Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram!
Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram!
Azadlığı istəmirəm bir həb gibi, dərman gibi!
İstəyirəm Səma gibi,
Günəş gibi,
Cahan gibi!
İçindəki hissləri boğa bilməyən məhbus əlini qapıya uzadır, “çöldən gələn” istəyini soruşur. Məhbus çox vaxt istəyinin həyata keçməyəcəyini bilsə də söyləyir, içini boşaldır. Burada olduğunu bildirmək istəyir, çünki burada, qapının arxasında “qapıların” açılma vaxtı var, bunu bilsə də, qapı arxasında gözləsə də, “çölə çıxmaq” vaxtı olmasa da qapını açanların yerində olub-olmadığını bilmək istəyir, səsinə səs verildiyi üçün rahatlayır, bilir ki, vaxtında qapını açacaqlar.
Vaxt gəlir qapı açılır, kimisi idmana, kimisi mağazaya, kimisi də saçını düzəltməyə gedir və vaxtında hamı geri qayıdır, öz yerini tutur.
Və yeri olmayan, yer üstündə sözü yerə düşən, yeri olub yersiz olan da var.
Və burda arzular eynidir, oxşardır. Məhbusların ən böyük arzusu kiçik arzularının həyata keçməsidir.
Hamının gözü qapıda…
Və bütün zindanlarda Həzrəti Yusifin səbri var. Ən çox səbr göstərənlər isə ömürlük məhbuslardır.
Və 8 il iş almış yeni məhbus pərişan halda bir qırağa çəkilib, fikrə dalır. Məhbus yoldaşları başına toplaşır, kimsə danışmır. Ömürlük məhbuslardan biri onlara yanaşır, hamını diqqətlə süzür və deyir: Siz xoşbəxt adamlarsınız, amma bunu bilmirsiniz. Çünki gözlədiyiniz gün, azadlığa çıxacağınız tarix var. Bizim isə nə gözlədiyimiz gün var, nə də azadlığa çıxacağımız tarix…
Və mən də o xoşbəxtlərdənəm ki, gözlədiyim gün, azadlığa çıxacağım tarix var.
Və gün demişkən burda günü qara məhbusların günü keçmir. Havalı məhbuslar havanı tuta bilmir. Günəşin nə vaxt çıxdığını və nə vaxt batdığını görmürük. Hava da həmişə eyni rəngdədir. Elə bil günəşin bura düşən tərəfi qaralıb.
Mən isə uzun illər Ona və Onun söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” şüarına inananlardanam.
Və 41-45-ci illərdə tək sovet xalqı alman milləti ilə döyüşmürdü, həm də Stalin ilə Hitler döyüşürdü. Sonda Stalin qalib gəldi, sovet xalqının hesabına.
Və ədalətli qərarın ( hakim üçün) iki mənbəyi var. Savad və vicdan.
Baş verən hadisəni dərk etməyə savad, ədalətli qərar çıxarmağa vicdan lazımdır.
Və tikanlı məftilləri gördükcə İsa Peyğəmbəri gözlərimin önünə gətirirəm, tikanlı məftillərə bürünmək istəyirəm. Amma İsa Peyğəmbəri nə qədər çox sevsəm də sağ yanağıma dəyən silləyə, sol yanağımı çevirmərəm. Qisas törəmdədir. Qisas ali hissdir. Necə ki, son Peyğəmbərimiz söyləyib: “Sizinlə savaşanla siz də savaşın”!
Və son günlər Nitsşenin düşüncələri tez-tez keçir ağlımdan. İsa Peyğəmbəri inkar edən, incilə qarşı çıxan, Allah öldü deyən Nitsşeni iki cür tanıyanlar var. Bir bığlarına görə (şəkildən), bir də fikirlərinə görə (kitabdan).
Və məndən çox narahat olmayın, kim çöldə necədirsə içəridə də elədir (burda da söz gəzdirənlər, ara vuranlar, dost-qardaş deyib kürəyindən vuranlar və s. var). Bəzən bulaşmaq istəmədiyin bataqlığın suyunu daş atıb üstünə sıçratmaq istəyənlər olsa da.
Və bütün dövrlərdə olub, müxtəlif adlar ilə ifadə olunub, qədim adı zindandır. Tikanlı məftilləri, ah keçirməyən divarları, içəridən döyülən qapıları ilə məhşur olan zindanlar və həbsxanalar.
Və, və, və burda çoxluq (99%) özünü günahkar bilmir, çünki eyni əməli törədən 10 nəfərin 7-si hansısa vasitələrdən istifadə edərək azadlıq alıb, bu vasitələrdən istifadəyə imkanı çatmayan 3 nəfər isə həbs edilib.
Çoxlarının gözü yolda, qulağı səsdədir. Qarşıda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir.
Burada qapılar içəridən döyülür, açın, içəridən döyülən qapıları, açın, açarları sizdə olan qapıları…
Rejissor, aktyor Rza Rzayev