image-970_50
image-fef01ec0-d87a-4585-b7e9-17e45e4dab4c-1210x642

İnkişaf etmək üçün məkan fərqi yoxdur, ya önəm daşımır-Müəllimə ilə müsahibə

image-728_90

XəbərAl.az saytının baş radaktoru Mirismayıl Xələflinin müsahib qonağı Cəlilabad rayon  Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin Azərbaycan dili ədəbiyyat müəllimi Samirə Əmrahova Adəm qızıdır.

Həmin müsahibəni sizlərə olduğu kimi təqdim edirik:

Salam. Hər vaxtınız xeyir olsun.

-Salam.

Özünüzü təqdim edin, zəhmət olmasa.

-Samirə Əmrahova Adəm qızı Cəlilabad rayon  Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin Azərbaycan dili ədəbiyyat müəllimiyəm.

Neçə ildir, pedaqoji fəaliyyətlə məşğulsunuz?

-16 ildir, eyni məktəbdə müəllim kimi fəaliyyət göstərirəm.

Müəllimə, ucqar rayonda fəaliyyət göstərmək inkişafınız üçün bir maneə törətmir?

-Qətiyyən. Məktəbimizin şəraitsiz olmasına baxmayaraq öz peşəmə sonsuz  sevgimdə mənə heç nə mane olmur. Əksinə, şagirdlərimin qazandığı  nailiyyətlər mənə hər zaman ruh yüksəkliyi verir.

Ailəlisiniz? Neçə övladınız var?

-Bəli, iki övladım var. Qızım Azərbaycan Tibb Universitetinin 2-ci kurs tələbəsidir. Oğlum 9-cu sinif şagirdidir.

Gələcəkdə istiyərdiniz, onlar da oxuyub burda qalıb işləsinlər?

-Onların harada yaşamasından asılı olmayaraq əsl vətəndaş, vətənə layiqli övlad, xalqımızın tərəqqisi, inkişafı üçün yorulmadan çalışan, öz peşələrinin vurğunu olub cəmiyyətdə yerlərini tutmalarını istəyirəm.

Samirə xanım, sizcə, ixtisas seçimini şagirdin özü, valideyni, yoxsa müəllimi müəyyən etməlidir?

-Qrupu bir çox şagirdlər özləri seçirlər. İxtisasseçimində isə  istiqamət verirəm.  Ümumiyyətlə, şagirdlərin sərbəst seçiminə daha çox üstünlük verirəm. Yox, əgər çətinlik çəkərsə, valideyn-şagird-müəllimin məsləhətli seçimi də mane olmur. Lakin müəllim şagirdinin potensialını daha yaxşı bildiyindən onu yönəltməkdə , güman edirəm ki, yanılmaz. Son seçimi şagirdin özünə vermək daha doğru yol olar, məncə.

Bəs elə olur ki, uşağın marağı dəqiq elmlərədir, amma valideyn humanitar fənlərə yönəldir? Buna necə baxırsınız?

-Hər halda valideyn uşağı üçün hər şeyin yaxşısını istəyir. Amma  bəli, məsləhət verdiyim də olub ki, bu uşağın marağı humanitar və ya dəqiq elmlərədir. Sadəcə, belə məsləhət vermişəm.

Sizcə, şagirdlər neçə yaşından ixtisas seçməlidir?

-8-9-cu sinifdən seçsələr, daha yaxşı olar.

Müəllimə,  köhnə təhsil sistemindən xəbəriniz var, yəqin ki. Sizin burada uğurlarınız böyükdür. Hazırladığınız uşaqlar var ki, yüksək balla ali məktəbə qəbul olublar. Sizcə, müasir təhsil sistemi, yoxsa əvvəlki təhsil sistemi?

-Əlbəttə, müasir təhsil sistemi. Yeniliyi qarşılamaq, onula ayaqlaşmaq, qəbul etmək asan olmur. Buna zaman lazım gəlir. Köhnə-ənənəvi təhsildən də bəhrələnərək yeniliyi tətbiq etmək gözəldir.

Müasir təhsil sistemində müəllimlər də, direktorlar da imtahan verir. Bu, sizcə, yaxşıdır?

-Yaşadığımız dövr innovasiyalarla dolu bir dövrdür. Onunla ayaqlaşmaq üçün direktorların da, müəllimlərin də öz üzərlərində işləməsi,imtahan verməsi iş qrafikinin sıx olmasına baxmayaraq normal haldır.

Siz Cəlilabadda YAP-ın fəal üzvlərindən birisiniz. Sizə savada görə, dövlət üçün etdiklərinizə görə hansısa vəzifə təklif ediblər?

-Bəli, təklif olunub. Amma mən peşəmi sevirəm, hələ ki sinif otağını heç nəyə dəyişmərəm.

Samirə xanım, yəqin ki, Bakıda yaşayan tələbə yoldaşlarınız var. Onlarla danışanda, görüşəndə  heç fikirləşmisiniz ki, Bakıda olsaydınız, daha çox nailiyyətlər əldə edərdiniz?

-Əvvəlki dövr olsaydı bu sual yerinə düşərdi. Bu gün üçünsə, məncə, aktual deyil. Çünki texnoloji inkişaf bütün sədləri aradan götürüb. Göytəpədən oturub nəinki şəhərlə, dünyanın inkişaf etmiş, hətta əlçatmaz nöqtələrində də dərs seminar,konfranslar və s.aparmaq,qatılmaq mümkündür. Əslində tələbə yoldaşlarımla sıx əlaqəm,qarşılıqlı müzakirələrim,mehriban münasibətim,əməkdaşlığım var. Və peşəmə sonsuz sevgim…Bakıdan kənarda, yaxud da rayonda olmaq fəailiyyətdən qalmaq, inkişaf etməmək demək deyil.

Cəlilabadda ən məsuliyyətli hazırladığınız uşaqların 90-95 faizi qəbul olan müəllimlərdənsiniz. Onları görəndə nə hiss keçirirsiniz?

-Onların nailiyyətlərini görəndə hər bir müəllim kimi çox sevinirəm. Sanki  yüksək balı onlar deyil, özüm toplamışam. Şagirdlərimdən Respublika Fənn Olimpiadasının final mərhələsində 3-cü yerə, inşa müsabiqəsində respublika üzrə 1-ci yerə, “Ədəbiyyat biliciləri” müsabiqəsində diploma və tərifnaməyə layiq görülənlər var. Onların uğurunu öz uğurum kimi qəbul edirəm.

Hazırladığınız uşaqlardan qəbul olmayanda hansı hisslər keçirirsiniz?
-Əslində, qəbul olmayan  çox az olur. Bəzən elə şagird olur ki, qəbul olduğu ixtisası istəmir, yenidən hazırlaşır.

Dövlət tərəfindən hansı nailiyyətləriniz var?
-Cəlilabad Rayon İcra Hakimiyyəti, Cəlilabad Rayon Təhsil Şöbəsi tərəfindən dəfələrlə fəxri fərmanlara layiq görülmüşəm. Təhsil naziri tərəfindən “Qabaqcıl təhsil işçisi” döş nişanına, Prezidentimiz Cənab İlham Əliyev tərəfindən “Tərəqqi” medalına layiq görülmüşəm. Pedaqoji mühazirələrdə “İstedadlı şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin inkişafı” mövzusunda olan məruzəm Təhsil naziri tərəfindən tərifnaməyə layiq görülmüşdür.

Medallarınız uğurlarınız var.  Həmkarlarınız tərəfindən paxıllığınızı çəkən və ya maneçilik törədən var?

-Olmalıdır, normal qarşılayıram. Xeyr, maneə törədən yoxdur. Gözəl kollektivimiz, yaxşı dostlarım var. Onlardan heç bir zaman paxıllıq görməmişəm. Bəlkə də, görməzdən gəlmişəm. Bir sözlə,  inkişafa mane olacaq səbəb olmayıb.

Sizcə, valideynlər üçün repetitor yaxşıdır, yoxsa müəllimə yüksək maaş verib fərqləndirmək yaxşıdır?

-Valideynlər fərqli düşüncəyə sahibdirlər. Bəziləri hər bir halda repetitora üstünlük verir, bəziləri məktəb dərslərinə. Məncə, şagirdin sinif otağında, məktəb mühitində aldığı biliyin yerini heç nə verə bilməz.

Bəs onlayn təhsil necədir?

-Onlayn təhsil əyani təhsilin effektini verməsə də,  üstünlükləri də çoxdur. Hamı üçün əlçatan olmasa da, mövcud vəziyyətdə ən yaxşı çıxış yoludur. Mən karantin şəraitində onlayn dərslərimi keçsəm də, bütün şagirdlər iştirak edə bilmirdilər. Onu da qeyd edim ki, şagirdlərimdən bir neçəsi onlayn olaraq beynəlxalq təlimlərdə iştirak edib özlərinin dünyagörüşünü inkişaf etdirirlər. Bu da distant təhsilin müsbət tərəfidir.

Müəllimə, gələcək planlarınız nələrdir?

-Mən üç layihənin rəhbəriyəm. Təhsildə inkişaf və innovasiyalar üzrə 4-cü qrant müsabiqəsində “Ana dilimizdə dinləyib-anlama  bacarığının inkişafı” layihəsi, TN TSİİ-nin koordinasiya etdiyi “eTwinning plus Azerbaijan” portalında  2  beynəlxalq   layihənin də rəhbəriyəm. Qarşıda yeni layihələr nəzərdə tutmuşam. Əsas da təhsilimi davam etdirmək də əsas məqsədlərimdəndir.

Niyə bu qədər bəs etmir?

-Tərəqqi hər zaman lazımdır. Hal hazırda magistratura oxuyram.

Ailəlisiniz, uşaqlar maneçilik törətmir?

-Xeyr. Bu, uşaqlara da, şagirdlərimə də stimul verir. Oxumaq üçün heç bir zaman gec deyil.

Siz şeir yazırsınız?

-Tələbə vaxtı çox yazmışam. İlk şeirimi nənəmə həsr etmişəm. İndi şeir yazmağa vaxtım yoxdur.

Heç yoldaşınıza demisiniz ki, bu rayondan çıxaq, başqa bir yerə gedək?

-Bu günə qədər heç vaxt deməmişəm. Mənim öz üzərimdə dayanmadan inkişaf etmək istəyim,atdığım addımlar, layihələr başımı o qədər qatıb ki,  başqa yerə getmək barədə düşünməmişəm. Gələcəkdə nə olacağı haqda isə heç nə deyə bilmərəm. Hər şey mümkündür.

Çox sağolun səmimi söhbətinizə görə. Minnətdaram sizə.

-Sağ olun.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki