image-qanunla-reklam
image-ae05780455ebe8a0bfe08687676767c8

“Hərbi xidmət haqqında” Qanuna dəyişiklik edildi

image-lady-day-az

Buraxılış məntəqələrinin normal işinə mane olmağa, o cümlədən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin keçidini bağlamağa, gediş üçün maneəni özbaşına götürməyə görə cərimələr gəlir

10 dekabrda Milli Məclisin növbəti plenar iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirildi. Parlament sədri dekabrın 7-də Milli Məclisdə keçirilən Azərbaycan parlamentinin 106-cı ildönümünə həsr edilən Beynəlxalq Parlament Konfransı barədə danışdı. Bildirdi ki, tədbirdə Milli Məclisin deputatları, Türkiyə, Rusiya, Pakistan, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Belarus, İraq, Efiopiya, İndoneziya, Malayziya parlamentlərinin və TürkPA, MDB-nin Parlamentlərarası Assambleyası kimi beynəlxalq təşkilatların 100-ə yaxın nümayəndəsi iştirak edib: 

“Konfransda “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusu ətrafında müzakirələr aparıldı, 27 nəfər çıxış etdi. Milli Məclis sədrinin və üzvlərinin çıxışlarında müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin və onun parlamentinin irsinin müasir dövrün çağırışları şəraitində əhəmiyyəti vurğulandı. Azərbaycanın hələ əsrin əvvəllərində demokratik prinsiplərə və mütərəqqi dövlət quruculuğuna sadiq olduğu, xalqımızın zəngin parlamentarizm ənənələrinin son 30 ildən artıq dövrdə daha da inkişaf etdirildiyi bildirildi. Xüsusən Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda ali hakimiyyətə qayıdışının ölkəmizdə sabitliyin qorunub saxlanılması və möhkəmləndirilməsi, eyni zamanda yeni parlament institutunun formalaşdırılması baxımından həyati əhəmiyyət daşıdığı nəzərə çatdırıldı. Qeyd olundu ki, bu gün Milli Məclis möhtərəm cənab Prezident İlham Əliyevin ölkəmizə böyük uğurlar və qələbələr qazandıran milli inkişaf strategiyasının həyata keçirilməsi prosesinə öz qanunvericilik fəaliyyəti ilə töhfə verir”. S.Qafarova qeyd etdi ki, konfrans parlamentlərarası dialoqun və qarşılıqlı əlaqənin dərinləşməsi baxımından böyük əhəmiyyət daşıyır: “Konfrans iştirakçılarının Zəfər parkına getməsi, Heydər Əliyev Mərkəzi ilə tanış olması, işğaldan azad edilmiş əraziləri – Füzuli, Şuşa, Xankəndi və Xocalını ziyarət etməsi onların Azərbaycan reallıqlarına daha yaxından bələd olmasına şərait yaratdı”.

Deputat Aydın Mirzəzadə cari məsələlərlə bağlı çıxış edərkən əvvəlcə Qərbi Azərbaycanla bağlı paytaxtda keçirilən beynəlxalq tədbirdən danışdı. Bildirdi ki, dünyanın 51 ölkəsindən deputatların, elm adamların, siyasətçilərin, ekspertlərin qatılması Qərbi Azərbaycana ədalət istiqamətində aparılan işin daha bir uğurlu nəticəsidir. Deputat qeyd etdi ki, Ermənistan hakimiyyəti nə qədər çalışsa da Qərbi Azərbaycan mövzusunun Ermənistan ictimai rəyinə təsirinin qarşısını ala bilmədi, artıq sosial şəbəkələrin erməni seqmentində bu məsələ geniş müzakirə edilir. A.Mirzəzadə xatırlatdı ki, cənab Prezidentin İrəvanın Qərbi Azərbaycan İcması ilə danışıqlar aparması zəruriliyini vurğulaması çox ciddi hadisədir.

Daha sonra A.Mirzəzadə Milli Məclisin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Parlament Konfransından bəhs etdi, təşkilatçılara təşəkkürünü bildirdi. Deputat Azərbaycanın daxili işlərinə qarışmaq istəyənlərdən bəhsedərkən çıxışını “Heç kəs bizim daxili işlərimizə qarışa bilməz! Heç kəs bizə diqtə edə bilməz!”- söyləyərək yekunlaşdırdı.

Milli Məclisin İnsan haqları komitəsinin sədri Zahid Oruc  bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev beynəlmiləl toqquşmaların poliqonuna çevrilməmək üçün ölkəmizi nə Qərbin, nə də qonşuların forpostuna çevirib, Brüssel və ya Strasburqdan, yaxud şimal və cənubdan gələn birtərəfli əmrlərdən qorunan müstəqil dövlət qurub, hakmiyyəti zorla dəyişmək planlarını iflasa uğradıb: “Beynəlxalq siyasi gündəliyi izləyərkən, bir-birini sürətlə əvəzləyən qlobal toqquşmaların coğrafiyasının genişləndiyini, dünyanın yenidən bölüşdürülməsinin həlledici mərhələyə daxil olduğunu görürük. 3 ilə yaxındır ki, davam edən Rusiya-Ukrayna müharibəsində ortamənzilli strateji silahların işə salındığı bir vaxtda Qəzzadan Livana, daha sonra Suriyaya yayılan savaş, nəhayət hakimiyyət dəyişikliyinə səbəb oldu. Qonşu Gürcüstanda parlament seçkilərindən sonra hakimiyyəti zorla dəyişmək istəyən Qərb dövlətləri küçə və meydan döyüşlərindən sonra silahlı toqquşmalara zəmin hazırlayır. Son günlər NATO Baş katibi Rutte gürcü hakimiyyətini ordunun müdaxiləsi ilə şantaj etdi. ABŞ, Avropa Birliyi qızılgül inqilabından sonra Gürcüstana sahiblik üçün xərclədikləri 20 milyard dolların hesabını tələb edir, hakimiyyətin bütün qollarındakı təsir agentlərini üsyana, siyasi itaətsizliyə qaldırırlar. Bəli, Gürcüstanda gedən geosiyasi mübarizə yalnız  bir ölkə deyil, Qafqazların ələ keçirilməsi uğrundadır. Unutmayaq ki, xarici ticarətimizin 14 milyard dollardan çoxu  Tiflis üzərindən aparılır. Bakı-Supsadan Cənub Qaz dəhlizinə qədər strateji layihələri, 300 mindən çox azərbaycanlıların taleyini, 4 milyard dollardan çox sərmayemizi, Türkiyə-Gürcüstan-Azərbaycan üçlüyünü nəzərə aldıqda geosiyasi döyüşlərin Bakı və Ankaranın birgə maraqlarına zərbə vurduğunu demək olar”. Z.Oruc əlavə edib ki, göründüyü kimi, Qarabağ Zəfəri ilə təhlükəsizliyini və beynəlxalq mövqeyini gücləndirən Azərbaycanın əhatə olunduğu regionda qeyri-sabitlikdir, vətəndaş toqquşmaları və silahlı qarşıdurmalardır: “Xalqımız uzun illər geosiyasi müharibələrdən əziyyət çəkdiyi üçün qazandığı tarixi qələbənin, Böyük qayıdışın və Yeni Vətən quruculuğunun qədrini bilir. Yerləşdiyimiz  bölgədə təhlükələrdən qorunmağın yalnız bir alternativsiz yolu var”.

Milli Məclisin Müdafiə, təhlükəsuzlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev spiker Sahibə Qafarovanın da xüsusilə təqdir etdiyi önəmli məsələlərə toxundu. Komitə rəhbəri bildirdi ki, Azərbaycan  COP29 kimi  beynəlxalq səviyyəli daha bir möhtəşəm tədbirə  ev şahidliyi etdi: “COP29-un işində  72 min nəfərdən artıq şəxsin qeydiyyatdan keçməsi, 80-dən çox ölkənin rəhbərlik səviyyəsində təmsil olunması bir daha göstərdi ki, tədbirin təşkilatçılığı ən yüksək səviyyədə idi. Belə bir böyük tədbirə ev sahibliyi etmək Azərbaycan dövlətinin, rəhbərinin düzgün qurduğu daxili və xarici siyasətin nəticəsi idi”.

A.Nağıyevin sözlərinə görə, təbii ki, belə tədbirlərdə təhlükəsizlik məsələsi də çox böyük əhəmiyyət kəsb edən məsələ idi və bir neçə aspekti əhatə edirdi. Komitə sədri yekunda bildirdi ki, bir sözlə, COP29-un təhlükəsizlik  tədbirlərində  Azərbaycan dövləti ev sahibi kimi bütün beynəlxalq standartlara uyğun olaraq təşkilatşılaıq məsələsinin ən vacib elementindən olan olan təhlükəsizlik təddbirlərini yüksək səviyyədə həyata keçirdi: “Bütün dünya etiraf etdi ki, biz COP29-u ən yüksək səviyyədə təşkil etdik və təbii ki, onu da göstərdik ki, cənab Prezident İlham Əliyevin Azərbaycan xalqı ilə birlikdə həyata keçirdiyi daxili və xarici siyasət müstəqil və davamlıdır”.

İclasda “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarıldı. Layihəyə əsasən, müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və ya intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrindən xaric edilən (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduqlarına görə xaric edilən və ya müddətli həqiqi hərbi xidmət keçmiş şəxslər istisna olmaqla) kursantlar müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndəriləcəklər. Bu zaman həmin kursantların hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində aldıqları təhsil müddətinin hər 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmət müddətinə hesablanacaq və onlar xidmət müddəti başa çatdıqda müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən ehtiyata buraxılacaqlar. Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, müvəffəqiyyətsizliyinə, oxumaq istəmədiklərinə, yaxud intizamsızlığa görə hərbi təhsil müəssisələrindən xaric edilən (18 yaşı tamam olmayan xəstəliyə və ya ailə vəziyyətinə görə hərbi təhsil müəssisələrindən xaric edilən şəxslər istisna olmaqla), hərbi təhsil müəssisəsinə daxil olana qədər müddətli həqiqi hərbi xidmətə çağırılmayan və yaxud çağırılan, ancaq müddətli həqiqi hərbi xidmətin müəyyən edilmiş müddətini keçməyən kursantlar müəyyən edilmiş müddətə müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. Hərbi hissədə 6 aydan az olmayan müddətdə qüsursuz xidmət etdikdə hərbi hissə komandirlərinin vəsatəti üzrə korpus komandirinin və ona bərabər şəxslərin qərarı ilə həmin hərbi qulluqçuların hərbi təhsil müəssisəsində təhsil aldığı müddət həqiqi hərbi xidmət müddətinə daxil edilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edildi.

İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər də müzakirəyə çıxarılaraq qəbul edildi. Təklif edilən yeni maddəyə əsasən, ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulmasına görə cərimələr müəyyən edilir. Maddəyə əsasən, ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər tərəfindən ödənişli avtomagistrallara daxil olmağa və ya oradan çıxmağa görə yüz əlli manat məbləğində cərimə edilir. Həmçinin buraxılış məntəqələrinin normal işinə mane olmağa, o cümlədən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin keçidini bağlamağa, gediş üçün maneəni özbaşına götürməyə (şlaqbaumu açmağa) görə 200 manat məbləğində cərimə edilir.

Qanun layihəsi səs qoyularaq birinci oxunuşda qəbul olundu.

“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanuna təklif edilən yeni maddəyə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri şəxsin həmin subyektlərdə həqiqi hərbi xidmətə (işə) qəbul olunmasından imtina edilməsi səbəblərini açıqlamaq öhdəliyi daşımayacaqlar. Bildirildi ki, dəyişikliyin əsas məqsədi həmin subyektlərdə fəaliyyət istiqamətlərinə uyğun olaraq konfidensiallığın qorunub saxlanılmasıdır. Təklif edilən dəyişikliyə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycanın kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hüquqlarının genişləndirilərək xarici dövlətlərin xüsusi xidmət və hüquq mühafizə orqanları ilə müvafiq proqramlar çərçivəsində kadrların hazırlanması, təkmilləşdirilməsi və ixtisaslarının artırılması sahəsində də əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.

Layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edildi.

Cinayət Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı çıxış edən deputat,  Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirdi ki, Cinayət Məcəlləsinin iqtisadi fəaliyyət sahəsində cinayətkarlıq fəslinə müvafiq maddə əlavə edirik: “Yəni bilə-bilə insan həyatı və sağlamlığı üçün təhlükəli qida məhsullarının istehsalı, satışı və ya satış məqsədilə saxlanması, bu əməllər xeyli miqdarda törədildikdə cinayət məsuliyyətinə səbəb olur. Əvvəla, həm də insan həyat və sağlamlığı əleyhinə olan cinayətlər bölməsinə də bu normanı daxil etmək olardı. Amma burada əsas məqsəd o götürülüb ki, bu, iqtisadi fəaliyyət sahəsində olan cinayətdir”.

Qüdrət Həsənquliyev cinayət məsuliyyətinin nə zaman yarandığına da aydınlıq gətirdi: “Baxmayaraq ki, şəxs bilir ki, onun istehsal elədiyi qida məhsulu insan həyatı üçün təhlükəlidir. Əgər o, bunu xeyli miqdarda istehsal edibsə. Yəni bu o mənada başadüşülən deyil ki, xeyli miqdarda istehsal nəyi nəzərdə tutur, məhsulun həcmini, yoxsa onun qiymətini? Tutaq ki, düzgün qaydada konservləşdirilməmiş bir banka göbələk bir ailənin məhvinə gətirib çıxara bilər. Onun dəyəri və həcmi azdır. O baxımdan söhbət əgər insanın həyat və sağlamlığından gedirsə, onun yalnız xeyli miqdarda istehsal olunmasının cinayət tərkibli olması anlaşılan deyil.

Q.Həsənquliyev İnzibati hüquqpozmalar haqqında Məcəlləyə edilən dəyişikliklərlə bağlı da fikirlərini bölüşdü: “”Dərman vasitələri haqqında” Qanunda qeyd olunur ki, bioloji aktiv qida məhsulları dərman vasitəsi hesab olunmadığına görə reseptdə yazıla bilməz və onun yazılması qadağandır. Eyni zamanda “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” qanunun 7.3.4-cü maddəsində qeyd olunur ki, “yalnız həkim məsləhəti ilə istifadə edilə bilməsi haqqında təminatı əks etdirməlidir”, yəni süni qida məhsulunun üzərində.

Hörmətli Əhliman Əmiraslanovun aydınlaşdırmasını istəyirəm ki, süni qida məhsulu ilə bioloji aktiv qida məhsulu eynidirmi? Həm də 14-1.1-ci maddədə qeyd olunur ki, “bioloji aktiv qida məhsulları orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə həkim tərəfindən tövsiyə oluna bilər”.

Müzakirələrdən sonra qanun layihəsi qəbul edildi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki