İki ölkə arasındakı münasibətlərin inkişafında mərhum Prezident Heydər Əliyevin xüsusi yeri var.
Azərbaycanla Çin Xalq Respublikası arasında əlaqələr yüksələn xətlə inkişaf edir. İki ölkə arasında münasibətlər Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra daha da intensivləşdi. Azərbaycanın xarici siyasət kursunu mükəmməlcəsinə yenidən quran Ümummilli lider Çin Xalq Respublikası ilə əlaqələrin inkişafına xüsusi diqqət ayırdı. 1994-cü ildə Ulu öndər Heydər Əliyevin Prezident kimi Çinə rəsmi səfəri zamanı iki ölkə arasında 8 mühüm müqavilə imzalandı ki, bu da qarşılıqlı əməkdaşlığın və dostluğun möhkəmlənməsi baxımından böyük əhəmiyyət kəsb edirdi. Beləliklə, Ulu öndərin milli maraqlara söykənən xarici siyasət kursu Azərbaycanı beynəlxalq münasibətlərin vacib aktoruna çevirdi.
Sonrakı dövrlərdə Prezident cənab İlham Əliyev bu strategiyaya sadiq qalaraq beynəlxalq aləmlə, o cümlədən, dünyanın iqtisadi nəhənglərindən olan Çin ilə əlaqələrin inkişafına xüsusi diqqət ayırdı. 2003-cü ildən etibarən dövlətimizin başçısının Çinə rəsmi səfərləri, 2015-ci ilin dekabrında dost ölkəyə yenidən səfəri çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumunun imzalanması münasibətlərin dərinləşməsi, əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində önəmli hadisə oldu. Prezident cənab İlham Əliyevin Çin Xalq Respublikasına növbəti dövlət səfəri isə ikitərəfli münasibətlərin inkişafı, əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi baxımından olduqca mühum məqamlarla yadda qaldı. Dövlətimizin başçısının yüksək səviyyədə qarşılanması, Prezident İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması onu deməyə əsas verir ki, iki ölkə arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Bununla yanaşı, Pekində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında imzalanan Birgə Bəyanat isə, strateji tərəfdaşlığın genişləndirilməsi baxımından son dərəcə əhəmiyyətli və tarixi sənəd oldu. Bu bəyanat Azərbaycan və Çin arasında mövcud olan sıx əlaqələri daha da möhkəmləndirmək, uzunmüddətli əməkdaşlıq əlaqələri üçün zəmin yaratmaq məqsədi daşıyır və siyasi-iqtisadi əlaqələrin gücləndirməsinə daha geniş imkanlar açır. Birgə Bəyanat Azərbaycanın “Bir kəmər, bir yol” layihəsindəki rolunun da möhkəmlənməsinə şərait yaradacaq.
Qocayev Rövşən – Zərdab şəhər sakini, fəal gənc