşa təbii istehkam olduğundan şəhərə tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Onu almağın iki variantı vardı. Birinci halda şəhərdəki düşmən qüvvələrini hava zərbələri, top atəşləri ilə məhv etmək olardı. Komandanlıq buna getmədi. Çünki şəhərin bombardman edilməsi böyük dağıntılara səbəb olacaqdı. Buna görə də alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla qalın meşələrdən, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə – Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilir.

Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı. Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, ordumuzun şücaəti hesabına qazandıq… Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

 

Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” Proqramı icra olunur.

Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsindən sonra qarşıda duran prioritet məsələ 30 il ərzində işğalda olmuş, ermənilər tərəfindən daşı daş üstündə qalmayan ərazilərimizin yenidən qurulması və bərpasıdır. İşğaldan azad olunmuş ərazilərin qısa zamanda bərpası keçmiş məcburi köçkünlərin tezliklə öz dədə-baba yurdlarına, əzəli torpaqlarına qayıtmasına hesablanıb. Buna görədir ki, erməni tapdağından azad edilmiş bütün rayonlarda Prezident cənab İlham Əliyevin birbaşa nəzarəti altında sürətli quruculuq işləri görülür. Dövlət başçısı mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzura səfərlər edərək yeni-yeni layihələrin əsasını qoyur, açılış mərasimlərində iştirak edir, görülmüş işlərlə yerində tanış olur. Hər iki iqtisadi rayonda aparılan geniş tikinti-quruculuq işlərinin nəticəsidir ki, həm Şərqi Zəngəzura, həm də Qarabağa Böyük qayıdış artıq başlayıb. Qarabağ və Şərqi Zəngəzurda görülən bütün tikinti, quruculuq işləri dövlətin prioritet istiqaməti olaraq keçmiş məcburi köçkünlərin qısa zamanda əzəli torpaqlarına qayıdışına hesablanıb. Bu il Qarabağda, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcək. Bunlar nəhəng layihələrdir. Azad edilən ərazilərdə su anbarları, yollar, körpülər, dəmir yolları, məktəblər, xəstəxanalar, sosial və digər təyinatlı obyektlərin tikintisi davam edir, bəziləri artıq istifadəyə verilib. Bütün bunlar sözün əsl mənasında Böyük Qayıdış nümunəsidir. 28 illik işğal dövründə ermənilərin tamamilə viran qoyduqları Ağdamın da yenidən qurulması üçün görülən işlər gündən-günə sürətlənir. Qarabağ və Şərqi Zəngəzurda ən müasir tələblər səviyyəsində yeni yaşayış sahələri inşa olunur. Qısa zaman kəsiyində Füzuli və Zəngilan rayonlarında beynəlxalq aeroportlar istifadəyə verilib. Laçın şəhərində isə daha bir hava limanının tikintisi davam edir. Laçın şəhər mərkəzi də yenidən qurulub və artıq sakinlərini qəbul edib və burada həyat öz axarına düşür. Şuşa şəhəri də yenidən qurulub. Buradakı tarixi abidələr, milli mədəniyyət nümunələri bərpa olunub və hazırda da işlər davam edir. Şəhər həmçinin bir sıra beynəlxalq tədbirlərə, musiqi festivallarına ev sahibliyi edib. İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu milli prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. Artıq görülən işlərin ilkin nəticəsi olaraq 2022-ci ildə Zəngilan rayonunun Ağalı kəndinin sakinlərinin doğma yurdlarına qayıdışı baş tutub. Nazirlər Kabineti tərəfindən 2022-ci ildə “İşğaldan azad edilmiş ərazilərin Ümumi planı” təsdiq edilib. Həmçinin ötən il Laçın şəhərində, Zabux və Sus kəndlərində Azərbaycanın nəzarəti tam bərpa olunub. Bu il Qarabağda, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcəkdir.

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə

 

Cari ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq.

Bu gün bütün dünya Azərbaycanın işğaldan azad etdiyi ərazilərə “Böyük Qayıdış” prosesini izləyir. Müharibədən sonra keçən 4 il ərzində işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq və abadlıq  işlərinə şahidlik edirik. Qarabağın əraziləri düşməndən azad ediləndən sonra həmin ərazilərdə çox nəhəng, möhtəşəm layihələrin davam etdirildiyi də göz önündədir.  Azərbaycan ağır müharibədən çıxsa da, işğaldan azad etdiyi bölgələri öz iqtisadiyyatının gücü sayəsində yenidən qurur, bu ərazilərdə irimiqyaslı müasir infrastruktur layihələri icra edir. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işləri sistemli və planlı şəkildə aparıldığı üçün nəzərdə tutulandan daha da sürətli gedir və bu o deməkdir ki, “Böyük Qayıdış” uğurla davam edir. Atılan addımlar, daha dəqiq desək, işğaldan azad edilən ərazilərdə şəhər və kəndlərin baş planlarının tərtib edilməsi, onların sürətlə dirçəldilməsi, əhalinin dayanıqlı şəkildə məskunlaşması, eləcə də iqtisadi aktivliyin təmin olunmasına xidmət edən genişmiqyaslı layihələrin icrası, ələlxüsus da “Böyük Qayıdış”ın təmin olunması üçün 2022-ci ilin 16 noyabr tarixində Prezident cənab İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdış”a dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalaması bu prosesin uğurla davam etdiyini bir daha təsdiqləyir. Onu da diqqətə çatdırmaq yerinə düşərdi ki, 2022-2026-cı illərə əhatə edəcək Dövlət Proqramı qarşıya mühüm vəzifələr, tapşırıqlar qoyub və onların icrası olduqca mühümdür.
Ötən illər ərzində Qarabağ və Şərqi Zəngəzurda gerçəkləşdirilən quruculuq, bərpa işləri ilə əlaqədar dövlət büdcəsindən bütövlükdə 5 milyard manata yaxın vəsait ayrılıb. Böyük qayıdışın tərkib hissəsi kimi Qarabağ və Şərqi Zəngəzurda əhalinin dayanıqlı məskunlaşması üçün ilkin şərtlərin yaradılmasıdır. “Böyük Qayıdış” Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıdıb.
Bu gün artıq 4 ilə yaxındır ki, Şuşa işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır. Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” Proqramı icra olunur, bu torpaqlara həyat qayıdır.
Ötən dövr ərzində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər ediblər. Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan prezidentlərinin Ağdama və Füzuliyə də səfərləri olub. Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür.
Bir sözlə, bütün bu deyilənlərə əsaslanaraq bir daha əminliklə söyləmək olar ki, 30 illik işğala 44 gündə son qoyan və bu gün Zəfər yürüşünü inamla davam etdirən Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirməklə, Böyük Qayıdışı ən yüksək səviyyədə təmin etməklə bir daha öz qüdrətini bütün dünyaya nümayiş etdirəcək və insanlarımız yurd həsrətinə son qoyaraq öz doğma torpaqlarında firavan yaşayacaqlar.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

 

Qarabağ Bəyannaməsi.

Azərbaycanın Zəfər savaşından sonra qlobal arenada dəyişən məsələlərdən biri də Türk dövlətləri arasında inteqrasiyanı gücləndirməkdir. Bu gün beynəlxalq geosiyasi nizamda Türk Dövlətləri Təşkilatı (TDT) xüsusi yerə və mövqeyə malikdir. Təqdirəlayiq haldır ki, Azərbaycan-Türkiyə qardaşlığının bu ittifaqın möhkəmlənməsində böyük rolu var. Birliyin siyasi ittifaqa çevrilməsinin əsasının məhz Azərbaycanda qurulması, Prezident İlham Əliyevin xarici siyasətə yönəlik mesajlarında TDT-yə xüsusi önəm verməsi bunun sübutudur.
Təşkilatın növbəti sammitinin Türk dünyasının mədəniyyət paytaxtında- Şuşada keçirilməsi ayrıca bir rəmzi xarakter daşıyırdı. Şuşa ötən il “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib. Ötən ilin oktyabrında Şuşada Mədəniyyət Nazirliyi, TÜRKSOY və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunun keçirilməsi Türk xalqları arasında əlaqələrin inkişafında yeni üfüqlər açıb və Türk dünyasının ən güclü ortaq platformalarından birinə çevrilib. Türkdilli ölkələrin zəngin tarixini nəzərə alaraq, regionda beynəlxalq əməkdaşlığın dərinləşdirilməsində üzv dövlətlər arasında körpü rolunu oynayan təşkilatın qeyri-rəsmi Zirvə görüşünün Şuşada keçirilməsi Türk torpaqlarına gözünü dikmiş güclərə göndərilmiş növbəti güclü mesaj oldu.
Prezident İlham Əliyev bu il fevralın 14-də keçirilən andiçmə mərasimində qətiyyətlə vurğulamışdı ki, bizim başqa ailəmiz yoxdur: “Bizim ailəmiz Türk dünyasıdır”.
Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biridir. Son illərdə Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. Dövlət başçısı Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimizin olduğunu bildirərək diqqətə çatdırmışdı ki, Bakının siyasəti Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. İyulun 6-da təşkilatın qeyri-rəsmi Zirvə sammitindəki çıxışında da Azərbaycan lideri bir daha bəyan etdi ki, Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və TDT-nin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərib. Bu prosesin sürətlənməsi məqsədilə konkret addımlar da atır.
Qarşıya qoyulan hədəflərə gedən yolda Prezident İlham Əliyevin təşəbbüsü ilə Qarabağın ürəyində – Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü mühüm rol oynayacaq. Səmərəli inkişaf yolu keçmiş Türk Dövlətləri Təşkilatının beynəlxalq səviyyədə də əhəmiyyəti artır. Bu, eyni zamanda, təşkilata üzv dövlətlərin və müşahidəçi dövlətlərin beynəlxalq aləmdə nüfuzunun artırılmasına, eləcə də iqtisadi potensialının genişləndirilməsinə xidmət edir. Beləliklə, TDT Şuşa Sammiti bütövlükdə Türk dünyası və Azərbaycan tarixində böyük iz qoydu. Bu tədbir Türk dünyasının Şuşadan dünyaya verdiyi barış və birlik mesajı idi. Sammitin sonunda imzalanan Qarabağ  Bəyannaməsi, Prezident İlham Əliyevin bildirdiyi kimi Türk dünyasının həmrəyliyinə və Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun daha da güclənməsinə töhfələr verəcək. Bəyannamədə bir daha Türk dünyası regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan Türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olduğu dünyaya elan edildi.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə

 

 

Şuşanın 1992-ci ilin mayında Ermənistan tərəfindən işğal edilməsi Azərbaycan xalqının böyük faciəsi idi.

Məlum olduğu kimi, ermənilər tarixi Azərbaycan torpaqları hesabına uydurma “böyük Ermənistan” ideyasını həyata keçirmək məqsədilə xalqımıza qarşı soyqırımı, terror, deportasiya və etnik təmizləmə kimi cinayətlər törədiblər. Eyni zamanda, XX əsrin 80-ci illərinin ikinci yarısında Ermənistan Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürüb. Ermənistanın təcavüzü nəticəsində 1992-1993-cü illərdə Azərbaycanın Qarabağ bölgəsi və onun hüdudlarından kənarda yerləşən Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları zəbt edilmişdir.
1992-ci ilin mayın 8-də Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycanın tarixi mədəniyyət mərkəzi olan Şuşa şəhəri və rayonun 30 kəndi işğal edilib və dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, itkin düşüb, 58 nəfərin taleyi haqqında isə heç bir məlumat yoxdur. Nəticədə 289 kv.km ərazisi olan Şuşanın 24 mindən artıq əhalisi öz doğma torpağından məcburən köçkün düşərək Azərbaycanın 58 rayonunda məskunlaşıb. Təcavüz nəticəsində Azərbaycan tarixində mühüm yer tutan, canlı təbiət muzeyi və abidələr şəhəri olan Şuşanın 25 məktəbi, 31 kitabxanası, 20 səhiyyə müəssisəsi, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriyası, turist bazası, 2 mehmanxanası, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq Sağlamlıq Məktəbi talan edilib, yandırılıb və dağıdılıb. Bundan başqa, Dövlət Qarabağ tarixi və Şuşa şəhərinin tarixi muzeyləri, Üzeyir Hacıbəylinin, Bülbülün, Mir Möhsün Nəvvabın ev muzeyləri, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Dövlət Rəsm Qalereyası, məşhur Gövhər Ağa məscidi və daha bir neçə məscid təcavüzə məruz qalmışdır. Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindən, xalqımızın qədimliyini, onun zəngin mədəniyyətini özündə tərənnüm edən qədim və unikal memarlıq abidələri ilə zəngin yurd yerlərimizdən biridir.
Lakin çox təəssüflər olsun ki, bu 30 ilə yaxın davam edən işğal dövründə xalqımıza məxsus tarixi-mədəni irsin məhv edilməsi siyasətini həyata keçirən erməni vandalları tərəfindən yüzlərlə tarixi memarlıq abidəsi məhv edildi. Strateji mövqeyi ilə seçilən Şuşa şəhərini haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu.
Nəhayət, dünya birliyi tərəfindən sərgilənən ədalətsiz və haqsız mövqelərə rəğmən məğrur və qürurlu Azərbaycan xalqı işğalla heç vaxt barışmayacağını, ədalətsizliyə boyun əyməyəcəyini ortaya qoydu. Xalqımız üçün mədəniyyət qibləgahı olan müqəddəs Şuşanı 44 günlük Vətən müharibəsində Qalib Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu işğaldan azad edərək, ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə müvəffəq oldu. Qalib Azərbaycan əsgəri onun xalqına və dövlətinə qarşı illərdir həyata keçirilən işğalçılıq, talançılıq və soyqırımların qisasını döyüş meydanında və ona yaraşacaq şəkildə – ləyaqətlə aldı. Düşmənin başı xalqımızın birliyinin rəmzinə çevrilmiş Dəmir Yumruqla əzildi, ərazilərimizə soxulmuş qanlı əlləri kəsildi.
44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan əsgəri öz igidliyi, qəhrəmanlığı, vətənə olan sonsuz məhəbbət və sədaqəti ilə bir növ qəhrəmanlıq salnaməsi yazdı. Xüsusilə qədim və doğma yurd yerimiz, mədəniyyət beşiyimiz – Şuşa şəhərinin ciddi zərər görməməsi məqsədilə yüngül silahlarla silahlanmış Azərbaycan oğulları o, hündür, sıldırım Şuşa dağlarını dırmaşaraq düşmənlə üz-üzə, diş-dişə gəldi, qanlı döyüşlə ona məxsus olanı geri aldı. Qalib Azərbaycanın şanlı bayrağını Şuşa Qalasında dalğalandırdı.
İşğaldan azad olunmuş ərazilərdə ilk bərpa və quruculuq işlərinin məhz Şuşada həyata keçirilməsi isə Qarabağın tacı olan Şuşanın xalqımız üçün nə qədər önəmli, müqəddəs və əziz olduğunun göstəricisidir. Çünki Şuşa tarix boyu bütün çətinliklərə rəğmən, hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz bir parçası olmuş və bu cür də qalacaqdır.
Həm Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, həm də 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə bağlı Sərəncamlar gələcək uğurlara hesablanmış böyük məqsədləri və amalları özündə ehtiva edən müdrik qərarlar idi. İmzalanmış bu Sərəncamlar Şuşanın əvvəlki statusunu və şöhrətini bərpa etməklə yanaşı, onun tarixi və əzəli Azərbaycan torpağı olduğunu, xalqımızın bu ərazilərdə çox əsrlik mədəniyyətə sahib olduğunu, milli-mədəni və tarixi irsimizin dərin köklərə əsaslandığını bütün dünyaya nümayiş etdirdi. 2022-ci ilin “Şuşa İli” elan edilməsi 28 il düşmən əsarətində olan, lakin heç vaxt milli simasını və ruhunu dəyişməyən bu şəhərin tarixi şöhrətini özünə qaytardı.

Zərdab Rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva

 

 

Türk dünyasının birləşməsi.

Azərbaycan tarixən milli-mənəvi cəhətdən zəngin, müxtəlif dil, din və mədəniyyətlərin sərbəst şəkildə inkişaf etdiyi məkanlardan biridir. Ölkəmizdə multikulturalizm və tolerantlıq dəyərlərinin tarixi kökü çox qədim dövrlərə qədər uzanır, çünki ta qədimdən bu torpaqlarda təşəkkül tapmış xalqlar dil, din, mədəniyyət fərqlərinə baxmadan birgə, dostluq və qardaşlıq şəraitində yaşamışdır. Qədim və müasir tariximizin bütün dövrlərində əsrlərdən bəri formalaşan multikulturalizm və birgəyaşayış ənənələri mövcud olmuşdur. Bu bir gerçəklikdir ki, bu gün ölkəmizin bütün regionlarında mədəni müxtəliflik həyat tərzinə çevrilmişdir. Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, milli-dini sabitlik, etnik və dini dözümlülüyün, tolerantlığın və multikulturalizmin dövlət səviyyəsində qorunub saxlanılması Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra daha da möhkəmlənmiş, tolerantlıq və multikulturalizm dövlət siyasətinin əsas istiqamətlərindən və hədəflərindən birinə çevrilmişdir. Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artır. Ölkəmiz bütün dünyada demokratik, hüquqi və dünyəvi dövlət, eyni zamanda bir çox millətlərin və konfessiyaların dinc, yanaşı yaşamasının unikal nümunəsi kimi tanınır.
Müasir dünyada güc amilinin getdikcə əsas göstərici kimi tanınması Türk dövlətləri arasında olan dostluq və qardaşlıq əlaqələrinin inkişafının və daha da gücləndirilməsinin vacibliyini mühüm şərt kimi önə çəkir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, ölkəmizin xarici siyasətinin əsas prioritet istiqamətlərindən biri də məhz bu məqsədə xidmət edir. Bu baxımdan iyulun 6-da Şuşada keçirilmiş Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü də Türk dünyasının inkişafı və daha da güclənməsi istiqamətində atılmış növbəti mühüm addım kimi yüksək qiymətləndirilir. Türk dünyasının birləşməsi bütün türkdilli xalqların gələcəyi üçün son dərəcə mühüm əhəmiyyətə malikdir. Hazırda Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr bu istiqamətdə böyük səylər göstərirlər. Azərbaycanın üzv olduğu bütün digər beynəlxalq təşkilatlarla yanaşı, Türk Dövlətləri Təşkilatında mühüm təşəbbüslərlə çıxış etməsi bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Şuşada keçirilən qeyri-rəsmi Sammit də məhz bu təşəbbüslərdən biri kimi diqqətəlayiqdir.
Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev Azərbaycanın həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə ciddi səylər göstərdiyini diqqət mərkəzinə çəkərək qeyd etdi ki, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturunun nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli olmadığını qeyd etməsi və buna görə də Azərbaycanın bu günlərdə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürdüyünü bildirməsi xüsisi əhəmiyyətə malikdir. Prezident İlham Əliyev Şuşada imzalanan  Qarabağ Bəyannaməsinin, qəbul edilən qərarların Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcəyini əminliklə vurğulayıb.
Türk dövlətləri arasında ittifaqın təməl daşlarından biri kimi “Qarabağ Bəyannaməsi” beynəlxalq hüquq və siyasət baxımından da böyük mühüm əhəmiyyət kəsb edir. İlk növbədə Qarabağ Bəyannaməsi hüquqi bazaya əsaslanan tarixi və regional-qlobal miqyaslı siyasi məsələdir. Eyni zamanda Qarabağ Bəyannaməsi geniş bir geosiyasi müstəvidə yeni sabitlik, təhlükəsizlik, sosial-mədəni və iqtisadi tərəqqiyə öz töhfəsini verəcək etibarlı gözləntiləri özündə ehtiva edir. Bu mühüm sənəd həmçinin türk dövlətçiliyinin inkişafı istiqamətində növbəti mərhələyə keçidi təmin edə biləcək fəaliyyət proqramı sayıla bilər. Bəyannamə regional əməkdaşlığın yeni formasını qlobal səviyyədə mövcud reallıqlara uyğunlaşdırmaq üçün keçiləcək ən yaxın yol xəritəsidir.

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki