image-qanunla-reklam
image-img_20250226_132423

İKİ ÖLKƏ ARASINDA QARDAŞLIQ ƏLAQƏLƏRİ MÖVCUDDUR!

image-lady-day-az

İKİ ÖLKƏ ARASINDA QARDAŞLIQ ƏLAQƏLƏRİ MÖVCUDDUR!

Azərbaycan ilə Pakistan arasında diplomatik əlaqələr 1991-ci ildə, ölkəmizin müstəqilliyini bərpa etməsindən dərhal sonra qurulub. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub ki, bu da iki ölkə arasında formalaşacaq sıx münasibətlərin başlanğıcı hesab edilir. Həmin dövrdən etibarən Bakı ilə İslamabad arasında strateji tərəfdaşlıq sürətlə inkişaf etməyə başlayıb, dövlətlərarası münasibətlər qarşılıqlı hörmət və etimad prinsipləri əsasında daha da möhkəmlənib. İki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın ovaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. Bu görüşlə ikitərəfli əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Bakıya rəsmi səfər edib. Bir il sonra – 1996-cı ilin aprelində isə Ulu Öndər Heydər Əliyevin dost və qardaş ölkəyə rəsmi səfəri iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün mühüm amil olub. Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji əməkdaşlıq uzun illərə söykənən dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Hər iki dövlət tarix boyu bir-birinə dəstək nümayiş etdirib, beynəlxalq aləmdə ortaq maraqlara əsaslanan siyasət yürüdüb. Uzun illər boyu bu münasibətlər siyasi, iqtisadi, hərbi, mədəni-humanitar və digər sahələrdə, parlamentlər səviyyəsində inkişaf edərək daha da dərinləşib. Cənab Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir, ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inama və etimada əsaslanan yüksəksəviyyəli münasibətlər saxlayır. Bu da ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasına böyük təkan verir və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır. İllərdir Pakistan Hökuməti rəsmi Bakının mövqeyini ardıcıl və prinsipial şəkildə müdafiə edir, beynəlxalq arenada Azərbaycanın maraqlarını dəstəkləyən ölkələr sırasında yer alır. Azərbaycan ilə Pakistan arasındakı iqtisadi-ticari əlaqələr strateji xarakter daşıyır və hər iki ölkənin hökumətləri bu sahədə əməkdaşlığı daha da genişləndirmək üçün ciddi səylər göstərir. İkitərəfli iqtisadi münasibətlərin inkişafı hər iki dövlət üçün prioritet istiqamətlərdən biridir və bu məqsədlə müxtəlif səviyyəli görüşlər, iqtisadi forumlar, konfranslar və hökumətlərarası komissiya iclasları keçirilir. Ticarət dövriyyəsinin artırılması istiqamətində bir sıra mühüm layihələr həyata keçirilib və yeni təşəbbüslər üzərində iş aparılır. Son illərdə qarşılıqlı ticarətin həcmi artsa da, hər iki tərəf bu göstəricilərin daha da yüksəlməsinə nail olmaq üçün birgə fəaliyyət göstərir. Pakistan və Azərbaycan sahibkarları arasında əməkdaşlığın gücləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və sərmayələrin artırılması üçün davamlı müzakirələr aparılır. Azərbaycan-Pakistan münasibətləri gələcəkdə daha da inkişaf edəcək və yeni əməkdaşlıq imkanları yaranacaq. İki ölkə arasında iqtisadi layihələrin genişləndirilməsi, müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi əsas strateji hədəflərdir. İqtisadi əməkdaşlıq sahəsində yeni ticarət marşrutlarının açılması və investisiya imkanlarının artırılması üçün müvafiq addımlar atılacaq. Enerji, kənd təsərrüfatı və sənaye sahələrində birgə layihələrin həyata keçirilməsi hər iki ölkənin iqtisadi inkişafına müsbət təsir göstərəcək. Bu addımlar isə öz növbəsində hər iki ölkənin strateji əhəmiyyətini artıracaq, regionda və dünyada sabitliyə töhfə verəcək.

 

Yeni Azərbaycan Partiyası

Saatlı rayon təşkilatı aparatının məsləhətçisi

Aqşin Əliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki