image-qanunla-reklam
image-photo_79038

Həyatını təhlükə altına qoymuş Ümummilli Lider

image-lady-day-az

Həyatını təhlükə altına qoymuş Ümummilli Lider

XX əsr Azərbaycana Heydər Əliyev kimi görkəmli siyasətçi, müdrik dövlət xadimi bəxş etdi. Ulu Öndər Heydər Əliyev əsrin əvvəllərindən formalaşan demokratik ənənələrin yaşanmasında və inkişafında, milli-mədəni irsimizin qorunmasında və təbliğində əvəzsiz rol oynamış, Azərbaycanı bütün dünyaya tanıtmışdır. Böyük istedadı və uzaqgörən siyasəti sayəsində keçmiş SSRİ hökumətinin ali hakimiyyət vəzifələrinə qədər yüksəlmiş, türk dünyasının böyük oğlu Heydər Əliyev bu imkanlardan xalqının iqtisadi və sosial tərəqqisi, milli oyanışı üçün məharətlə istifadə edə bilmişdir. O, Azərbaycanda milli dövlətçilik ənənələrinin bərpasında, möhkəmləndirilməsində və qorunmasında böyük xidmətlər göstərmişdir. İlk dəfə Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev ölkəmizin və millətimizin müqəddəratının həll olunduğu son dərəcə mürəkkəb və təhlükəli məqamlarda öz üzərinə düşən xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirərək zamanın ağır sınaqlarından şərəflə çıxmasına nail olmuşdur. 30 ildən artıq müddəti əhatə edən dövrdə Azərbaycan Respublikasının və xalqımızın taleyi, ölkə həyatının bütün sahələrində əldə edilmiş uğurlar Heydər Əliyev kimi dahi şəxsiyyətin adı, onun müdrik dövlətçilik siyasəti ilə sıx bağlı olmuşdur. Qədirbilən xalqımız öz böyük oğlunun millət naminə gördüyü möhtəşəm işlərə qiymət verərək bu dövrü çox haqlı olaraq Azərbaycan tarixinin Heydər Əliyev dövrü kimi dəyərləndirir.

Xalqımızın çətin sınaqlarla qarşılaşdığı həmin dövrdə Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyub saxlamış, ölkəmizin parçalanmasına və müstəqilliyimizin itirilməsinə yönəldilmiş cəhdlərin qarşısını almış, özünün yaratdığı sabitlik və əmin-amanlıq şəraitindən istifadə etməklə misli görünməmiş quruculuq işlərini həyata keçirmişdir.

Sovetlər İttifaqı dövründə Azərbaycan postsovet məkanında Heydər Əliyevin rəhbərliyi və təşkilatçılıq bacarığı sayəsində misli görünməmiş nailiyyətlər əldə etmiş, həmişə digər respublikalara nümunə olmuşdur. Azərbaycanın sənaye, kənd təsərrüfatı, tikinti, elm, təhsil və səhiyyə sahələrində, sözün əsl mənasında, inqilabi sıçrayışlar baş vermişdir. O illərdə SSRİ-nin birinci şəxsinin söylədiyi “Azərbaycan iri addımlarla irəliləyir” fikri dillər əzbəri idi.

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın hansı vəziyyətə düşməsi və nə kimi təhlükələrlə üzləşdiyi hamımızın yaxşı yadındadır. Həmin dövrdə Azərbaycanın iqtisadiyyatı dağıdılmlş, ölkədə siyasi böhran ən yüksək həddə çatmış, dövlət müstəqilliyinin itirilməsi üçün real təhlükələr yaranmış, vətəndaşların konstitusion hüquqlarının kütləvi şəkildə pozulması adi hala çevrilmişdi.

Məhz Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin “olum, ya ölüm” dilemması qarşısında qaldığı 1993-cü ildə doğma xalqının israrlı tələbi ilə yenidən hakimiyyətə gələrək ölkənin sükanı arxasında dayandı və müstəqilliyimizin qorunub saxlanmasına nail oldu. Ölkə fəlakətdən xilas oldu, əmin-amanlıq bərpa edildi, böyük quruculuq işlərinə başlanıldı.

Ümummilli Lider Heydər Əliyevin müdrik rəhbərliyi altında ölkəmizin inkişafının sosial-iqtisadi istiqamətləri ilə yanaşı, qanunun aliliyini təmin edən dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində islahatlar həyata keçirilmiş, insan və vətəndaş hüquq və azadlıqlarının real təmini üçün bütün lazımi əsaslar yaradılmış, Azərbaycan dünya dövlətləri arasında layiqli yerini tutmuşdur.

Bu gün tam əminliklə demək olar ki, Ümummilli Lider Heydər Əliyevin qurduğu dünyəvi və demokratik Azərbaycan dövləti öz tarixinin coşqun yüksəlişi ilə müşayiət olan şərəfli bir dövrünü yaşayır. Bugünkü müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir.

Böyük iftixar hissi ilə qeyd etməliyik ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Ulu Öndərimizin dövləti idarəetmə ənənələri uğurla davam etdirilir. Bu siyasətə sədaqətlilik Azərbaycan xalqının parlaq gələcəyinə inamı daha da artırır.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

 

Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə sıx bağlıdır. Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulması və onu möhkəmləndirməsidir. Uğurlu dövlət quruculuğu prosesi müstəqil Azərbaycanının demokratik inkişaf yolunda əmin addımlarla irəlləməsini təmin edən ən mühüm vasitə oldu.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımız üçün çox ağır bir dövrə təsadüf etsə də, müdrik rəhbər Azərbaycanı böyük bəlalardan, məhv olmaq təhlükəsindən xilas etdi. Ulu Öndər qısa müddətdə dövlətçilik ənənələrinin yaranmasına nail oldu, sivil, dünyəvi, hüquqi dövlətin qurulmasına şərait yaratdı. Ölkədə ictimai-siyasi sabitliyə, cəbhədə atəşkəsə nail olmaqla gənc oğul və qızlarımızın ədalətsiz  müharibədə həlak olmalarının qarşısını aldı. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Dahi şəxsiyyət rəhbərlik etdiyi xalqın bütün istəklərini layiqincə, böyük peşəkarlıqla, yoruldum demədən çalışaraq yerinə yetirdi.

Ulu Öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası idi. Ulu Öndər milli Konstitusiyanın qəbul edilməsi ilə yanaşı, Şərqdə ilk dəfə ölüm cəzasını ləğv etdi. Mətbuat üzərində senzura götürüldü. İlk dəfə olaraq ölkəmizdə özünüidarəetmə orqanı – bələdiyyələr yarandı. Azərbaycanın Avropa Şurasına qəbul edilməsi, Bakıda dünya azərbaycanlılarının qurultayının keçirilməsi, milli diasporumuzun fəaliyyətinin canlandırılması, azərbaycançılıq ideyasının, milli özünüdərkin gücləndirilməsi Ümummilli Lider Heydər Əliyev zəkasının bəhrəsidir.

Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 34 illik tarixi bir dövrdə nəhəng quruculuq, misilsiz təşkilatçılıq işləri ilə yanaşı, çox zəngin elmi-nəzəri və mənəvi irs yaratmışdır. Bu zəngin irs ən qiymətli mənəvi sərvət kimi elmimizin və mədəniyyətimizin qızıl fonduna daxil olmuş, milli dövlət quruculuğu prosesində əvəzsiz sərvətə çevrilmişdir.

Azərbaycan Respublikasının müasir inkişaf mərhələsində Heydər Əliyev irsinin öyrənilməsi və təbliğ edilməsi ölkəmizin bütün vətəndaşlarının, alimlərinin, mütəxəssislərin, o cümlədən dövlətimizin gələcəyi olan gənc nəslin ən əsas vəzifəsidir.

Görkəmli dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevin azərbaycanşünaslığa böyük töhfə kimi qiymətləndirilə biləcək irsi bütövlükdə qədim və müasir tariximizin, milli ideologiyamızın, rəngarəng mədəniyyətimizin və elmimizin müxtəlif sahələrində aparılan sanballı elmi araşdırmaların zəngin metodoloji əsasıdır. Bu, böyük şəxsiyyətin elmi-nəzəri irsi, eyni zamanda müstəqil Azərbaycan dövlətinin qorunması, çiçəklənməsi və daha da inkişaf etdirilməsi üçün elmi baza rolunu oynayır.

Azərbaycanın gələcək inkişaf perspektivlərinin hazırlanmasında və milli tərəqqi konsepsiyasının müəyyənləşdirilməsində Heydər Əliyevin irsi çox zəngin mənəvi sərvətdir. Çünki bu, zamanın diktəsi ilə hazırlanmışdır və xalqımızın müasir tarixinin təcəssümü kimi əvəzsiz dəyərə malikdir.

Ulu Öndər Heydər Əliyev bütün səy və bacarığı ilə dövlətçiliyimizi, müstəqilliyimizi qoruyub saxlamağı bacardı. Azərbaycanın beynəlxalq aləmdəki imicini yüksəltdi. Nəticədə respublikaya külli miqdarda xarici investisiyalar gətirildi və bu, ölkənin inkişafına böyük təkan verdi.

Zərdab Rayonu Şəftəhal kənd tam orta məktəbin direktoru Sədiyar Xəlilov

 

 

Müstəqilliyimizin ağrılı və əzablı mərhələsi.

Həyatının və siyasi fəaliyyətinin amalı, qayəsi olan doğma Azərbaycanın tərəqqisi və çiçəklənməsi Ümummilli Lider Heydər Əliyevin fədakar əməyi, böyük zəhməti, fitri istedadı sayəsində mümkün olmuşdur. Onun yaratdığı idarəetmə mexanizmi xalqımızın hələ bundan sonra uzun dövr üçün yaxşı yaşamasını, ölkəmizin daha da qüdrətlənməsini təmin edəcəkdir.

Ulu Öndər Heydər Əliyev elə bir böyük şəxsiyyət idi ki, Azərbaycan SSR-in rəhbəri, daha sonra Moskvada yüksək vəzifələrdə olanda o, Azərbaycana olan hücumların qarşısını ala bilirdi. Ona görə də Azərbaycanı istəməyən qüvvələr respublikamıza qarşı öz çirkin niyyətlərini həyata keçirmək üçün daim Heydər Əliyevin vəzifədən getməsinə çalışırdılar.

XX əsrin 80-ci illərinin sonlarında ərazi bütövlüyümüzə, suverenliyimizə yaranan təhlükə xalqımızı qəzəbləndirdi, milli azadlıq hərəkatı başladı. Mütəmadi etiraz mitinqləri keçirilirdi. Lakin tarixi ədalətsizliyi bərpa edib istiqlalına qovuşmaq istəyən xalqı sovet imperiyası müstəqil görmək istəmirdi. Bu məqsədlə imperiyanın xüsusi xidmət orqanlarının hazırladığı 20 Yanvar qırğını həyata keçirildi. Həmin gün öz hüquqları, ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış xalqımız sovet ordusunun zirehli tankları, tərkibində ermənilərin də olduğu xüsusi təyinatlı hərbi dəstələri ilə üzləşdi. İmperiya ordusu heç nəyə baxmadan dinc vətəndaşlarımızı qətlə yetirdi, tankların tırtılları altında əzdi. Bu hadisə SSRİ rəhbərliyinin əsl mahiyyətini göstərdi.

O vaxt istefada olan Heydər Əliyev səhhətinin pis olmasına baxmayaraq, ailə üzvləri ilə birlikdə Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək bu qanlı hadisələrə qəti etirazını bildirdi və onu törədənləri, SSRİ rəhbərliyini, xüsusən Qorbaçovu günahlandırdı. Bu, həqiqətən də belə idi və 20 Yanvar qırğınına verilmiş ilk siyasi qiymət idi. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib.

Müstəqilliyin ilk illərində sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan 20 Yanvar, Xocalı faciələrini görməz, habelə Laçın, Şuşa xəyanətlərin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi. Bütün bunlar ona görə baş verirdi ki, əvvəlcə Vəzirov-Mütəllibov rejimi, sonra isə Xalq Cəbhəsi-Müsavat cütlüyü Azərbaycanı Heydər Əliyev yolundan döndərməyə çalışıb və bu yolun alternativi olmadığını başa düşmək istəmirdilər. Nəticədə ölkəni uçuruma apardılar. Azərbaycanı fəlakətin bir addımlığında qoyub qaçdılar.

20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verilməsi, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi tədbirlərlə mümkün olmuşdur. Ulu Öndərin ölkəyə rəhbərliyi dövründə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar, o cümlədən 1998-ci il 31 mart tarixli Fərmanı ilə “20 Yanvar şəhidi” adının təsis edilməsi, 1998-ci il 5 avqust tarixli Sərəncamına əsasən Şəhidlər xiyabanında “Əbədi məşəl” kompleksinin yaradılması böyük tarixi əhəmiyyət daşıyır.

Prezident cənab İlham Əliyev dahi rəhbər Heydər Əliyev siyasətini davam etdirərək ölkəni daha da inkişaf etdirdi, güclü ordu yaratdı. Prezident məqsədyönlü, fəal xarici siyasət apardı. Qardaş Türkiyə ilə əlaqələrimiz daha da inkişaf etdi. Prezident əlverişli geosiyasi vəziyyət yaranan kimi Ermənistanın təmas xəttində yaratdığı təxribata cavab olaraq Azərbaycan Ordusuna əks-hücum əmri verdi.

Azərbaycan Prezidenti, Ali Baş Komandan bütün imkanlardan istifadə edərək 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. Şuşanın işğaldan azad edilməsi xalqımızın qəhrəmanlıq tarixinin ən parlaq səhifəsi olmaqla erməni faşizminin belini qırdı. Bu tarixi Qələbə Ulu Öndərimizin və bütün şəhidlərimizin ruhunu şad etdi.

Zərdab Rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki