İki ölkə arasındakı münasibətlərin inkişafında mərhum Prezident Heydər Əliyevin xüsusi yeri var
Azərbaycanın müstəqilliyini taniyan ölkələrdən biri də məhz Çin Xalq Respublikasıdır – 27 dekabr 1991-ci il. Çin və Azərbaycan arasında diplomatik münasibətlər isə 2 aprel 1992-ci ildə qurulmuşdur. Bu müddət ərzində formalaşmış siyasi, iqtisadi, ticarət, enerji, mədəniyyət, turizm, təhsil kimi sahələrdə əməkdaşlıq münasibətləri həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə yüksək səviyyədədir. Azərbaycan-Çin münasibətlərinin inkişafı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra daha da sürətlənib. Xüsusilə də 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin Çinə səfərindən sonra iki ölkə arasında əlaqələr genişləndirilmiş və həmin səfər ölkələr arasında ikitərəfli münasibətlərin təməlini qoymuşdur ki, bu gün bu siyasət cənab İlham Əliyev tərəfindən daha da möhkəmləndirilir.
Prezident cənab İlham Əliyevin 2025-ci il aprelin 25-də Çinin CGTN telekanalına verdiyi müsahibədə iki dost dövlət arasında münasibətlərin bir çox istiqamətlərinə toxunan dövlət başçısı qeyd edib ki, Çin dünyanın ən çox dinamik inkişaf edən ölkələrindən biridir. ÇXR-in Sədri Si Cinpinin qətiyyətli və müdrik rəhbərliyi altında Çinin bütün sahələrdə qazandığı nailiyyətlər və uğurlar onu dünyanın ən güclü və qabaqcıl ölkələri sırasına çıxardı, ölkənin beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirdi. Si Cinpinin başçılığı ilə Çin böyük uğurlar qazanıb. Çinin inkişafı təkcə Çin xalqının deyil, həm də dünyanın maraqlarına cavab verir. Azərbaycanla Çin arasında münasibətlər min ildən çox əvvəl qədim İpək yolu vasitəsilə başlayıb və bu əlaqələr bu günədək davamlı inkişaf edir. İki xalq arasında tarixi və mədəni əlaqələrin təməli, qədim dövrlərə gedib çıxsa da, son 32 il ərzində bu münasibətlər daha da möhkəmlənib və hər iki ölkənin rifahı naminə müxtəlif sahələrdə inkişaf edib.
1994-cü ildə Ulu Öndər Heydər Əliyevin Çinə rəsmi səfəri zamanı iki ölkə arasında səkkiz mühüm müqavilə imzalanıb. 1996-cı ilin aprelində isə Çin Xalq Respublikasının Baş nazirinin müavini Tsyan Tsiçen Azərbaycanda səfərdə olub. Bu səfərlər qarşılıqlı əməkdaşlığın və dostluğun möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edib.
Azərbaycan Prezidenti cənab İlham Əliyev də Çinlə əlaqələrin inkişafına xüsusi diqqət ayırıb. Son illər ərzində Azərbaycan və Çin arasındakı əlaqələrdə xüsusi canlanma yaşanır. Dövlətimizin başçısının Çinə budəfəki dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi işinə xidmət edəcək.
Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə