image-qanunla-reklam
image-img_20250109_092940

İKİ ÖLKƏ ARASINDA SƏMİMİ ƏMƏKDAŞLIQ MÜNASİBƏTLƏRİ MÖVCUDDUR!

image-lady-day-az

İKİ ÖLKƏ ARASINDA SƏMİMİ ƏMƏKDAŞLIQ MÜNASİBƏTLƏRİ MÖVCUDDUR!

Afrika ölkələri ilə əlaqələrin genişləndirilməsi Azərbaycan üçün hər zaman prioritet olub. Afrika dövlətləri də Azərbaycanla siyasi, iqtisadi əlaqələrin qurulmasına böyük əhəmiyyət verirlər. Elə bu səbəbdən Azərbaycan və Afrika ölkələri arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Şübhəsiz, ölkəmizin Qoşulmama Hərəkatına 4 il sədrlik etməsi Afrika ölkələri ilə əməkdaşlığımıza yeni təkan verib. Belə ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə Afrika ölkələrinin maraqlarının beynəlxalq platformalarda təbliği və onlarla əlaqələrinin inkişafına böyük səylər göstərib. Ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) da rəsmi Bakı bu ölkələrin maraqlarına sadiq olduğunu nümayiş etdirib. Həm də Prezident İlham Əliyev üzləşdirkləri problemləri aradan qaldırmaq məqsədilə  həmin dövlətlərə dəstək göstərilməsinin vacibliyini bütün dünyaya bəyan edib. Hələ 2021-ci ildə Seneqalın xarici işlər naziri Dudu Tiam demişdi ki, Afrika dövlətlərinin inkişafdan geri qalmalarının səbəbi rəsmi Parisdir. Bu dövlətin kolonial siyasəti xalqların sosial vəziyyətinin ağırlaşmasının əsas səbəbidir. Afrika dövlətlərinə dəstək verən azsaylı ölkələrdən biri olan Azərbaycan Bakı Təşəbbüs Qrupu (BTQ) vasitəsilə neokolonializm siyasətini davam etdirən, bu dövlətlərin təbii sərvətlərini talayan Fransanın zülmündən əziyyət çəkən Afrika ölkələrinin səsinin dünya ictimaiyyətinə çatdırmaq istiqamətində də ciddi addımlar atır. Ölkəmizin mənəvi dəstəyi ilə Afrikanın bir sıra bölgələrində müstəmləkəçiliyin buraxdığı uzunmüddətli miraslarla mübarizəsini davam etdirməsi bu faktı bir daha sübut edir. Azərbaycanın bu kimi təşəbbüsləri, yəni həm diplomatik, həm də humanitar addımları da Afrikada müsbət qarşılanır. Bir məsələni də vurğulayaq ki, Makron Fransası Azərbaycanın müstəmləkəçilik əleyhinə apardığı bu uğurlu mübarizəni həzm edə bilmir. Odur ki, ölkəmizə qarşı hədyanlar yağdırmaqda davam edir. Azərbaycan Fransa və digər ölkələrin müstəmləkə siyasətinə qarşı mübarizə aparan və Afrika dövlətlərinə dəstək verən azsaylı ölkələrdən biridir. Xüsusilə Azərbaycanın beynəlxalq platformalarda müstəmləkəçilik siyasətinə qarşı açıq mövqe nümayiş etdirməsi Afrikada müsbət qarşılanır. Azərbaycan Afrika dövlətlərinin siyasi və iqtisadi müstəqillik yolunda apardığı mübarizəyə həm diplomatik, həm də humanitar dəstək göstərir. Ölkəmiz beynəlxalq təşkilatlarda Afrikanın hüquqlarını müdafiə etməklə yanaşı, onların iqtisadi inkişafına töhfə vermək üçün investisiya və texniki yardım layihələrində iştirak edir. Bundan əlavə, Azərbaycan Afrika ölkələrinin beynəlxalq təşkilatlardakı səsini gücləndirmək üçün müxtəlif platformalarda onlara dəstək nümayiş etdirir. Ölkəmiz, eyni zamanda, Afrika ölkələrinin enerji, kənd təsərrüfatı və nəqliyyat sahələrində inkişaf etməsinə töhfə vermək məqsədilə ortaq layihələrdə iştirak edir. Azərbaycan Afrika ölkələrinin təhsil sahəsində inkişafını dəstəkləmək üçün tələbələrə təqaüdlər ayırır və akademik mübadilə proqramlarını təşviq edir. Həmçinin ölkəmiz Afrika dövlətləri ilə iqtisadi əməkdaşlığı dərinləşdirmək üçün biznes forumlar və sərgilər təşkil edərək, onların qlobal bazarlara inteqrasiyasını dəstəkləyir. Bu strateji yanaşma Azərbaycanın Afrikada etibarlı və səmimi tərəfdaş kimi qəbul olunmasına şərait yaradır. Bir sözlə, Azərbaycan və Afrika ölkələri arasında münasibətlər sürətlə inkişaf edir. Somali Prezidenti Hasan Şeyx Mahmudun fevralın 11-12-də Azərbaycana rəsmi səfər etməsi bu əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Azərbaycan ədalətli və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə sadiq qalaraq Afrika qitəsi ilə əlaqələrini daha da gücləndirmək niyyətindədir. Bu münasibətlər həm Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, həm də Afrikanın inkişafına töhfə verəcək. Azərbaycanın Afrika ölkələri ilə iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrini daha da genişləndirməsi qarşılıqlı fayda gətirəcək və uzunmüddətli strateji tərəfdaşlığa zəmin yaradacaq.

 

Yeni Azərbaycan Partiyası

Saatlı rayon təşkilatının sədr müavini

Sevinc Gülüşova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki