image-qanunla-reklam
image-media-images-fn3ibkhs8qp6c15o2e7u

İki ölkə arasında bərpaolunan enerji istehsalı istiqamətində əməkdaşlıq genişləndirilir

image-lady-day-az

İki ölkə arasında bərpaolunan enerji istehsalı istiqamətində əməkdaşlıq genişləndirilir.

Dünyada ənənəvi enerji mənbələrindən “yaşıl enerji”yə keçid müasir dövrün əsas hədəflərindən biridir. Azərbaycanda da bu sahəyə xüsusi diqqət göstərilir. 2030-cu ilədək elektrik enerjisi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması, işğaldan azad olunmuş ərazilərin “Yaşıl Enerji” Zonasına çevrilməsi ölkəmizin enerji siyasətində bir nömrəli prioritetdir. Dünyada əhali sayına görə birinci, iqtisadiyyatın həcminə görə ikinci dövlət olan Çin Xalq Respublikası bərpa olunan enerji sahəsində qısa müddətdə ciddi nailiyyətlər əldə edərək, ambisiyalı hədəflər müəyyənləşdirib. Hazırda Çin bərpa olunan mənbələrdən əldə edilən elektrik enerjisinin istehsalına görə dünyanın lider ölkəsidir və bu göstəriciyə görə ən yaxın rəqibi ABŞ-ı iki dəfə qabaqlayır. Çin bərpa olunan enerji mənbələrini təkcə karbon emissiyasının azaldılması üçün vasitə hesab etmir. Bu məsələdə ölkənin enerji təhlükəsizliyinin təminatı da ciddi əhəmiyyət daşıyır. Ölkədə bərpa olunan mənbələrdən əldə edilən elektrik enerjisinin əsas hissəsi su elektrik stansiyalarının payına düşsə də, ildən-ilə günəş, külək və bioyanacağın xüsusi çəkisi çoxalır. Son illər ölkəmizdə “yaşıl” sərvətdən istifadəyə diqqət getdikcə artırılır. Bu da ümumi enerji istehsalında bərpaolunan enerjinin payının artmasına gətirib çıxarır. Ölkəmizin zəngin “yaşıl” potensialı, bu sahədə həyata keçirilən çoxsaylı layihələr dünyanın enerji keçidində uğurla fəaliyyət göstərən şirkətlərin diqqətini getdikcə daha çox cəlb edir. Digər tərəfdən, Azərbaycanda yaradılmış əlverişli biznes mühiti, infrastruktur imkanlarının genişliyi xarici investorların, tanınmış şirkətlərinin bu sahəyə marağını gedikcə artırır.  Mövzuya keçid alaraq qeyd edək ki, ölkəmizin bərpa olunan enerji sahəsində zəngin potensialından uzaq Çində də xəbərdardırlar. Məhz bunun nəticəsidir ki, son zamanlar iki ölkə arasında iqtisadi əlaqələrin strukturunda “yaşıl” enerji əməkdaşlığı xüsusi önəm kəsb edir. Artıq bu ölkənin “China Energy Engineering Corporation Limited” şirkəti tərəfindən ölkəmizdə bir neçə layihə həyata keçirilir. Şirkət Xəzər dənizində 1 qiqavatlıq külək enerjisi meqalayihəsinin podratçısıdır. Bununla yanaşı, “China Energy Engineering Corporation Limited” Füzuli rayonunda günəş enerjisi və digər layihələrə investisiya yatırıb. Yeri gəlmişkən, fəaliyyət dairəsinə bərpa olunan enerji layihələri ilə yanaşı, hidrogen enerjisi, enerjinin saxlanması və iri elektrik şəbəkələrinin tikintisi kimi istiqamətlər də daxil olan “China Energy Engineering Corporation Limited” şirkətinin 147 ölkədə 256 filialı mövcuddur. Hazırda 416 layihəsi icra olunan şirkət Çinin bərpa olunan enerji bazarının 50 faizinə nəzarət edir. Prezident İlham Əliyevin və Sədr Si Cinpin imzaladıqları “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın 6-cı maddəsində iki ölkənin enerji keçidinin, dayanıqlı sosial-iqtisadi inkişafın təşviq edilərək bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığı fəal şəkildə inkişaf etdirməyə və təmiz enerji sahəsində qlobal tərəfdaşlığın formalaşmasını birgə irəlilətməyə hazır olduqları vurğulanıb. Azərbaycanda enerji tələbatı artır, eyni zamanda, iqlim dəyişikliyinin təsirlərini azaltmaq məqsədilə “yaşıl enerji” mənbələrinə keçid vacibdir. Çin bu istiqamətdə Azərbaycana dəstək verməyə maraqlıdır. Azərbaycanda “yaşıl enerji” layihələrinə sərmayə qoymaqla, həm yerli iqtisadiyyata, həm də qlobal enerji bazarına təsir etməyi planlaşdırır. Bu, iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsinə şərait yarada bilər. Çin günəş və külək enerjisi texnologiyalarında mühüm təcrübəyə malikdir. Azərbaycan bu texnologiyalardan faydalanaraq, yerli enerji istehsalını artırmağı hədəfləyir. Çin, həmçinin, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək, Azərbaycanda “yaşıl enerji” layihələrinin inkişafını dəstəkləyə bilər.

Zərdab rayon Nizami Gəncəvi adına Şəftəhal kənd tam orta məktəbin müəllimi Zohrab Şıxlı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki