image-qanunla-reklam
image-news-641-1

Hüquq Elmləri üzrə fəlsəfə doktoru Əsmər Əliyeva ilə müsahibə

image-lady-day-az

Red: Salam, Əsmər xanım, müsahibə təklifimizi qəbul etdiyiniz üçün təşəkkür edirik. Əvvəlcə, zəhmət olmasa, özünüz haqqında məlumat verərsiniz. ( təhsil, iş təcrübələriniz və s.)

Ə.Ə.: Diqqətinizə görə mən təşəkkür edirəm. Çox qəliz və rəngbərəng təhsil və iş təcrübəsinə malik deyiləm, uşaqlıqdan nə istədiyimi dəqiq bilmişəm və bu yolla da getmişəm, məsələn, abituriyent olarkən, mənimlə birgə hazırlaşan dostlarımın mütləq əksəriyyəti ixtisas seçimi vərəqini doldurarkən bir-biri ilə əlaqəsi olmayan fərqli ixtisaslar yazırdılar, məqsədləri arzusunda olduqları ixtisasa yiyələnmək yox, sadəcə olaraq, çöldə qalmamaq” idi, bu mənə həmişə çox qəribə gəlirdi, bu gün də qəribə gəlir. Ətrafımdakı gənclərə, yeniyetmələrə də həmişə məsləhətim odur ki, arzularının, istəklərinin arxasınca getsinlər, ali təhsil almaq xətrinə ali təhsil almasınlar. Sırf prestijlidir deyə, özlərini görmədikləri ixtisası seçməsinlər. Sizə bir sirr açım, bu müsahibəni oxuyan orta məktəb müəllimlərim bunu təsdiqləyəcəklər. Hamıya məlum idi ki, mən orta məktəb illərində bütün fənnlərdən əlaçı olsam da, texniki fənnləri daha çox sevirdim. Ulduzlu məsələlər, olimpiada tapşırıqları ilə saatlarla məşğul olmaq hobbim idi. Təbii olaraq, müəllimlərim məni həkim kimi görmək arzusunda idilər, hətta bununla bağlı valideynlərimlə də danışıb onlara məni yola gətirməyi məsləhət görmüşdülər. Lakin mən özümü həkim kimi heç vaxt görmürdüm. Arzum hüquqşünas olmaq idi. Odur ki, bəlkə də humanitar fənnlərin üstünlük təşkil etdiyi ixtisas qrupunu seçməklə özümü əzaba salmaq bahasına da olsa fikrimdən dönmədim. Məktəbi 15 yaşında bitirib elə həmin il BDU-nun hüquq fakültəsinə qəbul olundum, bakalavr təhsilini başa vurduqdan sonra magistratura pilləsində təhsilimi davam etdirdim, daha sonra artıq arzularımın reallaşmasının ikinci mərhələsinə ayaq basdım. Mən hüquqşünas yox, hüquqşünasları yetişdirən müəllim, hüquq elminin dərinliklərində üzməyi öyrənmək istəyən alim olmaq arzusunda idim. BDU-nun hüquq fakültəsində həmin il Maliyyə hüququ ixtisası üzrə müəllim axtarılırdı,bu fənni tədris edən yalnız bir müəllim vardı və dərs yükü həddən artıq çox idi, lakin fənn çox qəliz idi və dəbdə olan hüquq sahələrindən biri olaraq sayıla bilməzdi. Mənə bu fənnin seminarlarını deməyi təklif etdilər, təklifi qəbul etdim, çoxları mənə bu təcrübənin uğursuz olacağını dedilər, cəmi 21 yaşım vardı, fənn isə həddən artıq qəliz idi. Lakin qərarımdan dönmədim,  sahənin az işlənmiş olması mənim üçün daha maraqlı idi. Beləcə, doktoranturaya da həmin ixtisasla daxil oldum və hüquq üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi aldım, bu gün kafedranın dosentiyəm. Bununla yanaşı, Azərbaycan Respublikası Ədliyyə Akademiyasının 0.5 ştat baş müəllimiyəm, UNEC-də SABAH qruplarında, Gömrük Akademiyasında saathesabı müəlliməm. Müəllimliyi, gələcəyə böyük ümidlərlə baxan istedadlı gənclərə elm və karyera sahəsində yol göstərməyi, hüquq elmi sahəsində tədqiqat aparmağı çox sevirəm.

Red: Maliyyə hüququ sahəsində çalışmaq istəyən gənc hüquqşünaslara nələri tövsiyə edirsiniz?

Ə.Ə.: Bilirsinizmi, söhbətimizin bayaqkı hissəsinin davamı olaraq demək istəyirəm ki, mən universitetdə işə başlayanda tələbələrin bu sahəyə göstərdiyi maraqla, bu günkü maraq arasında yerlə göy qədər fərq var. bunun səbəbi əlbəttə ki, bu sahədəki ictimai münasibətlərin aktuallığının artmasıdır. Bu gün 100-lərlə məzunlarımız bizimlə təcrübədə rastlaşdıqları ziddiyyətlərlə bağlı məsləhət edir, fikir mübadiləsi aparırlar. İldən-ilə bu sahəni seçən hüquqşünas məzunların sayı artır. Tövsiyələrim isə odur ki, əgər təhsillərini xarici ölkələrdə davam etdirmək istəyirlərsə, məhz bu sahələr üzrə dünyanın qabaqçıl universitetlərində dərəcə alsınlar və mütəxəssis kimi ölkəyə qayıtsınlar və bizə, bu sahənin müasir standartlara cavab verə biləcək elmi məktəbini yaratmağa kömək etsinlər. BDU-nun hüquq fakültəsində artıq bir neçə ildir ki, inzibati hüquq, inzibati proses və maliyyə hüququ ixtisaslaşması üzrə magistr təhsili verilir, sizə məlumat üçün bildirim ki, artıq iki ildir ki, ən yuxarı keçid balı olan ixtisaslardan biri də məhz bu ixtisasdır. Bu bir daha o deməkdir ki, gənclər bu sahəyə çox maraqlıdır, lakin gələcəkdə hüququn bu sahəsini daha da spesifikləşdirərək, onun ayır-ayrı sahələri olan vergi hüququ, bank hüququ, gömrük hüququ kimi ixtisaslar üzrə alimlər yetişdirərək öz məktəbimizi yaratmaq, qarşımıza qoyduğumuz məqsədlərimizdən biridir.

Red: Yeni məzun olmuş hüquqşünaslara karyeralarının başlanğıcında nə kimi məsləhətlər verə bilərsiniz?

Ə.Ə.: Əlbəttə ki, bir daha təkrar edirik-hüquqşünas məzun, ilk öncə nə istədiyini bilməlidir. Mən öz tələbələrimə həmişə bir sözü deyirəm-əgər siz, ölkənin ən yuxarı keçid balı olan ixtisaslarından birinə daxil olmusunuzsa, demək sizlər hər biriniz artıq bir istedadsınız. Geriyə qalır, sizin istedadınızı düzgün yerə yönəltmək. Burada əsas rollardan biri əlbəttə ki, biz müəllimlərinm üzərinə düşür. Bəzən insan özünü sırf kommersiya hüquqşünası kimi görür, bəzi gənclər özlərini yalnız və yalnız dövlət qulluqçusu kimi görürlər. Bəzi gənclər sərbəstdir, azad quş kimidir, onlar heç bir qurumda, təşkilatda çalışmamaq, vəkil olub insanların hüquqlarını müdafiə etmək kimi gözəl bir fəaliyyətlə məşğul olmaq istəyirlər. Bəzi gənclər təcrübədə işləməklə heç bir nailiyyət əldə edə bilməyəcək, onların düşüncələri, fikirləri o qədər dərin, o qədər fəlsəfidir ki, saatlarla onlara hüquq elmi barədə danışarkən qulaq asmaq istəyir insan. Onların gələcəyi elm yoludur. Gənc hüquqşünas öz yolunu müəyyən etdikdən sonrası şansdan və daha çox əzmkarlıqdan asılıdır.

Red: Bir hüquqşünas olaraq, siz özünüzü necə inkişaf etdirirsiniz?

Ə.Ə.: Tək hüquqşünas yox, bütün insanlar üçün bütün dövrlərin ən səmərəli özünü inkişaf üsulu kitablardır. Kitabların bizə verdiyi biliyi heç bir alternativ üsul vermək iqtidarında deyildir. Bununla yanaşı, dünyanın nüfuzlu hüquq məktəblərinin alimlərinin son elmi məqalələrini oxumaq, özümüzdən təcrübəli alimlərlə ünsiyyət, gənclərlə fikir mübadiləsi, təcrübədə çalışan keçmiş məzunlarla  müzakirələr  bəzən axtardığım suallara cavab tapmağa kömək olur.

Red: Sizcə Hüquq fakültəsinin məzunları magistratura seçimləri zamanı nələrə diqqət yetirməlidirlər?

Ə.Ə.: Bununla bağlı magistraturaya qəbul imtahanları dövründə bizə tələbələrdən həddən artıq çox suallar gəlirdi. Belə qərara gəldik ki, fakültə müəllimləri onlayn formatda müzakirə açaq və eyni vaxtda bir neçə sosial şəbəkə hesabından bunu canlı paylaşaq. Tədbirdə tələbələr onları maraqlandıran suallara cavab tapmağa çalışdı, anladılar ki, magistratura ixtisası seçimində əsas şərt, gələcəkdə bu sahə üzrə çalışmaq arzularının olub-olmamalarını müəyyənləşdirməkdir. Lakin bu, yeganə şərt deyil. Aktual olmayan, bazar dəyəri olmayan, elmi mahiyyəti olmayan ixtisasların seçilməsi (tək ölkədə deyil, bütün dünyadakı universitetlərdə) gələcəkdə zaman itkisinə və boş sərfiyyata səbəb ola bilər. Unutmayaq ki, hüquq cəmiyyətdə yarana  ictimai münasibətləri tənzimləməyə yönəlik elmdir.

Red: Son olaraq, tələbələrə nə demək istərdiniz, onlar universitet həyatını necə daha səmərəli və produktiv keçirə bilərlər?

Ə.Ə.: Təəssüf ki, pandemiya artıq iki ilə yaxındır ki, bizi əziz tələbələrdən, auditoriyalardan uzaq salıb. Mən heç vaxt universitetdəki işimi dərs saatlarında dərsimi deyib, zəng vurulan kimi üzümü çevirib getməklə məhdudlaşdırmamışam. Düşünürəm ki, universitet müəllimləri onlara təhkim olunan elmi öyrətməkdən savayı, gənclərin “fikir hocaları” da olmalıdır. Təəssüf ki, il yarımdır ki, bundan məhrumuq. Əvəzində pandemiya bizim hamımıza başqa fürsətlər də verdi. Daha çox boş zaman qazandıq. İnanıram ki, gənclər bundan səmərəli istifadə edib, özlərini inkişaf yolunda müsbət irəliləyişlər əldə etdilər. Tələbələrə məsləhət görərdim ki, vaxtlarını daha çox oxumağa həsr etsinlər. Bal almaq, qiymət almaq üçün yox, elm öyrənmək üçün oxusunlar. Müəllimin verdiyi standart dərs vəsaitləri və mühazirələrlə kifayətlənməsinlər, xarici ədəbiyyatlara müraciət etsinlər. Mütləq xarici dil öyrənsinlər, bunların içərisində rus və ingilis dilləri mütləqdir. Səhnələşdirilmiş məhkəmə oyunlarında, arbitraj çəkişmələrində iştirak etsinlər, tələbə hüquq jurnallarına heç olmasa bir dəfə məqalə versinlər. Unutmasınlar, yaxşı hüquqşünas yaxşı danışmaq, yaxşı yazmaq, yaxşı nəticə çıxarmaq və yaxşı dinləmək vərdişlərinin hər birinə ayrı-ayrılıqda yiyələnmiş birinə deyilir. Və sonda, müsahibəni başladığımız fikirlə də bitirmək istəyirəm-nə olur olsun, arzuarının arxasınca getsinlər. Gələcəyimizi onlar quracaq, qoy gənclərimiz daim uğur qazansınlar!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki