image-qanunla-reklam
image-ilham-serencam_-1-2

İlham Əliyev 1 fərman, 2 sərəncam imzaladı

image-lady-day-az

Prezident İlham Əliyev Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında fərman imzalayıb.

Qanunla.Az fərmanınn mətnini təqdim edir:

1. Müəyyən edilsin ki, kritik informasiya infrastrukturunun (mühafizə olunan şəxslərin və qorunan obyektlərin informasiya infrastrukturu istisna olmaqla) təhlükəsizliyinin təmin edilməsi, o cümlədən kibertəhdidlərə qarşı mübarizə sahəsində səlahiyyətli orqanın funksiyalarını Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, dövlət orqanlarına, dövlətə məxsus olan hüquqi şəxslərə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərə münasibətdə həmin funksiyaları Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə həyata keçirir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsinin hüquqi tənzimlənməsi məqsədilə müvafiq normativ hüquqi aktların layihələrini Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təklifləri əsasında üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

***

Prezident İlham Əliyev 2021 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Müəyyən edilsin ki, 2021 Formula 1 Azərbaycan Qran Prisinin təşkili və keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində göstərilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2021-ci il mayın 1-dən iyunun 15-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

2. Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilsin:

2.1. Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” Şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;

2.2. Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə “Formula One Management Limited” Şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat versin və bu məlumatın Nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə 2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat versin.

***

Prezident İlham Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki