İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir. İqtisadi artım 4,3 faiz təşkil edib.
Cari ilin Sentyabrın 26-da keçirilən iqtisadi məsələlərə həsr olunan müşavirədə dövlət başçısı cənab İlham Əliyev bir daha diqqəti əsas hədəfimiz olan dayanıqlı inkişaf modelinin təkmilləşdirilməsinə yönəltdi. Bildirdi ki, ilin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir. “İlin əvvəlində mən bu ilin iqtisadi sahədə uğurlu olub-olmaması haqqında danışanda qeyd etmişdim ki, tam əminəm, bu il iqtisadiyyatımız üçün uğurlu olacaq. İlin əvvəlindən əldə edilmiş nəticələr və iqtisadi göstəricilər mənim sözlərimi təsdiqləyir” söyləyən cənab İlham Əliyev diqqəti cari ilin ötən dövrünün əsas iqtisadi göstəricilərinə yönəltdi. Belə ki, iqtisadi artım 4,3 faiz təşkil edib. Bugünkü dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda bu, çox müsbət göstəricidir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir. Xüsusi əhəmiyyət daşıyan məqam ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artıb. Bu da onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir.
Dövlət başçısı cənab İlham Əliyev sözügedən müşavirədə keçilən yolun təhlili və günün əsas çağırışlarının açıqlanması fonunda belə bir əminliyi ifadə etdi ki, iqtisadi inkişaf templəri həm bu ilin sonuna qədər saxlanılacaq, həm də nəzərə alsaq ki, indi gələn ilin büdcəsi müzakirə olunur və büdcənin parametrləri də daha genişmiqyaslı olacaq, bu halda gələn il də iqtisadi inkişaf templəri lazımi səviyyədə olacaq. Gələn ilin əsas xərcləri artıq müəyyən edilib. Dövlət başçısının qeyd etdiyi kimi, Milli Məclisdəki çıxışında əsas prioritetlər açıq-aydın göstərilib. İlk növbədə, ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil xərcləri, Qarabağın və Şərqi Zəngəzurun bərpası və digər layihələr nəzərdə tutulub. Həm sosialyönümlü, sosial infrastrukturla bağlı olan layihələr, həm də ümumi infrastrukturla bağlı olan layihələr, bütün bunlar Dövlət İnvestisiya Proqramında öz əksini tapacaq. Elə etməliyik ki, gələn il imkan daxilində bütün əsas vəzifələr icra edilsin: “Şübhə etmirəm ki, belə də olacaq. Artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib. Biz öz resurslarımıza arxalanaraq güclü iqtisadiyyat qurmuşuq, müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin. Necə ki, aparmışıq və aparacağıq.” Cənab İlham Əliyev bu əminliyi də ifadə etdi ki, müzakirə və əldə edilmiş nəticələr, qəbul ediləcək qərarlar iqtisadi inkişafımızı daha da sürətləndirəcək.
Zərdab Rayon Həsən bəy Zərdabi muzeyin əməkdaşı Leyla Əliyeva