Hökumət başçılarının qarşılıqlı səfərləri.
Bu bir reallıqdır ki, Pakistanla Azərbaycan hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birini dəstəkləyir. Azərbaycan-Pakistan münasibətlərinin inkişafı tarixi köklər və mənəvi dəyərlərə bağlılıq üzərində inkişaf edir. Bu mənada ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş dövlətlərdən biri də qardaş Pakistandır. İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələr bütün sahələrdə sürətlə inkişaf edir. Pakistan Azərbaycan ikinci dəfə öz müstəqilliyini bərpa etdikdə ilk dəfə onu tanıyan (1991-ci il dekabrın 12-si) dövlətlərdən biri olub. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. Həmin dövrdən sonra iki ölkə arasında əlaqələr daim inkişaf etdirilib və bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib. 1993-cü ilin martında Pakistanın Bakıda, 1997-ci ilin avqustunda isə Azərbaycanın İslamabadda səfirlikləri açılıb. Eyni zamanda Pakistan beynəlxalq miqyasda ölkəmizin ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyib. Məhz Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünə görə, bu ölkə ilə diplomatik münasibətlər qurmayıb. Eyni zamanda 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 nömrəli qətnaməsinin qəbul olunduğu iclasa da Pakistan sədrlik edib. Sözsüz ki, iki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın ovaxtkı baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. Bu görüşlə ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Bununla yanaşı, Prezident İlham Əliyev də Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verib. Cənab Prezident hər zaman Pakistanın ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksəksəviyyəli münasibətlər saxlayır. Tarixə nəzər salsaq görərik ki, 2006-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatının 9-cu Zirvə Toplantısı zamanı Azərbaycana işgüzar səfər edən Pakistan İslam Respublikasının Baş naziri Şövkət Əzizin son illərdə (2023,2024,2025) səfərlərinin sayı artmışdır. Belə ki, 14-15 iyun 2023-cü il tarixində, 13 noyabr 2024-cü il tarixində və 23 fevral 2025-ci il tarixində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana dövlət səfəri etmişdir.
Zərdab rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi -Ehtiram Osmanov
Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir.
İki qardaş ölkə Pakistan va Azərbaycan arasında bir çox sahələrdə olduğu kimi ticarət və investisiya sahələrində də əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra layihələr hazırda reallaşdırılır. Ölkələr arasında arasındakı iqtisadi-ticari əlaqələr strateji xarakter daşıyır və hər iki ölkənin hökumətləri bu sahədə əməkdaşlığı daha da genişləndirmək üçün ciddi səylər göstərir. İkitərəfli iqtisadi münasibətlərin inkişafı hər iki dövlət üçün prioritet istiqamətlərdən biridir və bu məqsədlə müxtəlif səviyyəli görüşlər, iqtisadi forumlar, konfranslar və hökumətlərarası komissiya iclasları keçirilir. Ticarət dövriyyəsinin artırılması istiqamətində bir sıra mühüm layihələr həyata keçirilib və yeni təşəbbüslər üzərində iş aparılır. Son illərdə qarşılıqlı ticarətin həcmi artsa da, hər iki tərəf bu göstəricilərin daha da yüksəlməsinə nail olmaq üçün birgə fəaliyyət göstərir. Pakistan və Azərbaycan sahibkarları arasında əməkdaşlığın gücləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və sərmayələrin artırılması üçün davamlı müzakirələr aparılır.
Azərbaycanın Pakistanla kənd təsərrüfatı, enerji, əczaçılıq, ticarət, tikinti, nəqliyyat, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığı üçün böyük potensialı mövcuddur. Azərbaycanın neft-qaz sənayesində qazandığı təcrübə və enerji resursları Pakistan üçün mühüm əhəmiyyət daşıyır. Pakistan isə öz növbəsində əczaçılıq, tekstil, aqrar və emal sənayesi sahələrində Azərbaycan bazarında öz mövqeyini gücləndirə bilər. Azərbaycan və Pakistan arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı ticarət maneələrinin aradan qaldırılması, gömrük və logistika sahəsində əməkdaşlığın dərinləşdirilməsi əsas məqsədlərdən biridir. Xüsusilə nəqliyyat və tranzit marşrutlarının genişləndirilməsi iki ölkə arasında ticarət dövriyyəsinin artmasına ciddi töhfə verə bilər. Azərbaycanın coğrafi mövqeyi, onun Avropa və Asiyanı birləşdirən mühüm nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi Pakistan üçün yeni ixrac imkanları yaradır. Azərbaycan və Pakistan, həmçinin D-8 və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də iqtisadi əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. Bu qurumlar çərçivəsində yeni iqtisadi təşəbbüslərin reallaşdırılması, birgə layihələrin həyata keçirilməsi, regional bazarlara çıxış imkanlarının genişləndirilməsi müzakirə edilir. Hər iki ölkə bu əməkdaşlıq sayəsində ticarət dövriyyəsini artırmaq və iqtisadi əlaqələri daha da möhkəmləndirmək niyyətindədir. Bundan əlavə, Pakistan və Azərbaycan arasında sərmayələrin təşviqi üçün hökumətlərarası işçi qruplar fəaliyyət göstərir. Bu işçi qruplar qarşılıqlı investisiya imkanlarını dəyərləndirir və sahibkarlar üçün əlverişli şəraitin yaradılması istiqamətində addımlar atır. Bütün bu təşəbbüslər, layihələr və əməkdaşlıq istiqamətləri Azərbaycanın və Pakistanın iqtisadi-ticari münasibətlərinin daha da güclənməsinə xidmət edir.
Gəncliyə Dəstək İctimai Birliyin sədri-Vəfa Xəlilli.