İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı
Ölkəmizdə ötən illərdə qeydə alınan sürətli iqtisadi inkişafda neft sektorunun rolu aparıcı olsa da son illər qeyri-neft sektoru ümumi iqtisadi artımda önə çıxmaqdadır. Belə ki, neft gəlirlərinin iqtisadiyyatın şaxələndirilməsinə hesablanmış xərclənmə strategiyası özünü doğruldub. Keçid dövrünü yaşamış hər bir ölkə kimi Azərbaycan da güclü iqtisadiyyat qurmaq üçün öz təbii resurslarından faydalanıb, ancaq bu resurslardan əldə etdiyi gəlirlər hesabına iqtisadiyyatını uğurla şaxələndirə və onun neftdən asılılığını minimuma endirə bilib. Bu strategiya nəticəsində ölkədə tikinti, turizm, kənd təsərrüfatı, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları sektorlarında davamlı artım şəraiti hökm sürməkdədir.
Kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi Azərbaycanda qeyri-neft sektorunun inkişafında əsas vacib sahələr hesab edilir ki, xüsusən də ölkənin məşğul əhalisinin 44 faizə yaxını məhz kənd təsərrüfatında çalışır. Bu səbəbdən ölkədə kənd təsərrüfatının inkişafına yönələn ardıcıl dövlət proqramları, islahatlar və yeni texnologiyaların cəlb edilməsi həyata keçirilməkdədir. Artıq regionlarda infrastrukturun yaxşılaşması, kənd təsərrüfatı məhsulları istehsalçılarının subsidiyalaşdırılması və onlar üçün vergi güzəştlərinin saxlanması Azərbaycanda böyük potensiala malik olan kənd təsərrüfatı sahəsinin inkişafını sürətləndirir.
Ləman Səfərəliyeva – Fəal gənc
Ölkə iqtisadiyyatı uğurla inkişaf edir, yeni-yeni nailiyyətlər əldə olunur
Azərbaycanda iqtisadiyyatın mühüm istiqamətlərindən biri olan qeyri-neft sektorunun inkişafı qarşıya prioritet vəzifə kimi qoyulub. Son illər müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi sayəsində bu sektor sürətlə tərəqqi edib, yeni sənaye sahələri yaradılıb, respublikamızda bir sıra sənaye məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlib. Əlbəttə, bütün bunlar dövlət başçısının uğurlu iqtisadi strategiyası, həyata keçirilən iqtisadi islahatlar nəticəsində gerçəkləşib. Məhz cənab Prezidentin müvafiq fərmanı ilə təsdiq edilmiş Strateji Yol Xəritəsinin uğurla həyata keçirilməsi, cənab Prezidentin imzaladığı Sərəncama əsasən Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla, Azad Ticarət Zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ölkəmizin sürətlə inkişafına zəmin yaradır. Azad iqtisadi zonalar ehtiyatda olan məhsulların bir qisminin daxili bazara çıxarılmasına geniş imkan yaratmaqla, öz növbəsində idxaldan asılılığın aradan qaldırılması və yerli məhsulun bazara çıxarılması baxımından çox vacibdir. Sözügedən zona ümumilikdə Azərbaycan iqtisadiyyatının inkişafına böyük müsbət təsir göstərəcək. Məhz məqsədyönlü siyasət sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur və bu tendensiyanın davam etməsini şərtləndirən əlverişli investisiya-biznes şəraiti hökm sürür. Dövlətimiz tərəfindən qeyri-neft sektoruna dəstəyin gücləndirilməsi iqtisadiyyatın dayanıqlı inkişafını təmin edəcək, həyata keçiriləcək islahatlar vətəndaşlarımızın yaşayış səviyyəsini daha da yaxşılaşdıracaqdır.
Ələkbər Kərimov – Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı
İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı
Hazırda Azərbaycanda istehsal edilən qeyri-neft məhsulları, o cümlədən elektrik maşınları və avadanlıqları, onların hissələri, kimya sənayesi məhsulları, tikinti materialları, hazır toxuculuq məmulatları və s. müxtəlif ölkələrə ixrac edilir. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına zəmin yaratmaq üçün cənab Prezidentimizin sərəncamları və təsdiq etdiyi inkişaf proqramları əsasında kiçik və orta sahibkarlığın dəstəklənməsinə, bu fəaliyyətlə məşğul olanlara güzəştli dövlət kreditlərinin ayrılmasına, ölkə boyu nəqliyyat-kommunikasiya infrastrukturunun yenidən qurulmasına milyardlarla dollarlıq vəsait xərclənib. Bu xərcləmələr çox keçmədən öz bəhrəsini verməyə başlayıb və iqtisadiyyatın qeyri-neft sektorunda böyük canlanmaya səbəb olub. Azərbaycan iqtisadiyyatının yaxın və orta perspektivlərdə inkişafı məhz qeyri-neft sektoru hesabına baş verməsi üçün şərait yaratmışdır.
Beləliklə, Azərbaycan özünün zəngin neft-qaz ehtiyatlarından uzunmüddətli və davamlı iqtisadi inkişafa nail olmaq üçün uğurla faydalanmaqdadır. “Qara qızıl”ın qeyri-neft sektorunun inkişafı üçün aparıcı qüvvə olan insan kapitalına çevrilməsi, neft-qaz gəlirlərindən istifadə etməklə gələcəkdə bu gəlirlərdən asılı olmayan güclü, rəqabətədavamlı iqtisadiyyat qurulması strategiyası öz nəticələrini verməkdədir.
Rəşid Şərifov –Rayon Ağsaqqallar şurasının üzvü
İşğaldan azad edilmiş torpaqlardakı böyük infrastruktur layihələr böyük investisiyalar tələb edir
Tarixi günlərini yaşayan Azərbaycan işğaldan azad olunan ərazilərində yenidənqurma işlərini davam etdirir. Bu torpaqlarda inşa olunan yollar bölgənin inkişafını sürətləndirəcək və regionun tranzit əhəmiyyətini artıracaq. Füzuli rayonunda inşa edilən hava limanı ilə yanaşı, Şuşa şəhərinə iki avtomobil yolu tikilir. Həmin yollardan birinin adı “Qələbə” yoludur. Nisbətən aran ərazidən keçən digər yol da hava limanından birbaşa gediş-gəlişi təmin edəcəkdir.
Bölgədə böyük iqtisadi layihələr icra olunacaq və bunun üçün böyük şəhərlərin baş planları tərtib edilməkdədir. Azərbaycana maraq göstərən dost ölkələrə məxsus şirkətlər bərpa işlərinə cəlb olunacaq. İşğaldan azad olunan ərazilərdə bərpa işləri yeni iqtisadi imkanlar yaradacaq. Görüləcək infrastruktur layihələr hesabına Avrasiyanın yeni bir nəqliyyat mərkəzi açılacaq. Bu cür layihələr, ümumən, regionun geosiyasi statusunu dəyişdirəcək. Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib. Şəhərlərin və kəndlərin inkişafının, baş planlarının tərtib edilməsi prosesi artıq başlanılıb. Pilot layihələrin icrasına da başlanılıb. “Ağıllı kənd” layihəsi artıq icra olunur. 30 il ərzində öz torpaqlarından qovulmuş insanlar üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli yaşayış və iş imkanları yaradılacaq. Xalqımız bütün bu görülən işlərə, əldə olunan uğur və nailiyyətlərə görə Cənab Prezidentimiz İlham Əliyevə minnətdardır.
Aqil Məmmədov Təhsil şöbəsinin aparıcı məsləhətçisi
İnvestorları cəlb edən daha bir amil – Azərbaycandakı təhlükəsizlik mühiti
İndi xarici investorlar Azərbaycana daha fəal şəkildə sərmayə qoymağı çalışırlar. Çünki onlar da başa düşürlər ki, artıq hərbi əməliyyatların yenidən başlanması riski yoxdur. Qarabağın güclü iqtisadi potensialı mövcuddur. Çoxşaxəli və müxtəlif təyinatlı logistik layihələr icra olacaq. Füzulidə tikilən hava limanının uçuş-enmə zolaqları və hava limanının fəaliyyətini təmin edəcək naviqasiya sistemləri operativ istifadəyə veriləcək. Hava limanının tikilməsi təkcə Füzuli şəhəri ilə məhdudlaşmır. Zəngilanın çox mühüm logistika mərkəzinə çevriləcəyini nəzərə almaqla Laçında və Zəngilanda da 2 hava limanının tikilməsi planlaşdırılır.
Bu il ərazilərin bərpası üzrə kifayət qədər geniş xüsusi investisiya proqramı təsdiq edilib ki, bunlardan biridə Qarabağın alternativ enerji mənbəyinə çevrilməsi istiqamətidir.. Hələ müharibədən əvvəl Azərbaycan bərpaolunan enerjiyə investisiyalar cəlb etmək üçün işlər aparmışdır. Dünyanın aparıcı enerji şirkətləri arasında tender keçirilib və iki şirkət ən yaxşı təkliflər irəli sürüb. Qarabağ “yaşıl enerji” zonasıdır. Məhz azad edilmiş ərazilərdə geniş imkanlar mövcuddur. Kəlbəcər-Laçın zonasında külək stansiyaları tikiləcək. Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları yaradılacaq. Çünki bu yerlərdə günəş şüalarının il ərzində miqdarı çox böyükdür.
Reallaşacaq layihələr Azərbaycanı dünya miqyasında daha da qüdrətli dövlətə çevirəcəkdir.
Şəhla Eminova – Əməkdar müəllim
Xüsusi qanunlarla idarə ediləcəyinə görə Ələt Azad İqtisadi Zonası xarici sərmayədarlar üçün maraqlı investisiya məkanına çevriləcək
Ələt Azad İqtisadi Zonasının yaradılması ölkəmizdə qeyri-neft sektorunun inkişafında açılan yeni səhifə kimi böyük əhəmiyyətə malikdir. Əminliklə deyə bilərik ki, investorların buraya marağı çox böyük olacaq.
Xüsusi qanunlarla idarə ediləcəyinə görə Ələt Azad İqtisadi Zonası xarici sərmayədarlar üçün maraqlı investisiya məkanına çevriləcək. Ələt İqtisadi Zonası burada yaradılacaq sosial infrastruktur və xarici sərmayədarlar üçün təqdim ediləcək imkanlar baxımından digər ölkələrdəki oxşar zonalardan daha cəlbedici olacaq.
“Alimlərin araşdırmalarına görə, neft-qaz sektorunun gələcəyi heç də parlaq görünmür. Çünki neft resursları dünyada həm tükənmək üzrədir, həm də alternativ enerji vasitələri və digər əvəzləyicilər kəşf olunur ki, bu da gələcəkdə neft sektorunun əhəmiyyətini azaldacaq. Bütün bunları nəzərə alaraq ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımların gələcəyə hesablandığını qeyd etmək olar. Ələt Azad İqtisadi Zonasının yaradılması ölkə iqtisadiyyatının dinamik inkişafı baxımından böyük əhəmiyyətə malik olacaq”, – deyə deputat qeyd edib.
Qabaqcıl idarəetmə əlavə dəyərli və ixracyönümlü istehsalı təmin edəcək. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorların cəlb edilməsi, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafını sürətləndirəcək, dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına töhfə verəcək. Nəticədə ölkəmizdə on minlərlə yeni iş yeri yaradılacaq.
“Ələt Azad İqtisadi Zonası tranzit-logistik imkanlar da təqdim edəcək. Bura həm Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yerləşdiyi, həm də beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi ərazidir. Azad iqtisadi zona üçün belə əlverişli məkanın seçilməsi bu ərazidə idxal-ixrac əməliyyatlarının həyata keçirilməsini asanlaşdıracaq. Ələt Azad İqtisadi Zonasının planlaşdırılmasında və bu ərazinin fəaliyyəti ilə bağlı qanunvericilik bazasının hazırlanmasında dünyanın bu sahədə ən uğurlu təcrübələri öyrənilərək istifadə olunub. Bu iqtisadi zonaya investisiya qoyacaq sərmayədarların maraqları tam şəkildə təmin olunacaqdır.
Səbuhi Kərimov-Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının aparat rəhbəri
Ələt Azad İqtisadi Zonası böyük səmərə gətirəcək
Prezident cınab İlham Əliyev çıxışlarında azad iqtisadi zonaların ölkələrin ticarət dövriyyəsinə müsbət təsirindən söz açaraq bildirib ki, bu iqtisadi əlaqə ölkələri və xalqları daha da yaxınlaşdırır, dostluq münasibətləri yaradır və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir. Azərbaycan Prezidenti Aktauda Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında xarici yükdaşımalar barədə deyib: “Bu ilin may ayında Azərbaycanda Ələt Beynəlxalq Dəniz Ticarət Limanının inşası başa çatıb. Limanın yükaşırma qabiliyyəti 15 milyon tondur. Tranzit yüklərin həcmi artarsa, qısa müddət ərzində limanın imkanları 25 milyon tona çatdırıla bilər. Ələt limanının inşası Azərbaycanın Xəzərdə nəqliyyat-loqistik infrastrukturunun inkişafına verdiyi növbəti töhfələrdən biridir.”
Xüsusi vurğulamaq lazımdır ki, əlverişli coğrafi mövqeyə və təbii iqlim şəraitinə, zəngin təbii sərvətlərə, kifayət qədər əmək resurslarına, inkişaf etmiş beynəlxalq əhəmiyyətli su, hava, dəmir yoluna, özünəməxsus istehsal potensialına malik Azərbaycan dünya iqtisadiyyatına sürətlə inteqrasiya olunur. Qloballaşmanın tələblərinə, hazırkı beynəlxalq iqtisadi sistemin xüsusiyyətlərinə diqqət etdikdə aydın olur ki, heç bir ölkə dünya iqtisadi birliyindən kənarda uğurla inkişaf edə bilmir. Düzgün müəyyənləşdirilmiş strategiya, daxili imkanlardan düşünülmüş şəkildə istifadə edilməsi nəticəsində Azərbaycanın qədim İpək Yolu boyunca ticarət mərkəzi kimi tarixi mövqeyini bərpa etməsi, Şərqlə Qərbi, habelə Şimalla Cənubu birləşdirən əsas nəqliyyat dəhlizlərinin yolu üzərində yerləşməsi respublikamızın Avrasiyanın regional mərkəzinə çevrilməsinə, qloballaşma prosesləri baxımından onun həm regional, həm də beynəlxalq layihələrdə rolunu və əhəmiyyətini daha da artırır. Qeyri-neft sektorunda həyata keçirilən irimiqyaslı islahatların, uğurla reallaşdırılan nəhəng nəqliyyat-kommunikasiya layihələrinin, o cümlədən azad iqtisadi zonaların yaradılmasının vahid məqsəd və strategiyada birləşdirilməsi ölkəmizin, eləcə də regionun gələcək inkişafına böyük töhfələr verir.
Xəzərin karbohidrogen yataqlarının işlənməsinə dair Azərbaycanla dünyanın aparıcı neft şirkətləri arasında bağlanan “Əsrin müqaviləsi”nin əfsanədən reallığa çevrilməsi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum əsas ixrac boru kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurla reallaşdırılması, “Azəri-Çıraqlı-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi üzrə yeni sazişin imzalanması, “Cənub Qaz Dəhlizi”nin uğurla reallaşdırılması ölkəmizin milli mənafelərinin təmin olunmasında, regional siyasi-iqtisadi mərkəz kimi güclənməsində, region ölkələri ilə strateji və tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsində, dünya iqtisadiyyatına inteqrasiyasının sürətlənməsində əvəzsiz rol oynayıb.
Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri
Ələt İqtisadi Zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir
Azərbaycan iqtisadiyyatı son illər müasir inkişaf yolu ilə yeni trendlərə uyğun irəliləməkdədir. Ölkəmizdə innovativ iqtisadiyat quruculuğuna uyğun olaraq ən qabaqcıl və mükəmməl iqtisadi modellər tətbiq olunur, dünyada geniş yayılmış müasir rəqəmsal texnologiyalar sənaye cəmiyyətində geniş yayılır, iqtisadiyyatın idarəetmə prinsipləri tamamilə yeni çağırışların ahənginə uyğun nizamlanır. Sahibkarlığın inkişafının yeni modellərinin – xüsusi iqtisadi zonaların, sənaye park və məhəllələrinin, biznes inkubatorların tətbiqi sahəsində müvafiq işlər aparılır. Bu baxımdan ölkəmiz üçün yeni iqtisadi hadisə kimi qiymətləndirilə bilən Azad İqtisadi Zonaların yaradılması geniş miqyas alan iqtisadi islahatların ən mühüm tərkib hissəsi hesab edilə bilər. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələr icra olunmaqdadır. Bu siyasətin davamı kimi Cənab Prezident tərəfindən bu layihənin bünövrəsinin qoyulması yerli və xarici azad biznesə yeni potensial verilməsi, innovativ sənaye quruculuğuna geniş meydan yaradılması və iqtisadiyyatın şaxələndirilməsi siyasətinin yeni bir mərhələyə qədəm qoyması kimi qiymətləndirilməlidir.
Ələt İqtisadi Zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir. Ümumi sahəsi 850 hektar olacaq AİZ-in 60 hektarında layihələndirilmə artıq başa çatıb və inşaat işləri başlayıb, bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılıb. Bu o deməkdir ki, artıq Ələt geniş sənaye zonası kimi öz qapılarını bütün investorların üzünə açıb və istehsal, emal, xidmət və digər fəaliyyətlərin həyata keçirilməsinə start veriləcək.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru
Ələt Azad İqtisadi Zonada sərmayəçilərin geniş axınını təmin etmək üçün hansı güzəştlər və iqtisadi stimullar nəzərdə tutulub
Beynəlxalq təcrübədə geniş yer alan Azad iqtisadi zonalar xüsusi rejim altında fəaliyyət göstərən ölkə ərazisinin bir hissəsidir. Hazırda dünyanın 100-dən çox ölkəsində 1000-dən artıq XİZ fəaliyyət göstərir. Onların 500-ə yaxını Asiya və Sakit Okean regionunda, 200-dən çoxu Amerika qitəsi ölkələrində, 200-dən çoxu Yaxın Şərq və Afrika ölkələrində, 100-dən çoxu isə Avropada yerləşir. Azərbaycanda azad iqtisadi zonaların yaradılması sahəsində ötən müddətdə mühüm işlər görülüb. Belə ki, ən yaxşı beynəlxalq təcrübə öyrənilib, təhlillər aparılıb və onun ölkəmizdə tətbiqi üçün ilk olaraq normativ hüquqi bazanın formalaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilib. Cənab Prezident tərəfindən 2019-cu ildə imzalanmış, “Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq fərmanlara əsasən bu ərazidə iqtisadi fəaliyyətin hüquqi-texniki əsasları müəyyən edilib. Həmin sənədə əsasən, müvafiq dövlət qurumları AİZ-də biznes, vergi, gömrük, digər iqtisadi və sosial tədbirlərin hüquqi-iqtisadi mexanizmləri hazırlayıblar. Ələt AİZ-in Yol Xəritəsi müəyyən edilib. Belə ki, Ələt AİZ-də maliyyə və sığorta xidmətləri, torpaq münasibətləri, gömrük, miqrasiya, əmək münasibətləri, vergi tənzimlənməsi, notariat fəaliyyəti, müflisləşmə və iflas, rəqabət. əqli mülkiyyət, ətraf mühit və s. məsələlərlə bağlı xüsusi güzəştlər tətbiq olunacaq. Ələt AİZ-də fəaliyyət göstərəcək investorlar bütün vergilərdən azad ediləcək, müxtəlif növ güzəşt və stimullardırıcı addımlar tətbiq olunacaq. Xarici ticarətdə güzəştlər (ixrac-idxal rüsumlarının azaldılması və ya ləğvi, xarici ticarət əməliyyatlarının sadələşdirilməsi), fiskal güzəştlər – müəyyən fəaliyyət növlərinin vergilər baxımından stimullaşdırılmasını nəzərdə tutulur. Bu güzəştlər vergi bazası (mənfəət və ya gəlir, əmlakın dəyəri və s.) və onun ayrı-ayrı komponentlərini (amortizasiya ayırmaları, əməkhaqqına, elmi-texni tərəqqiyə və nəqliyyata çəkilən xərclər), vergi dərəcələrinin səviyyəsini, vergilərdən daimi və ya müvəqqəti azadolmalar kimi məsələləri əhatə edə bilər. Eyni zamanda, maliyyə güzəştləri – subsidiyaların müxtəlif formalarını əhatə edir. Subsidiyalar büdcə vəsaitləri və güzəştli dövlət kreditləri hesabına – birbaşa və kommunal xidmətlərə aşağı qiymət qoymaqla, torpaq sahələrindən istifadə etmək üçün icarə haqqının azaldılması yolu ilə – dolayı formalarda verilə bilər. AİZ-də administrativ (inzibati) güzəştlər–müəssisələrin qeydiyyatdan keçirilməsi, xarici vətəndaşların ölkəyə girişi və çıxışı prosedurlarının sadələşdirilməsini nəzərdə tutulur.
Ələt AİZ-də geniş iqtisadi spektrdə sərbəst surətdə qərar verə bilmək hüququna malik olan lokal, xüsusi bir idarəetmə sistemi mövcud olacaq. Azad Zonada fəaliyyət göstərən şəxslərə hər hansı milliləşdirmə, müsadirə tədbirləri və ya özəl mülkiyyətə aid hər hansı digər məhdudiyyət tətbiq edilə bilməz. Biznes nümayəndələrinə valyuta əməliyyatları aparmaq azadlığı veriləcək, mənşə sertifikatları üçün rüsum tələb olunmayacaq. İnvestorların, səhmdarların, Azad Zona rezidentlərinin, hüquqi şəxslərinin və onların işçilərinin, heç bir məhdudiyyət olmadan, hər hansı xarici valyuta ilə işləməyə və əməliyyatlar aparmağa hüququ vardır. AİZ-də dövlətin də hərtərəfli dəstəyi olacaq.
Nailə Əliyeva- Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri
Ələt aza iqtisadi zonasının texniki göstəriciləri və ixracyönümlü istehsalın artmasına töhfəsi
Ələt Azad İqtisadi Zonasının yaradılması ideyasının təməlində dövlətin siyasəti dayanır. Xüsusilə son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər bu zonanın yaradılmasına təkan vermişdir. Qeyri-neft sektoruna qoyulan sərmayə daha çox dövlət sərmayəsidir, yaxud da ki, yerli şirkətlərin sərmayəsidir. Xarici şirkətlər daha çox neft-qaz sektoruna sərmayə qoymağa meyillidirlər. Ona görə, bu zonanın yaradılması, Azərbaycanın qeyri-neft sektorunun, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir.
Prezident İlham Əliyevin Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində Azərbaycan Televiziyasına verdiyi müsahibə rəqabətqabiliyyətli məhsulları dünya bazarına çıxarma imkanı yaradan layihənin tam görüntüsünü yaratdı.
Texniki göstəriciləri kifayət qədər yüksək olacaq Ələt Azad İqtisadi Ticarət Zonası ixracyönümlü istehsalın artmasına töhfə verəcəkdir, iqtisadiyyatımıza güclü təsir göstərəcək. Bu iqtisadi zona respublikamızda daha çox nəqliyyat və logistikanın formalaşmasına xidmət etməklə yanaşı, investisiyaların cəlb olunması prosesini də sürətləndirəcək. Ümumi sahəsi 850 hektar olan iqtisadi zonanın 60 hektarında layihələndirmə başa çatıb, inşaat işləri başlayıb və bütün infrastrukturun yaradılması üçün lazımi addımlar atılıb. Bu iqtisadi zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir. Əlbəttə burada ən mühüm məsələlərdən biri iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafının təmin olunmasıdır.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadiyyatının şaxələndirilməsi, ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Belə mühüm layihələrdən biri də 850 hektardan ibarət Ələt Azad İqtisadi Zonasıdır. Bu layihənin icrası Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Bununla bərabər, dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasını, yeni investisiyaların cəlbini sürətləndirəcək.
Azad İqtisadi Zonanın rəhbərliyi həm ölkə daxilində, həm də xaricdə müxtəlif tədbirlər keçirəcək. Azad İqtisadi Zonanın nümayəndələri müxtəlif ölkələrə ezam olunacaq, həmçinin xaricdən potensial investorlar dəvət ediləcək. Bununla bərabər, Prezident İlham Əliyev tərəfindən bütün xarici ölkələrdəki səfirliklərə öz təmasları əsnasında bu zonanın yaradılması ilə bağlı potensial investorlara məlumat vermək göstəriş verilib.
Məkan kimi niyə məhz Ələtin seçilməsinə gəlincə, ölkə Prezidentinin bildirdiyi kimi, bu ərazidə böyük boş torpaq sahələri var və bu torpaq sahələrinin mütləq əksəriyyəti kənd təsərrüfatı üçün yararsız torpaqlardır. Digər tərəfdən, Ələt qəsəbəsi Bakı şəhərinə yaxındır. Bu da vacib şərtlərdən biridir. İnfrastruktur layihələrinin icrası üçün artıq bütün ilkin şərtlər vardır. Səngəçalda 300 meqavat gücündə elektrik stansiyası mövcuddur və infrastruktur layihələrinə qoyulan xərclər də nisbətən az olacaq. Burada Beynəlxalq Dəniz Limanı yerləşir. Bu da iqtisadi zonanın fəaliyyəti üçün önəmli amillərdən biridir.
Azad edilmiş torpaqlarda böyük tikinti-quruculuq işlərinə start verilir. Bu da böyük iqtisadi canlanmaya gətirib çıxaracaq. Ancaq birbaşa xarici investisiyalar olmadan ölkəmiz istədiyimiz qədər inkişaf edə bilməz. Ona görə, başqa ölkələrlə hökumətlərarası komissiyaların işi də, ilk növbədə, Azərbaycana xaricdən vəsait gətirməkdir. Məhz bu zona potensial investorlar üçün cəlbedici ola bilər. Beləliklə, bir ildən sonra – gələn ilin iyul ayında zona investorları qəbul etməyə hazır olacaq. Gözlənilən mənzərə həyatda öz əksini tapacaq. Çünki bu günə qədər bütün təşəbbüslər, bütün planlar həyatda öz əksini tapıb. Elə bir təşəbbüs olmayıb ki, o, reallığa çevrilməsin. Ən çətin layihələr, transmilli layihələr, çox çətin geosiyasi vəziyyətdə həyata keçirilən layihələr uğurla başa çatıb. Ona görə, bu zonanın yaradılması Azərbaycanın uğurunun növbəti addımı olacaqdır.
Könül Rəhimova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru
Ələt Azad İqtisadi Zonasının yaradılması ideyası və məqsədi.
Son illər ölkəmizdə aparılan iqtisadiyyatın inkişafına təkan verən layihələrin təməlində dövlət siyasəti dayanır. Bu yöndə görülən tədbirlərdən biri də Ələt Azad İqtisadi Zonasının yaradılmasıdır.
Paytaxt Bakıdan 65 kilometr cənubda Qaradağ rayonunun inzibati ərazisində yerləşən torpaqları əhatə edən layihənin ərazisinə Bakı Beynəlxalq Dəniz Ticarət limanı da daxil edilmişdir.
22 may 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əsası qoyulan ticarət və logistika mərkəzinin yaradılmasında məqsəd qeyri- neft sektorunun inkişafına xidmət göstərməkdir. Eyni zamanda qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. Ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin çoxsaylı yeni iş yerləri yaratmaq da əsas hədəflərdəndir.
Mayisə Xəlilova- Dəkkəoba kənd tam orta məktəbin direktor müavini.