İki dövlət arasında siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlıq uğurla davam edir.
Azərbaycan – İran münasibətləri dərin tarixi köklərə malikdir. Xalqlarımız əsrlər boyu bərabər yaşayıblar. İran 1991-ci il dekabrın 25-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub, 1992-ci il martın 12-də isə iki ölkə arasında tam diplomatik münasibətlər qurulub. Böyük tarixi köklərə əsaslanan münasibətlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra inkişaf mərhələsinə qədəm qoyub. Bu əlaqələr sonrakı illərdə də möhkəm siyasi iradə sayəsində genişlənib və bu gün əməkdaşlığın bütün sahələrini əhatə edir. Aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana ilk rəsmi səfəri iki ölkə arasında bir müddət davam edən soyuq münasibətlərə son qoyulması kimi qiymətləndirmək olar. Səfər çərçivəsində iki dövlət başçılarının məhdud və geniş tərkibdə görüşləri keçirilib. Daha sonra Prezidentlərin iştirakı ilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib, prezidentlərin Birgə Bəyanatı imzalanıb. Mərasimin sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian mətbuata bəyanatlarla çıxış ediblər. Mətbuata bəyanatında Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirib ki, xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar. Bu gün bu möhkəm təməl üzərində dövlətlərarası münasibətlərimiz inkişaf edir. Azərbaycan və İran arasındakı strateji tərəfdaşlıq regionda sabitlik, inkişaf və təhlükəsizliyin təmin olunmasında həlledici rol oynayır. İki dövlət arasında siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlıq uğurla davam edir. Bu əlaqələr həm regional, həm də qlobal səviyyədə tərəflərin maraqlarına uyğun olaraq qarşılıqlı fayda prinsipi üzərində qurulmuşdur. Bakı və Tehran bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir və bu dəstək bundan sonra da davam edəcək. Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də Azərbaycan və İran bir-birinə dəstək verir. Təbii ki, burada nəqliyyat layihələri xüsusi rol oynayır. Nəqliyyat-logistika sahəsində əməkdaşlığın əsas istiqamətlərindən biri Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafıdır. 2023-cü ildə bu marşrut üzrə yükdaşımaların 50% artması və Ağbənd dəmir yolu körpüsünün tikintisi iki ölkənin logistika imkanlarının genişlənməsinə xidmət edir. Şimal-Cənub Nəqliyyat Dəhlizi həm Avropa ilə Asiya arasında ən qısa və səmərəli tranzit yolu kimi çıxış edir, həm də iqtisadiyyatın şaxələndirilməsi və beynəlxalq ticarətin genişlənməsinə şərait yaradır. Bu layihənin bütün iştirakçı ölkələr üçün çox böyük səmərə gətirəcəyini, böyük fayda verəcəyini söyləyən dövlətimizin başçısı Azərbaycanın öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirdiyini qeyd edərək deyib: “Hazırda biz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk. Görüş iki dövlətin birgə həyata keçirdiyi layihələrin yalnız bu gün deyil, gələcək nəsillər üçün də dayanıqlı inkişaf platforması yaradacağını bir daha təsdiqlədi. Azərbaycanın xarici siyasətində dost qonşu ölkələrlə münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi, əməkdaşlıq əlaqələrinin daim genişləndirilməsi hər zaman xüsusi diqqət mərkəzində olub. Azərbaycanla İran arasında diplomatik münasibətlərin zəngin tarixi keçmişi vardır. Azərbaycan və İran xalqları islam aləminə mənsub olan xalqlardır. İki xalqın din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda, ortaq tarixə malik olması dövlətlərarası əlaqələrin inkişafına müsbət dinamika verir.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Aydın Şıxəliyev