image-qanunla-reklam
image-001

İlham Əliyev Si Cinpinə təbrik məktubu göndərdi

image-lady-day-az

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizə və Sizin simanızda dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

Bu gün Çin özünün hərtərəfli və dinamik inkişafı ilə dünyanın qabaqcıl ölkələri sırasında qərar tutmuşdur. Sizin uzaqgörən rəhbərliyiniz altında həyata keçirilən irimiqyaslı proqramlar, infrastruktur layihələri ölkənin iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun gündən-günə artmasına, Çinin yüksəlişinə xidmət edir. Təşəbbüsünüz ilə ərsəyə gələn “Kəmər və yol” nəhəng transmilli əməkdaşlıq platforması Avrasiya məkanında iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə töhfə verir.

Çin Azərbaycan üçün etibarlı tərəfdaş və dost dövlətdir. COVID-19 pandemiyası dövründə ölkələrimizin qarşılıqlı etimad və həmrəylik nümayiş etdirərək bir-birini dəstəkləməsi möhkəm dostluq münasibətlərimizin bariz nümunəsidir.

Biz Azərbaycan-Çin münasibətlərinin inkişafına, əməkdaşlığımızın daha da dərinləşməsinə xüsusi əhəmiyyət veririk. Bu mənada, qədim və zəngin ənənələrə malik əlaqələrimizin genişlənməsi və yeni məzmunla zənginləşməsi bizi sevindirir. Çin şirkətlərinin ölkəmizin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının bərpası və yenidən qurulması işlərində iştirakı, nəqliyyat, logistika, infrastruktur, investisiya, enerji və digər sahələrdə əldə etdiyimiz yaxşı nəticələr və gələcək perspektivlər Azərbaycan-Çin tərəfdaşlığının yüksək səviyyəsindən xəbər verir.

Əminəm ki, həm “Kəmər və yol” layihəsi çərçivəsində atdığımız addımlar, həm də ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı etimad və dəstəyə əsaslanan faydalı əməkdaşlığımız bundan sonra da birgə səylərimizlə müvəffəqiyyətlə davam edəcək və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki