image-qanunla-reklam
image-olgas-az_2017-04-11_05-47-50

İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı

image-lady-day-az

İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı

Azərbaycanda ötən 8 ildə qeydə alınan sürətli iqtisadi inkişafda neft sektorunun rolu aparıcı olsa da son illər qeyri-neft sektoru ümumi iqtisadi artımda önə çıxmaqdadır. Rəsmi statistika və makroiqtisadi göstəricilərə əsasən son 8 ildə ölkədə qeyri-neft sektorunda artım 2.2 dəfədən çox olub. Neft gəlirlərinin iqtisadiyyatın şaxələndirilməsinə hesablanmış xərclənmə strategiyası özünü doğruldub. Keçid dövrünü  yaşamış hər bir ölkə kimi Azərbaycan da güclü iqtisadiyyat qurmaq üçün öz təbii resurslarından faydalanıb, ancaq bu resurslardan əldə etdiyi gəlirlər hesabına iqtisadiyyatını uğurla şaxələndirə və onun neftdən asılılığını minimuma endirə bilib. Bu strategiya nəticəsində ölkədə tikinti, turizm, kənd təsərrüfatı, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları sektorlarında davamlı artım tendensiyası hökm sürməkdədir. Bu tendensiyanın göstəricilərindən biri kimi, son 8 ildə ölkədə 1 milyondan yuxarı iş yeri yaradılıb və bunun böyük hissəsi məhz qeyri-neft sektorunda baş verib.
Kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi Azərbaycanda qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələr hesab edilir. Beynəlxalq maliyyə institutları bu sahələr arasında kənd təsərrüfatı və turizmin əhəmiyyətini xüsusi qeyd edirlər. Belə ki, ölkənin məşğul əhalisinin 44 faizə yaxını məhz kənd təsərrüfatında çalışır. Bu səbəbdən ölkədə kənd təsərrüfatının inkişafına yönələn ardıcıl dövlət proqramları, islahatlar və yeni texnologiyaların cəlb edilməsi həyata keçirilməkdədir. Nazirlər Kabinetinin hesabatında yer alan rəqəmlərə görə 2003-cü ilə nisbətən 2011-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalında 34 faiz artım qeydə alınıb. Son üç ildə isə kənd təssərüfatının ümumi məhsulunun artım tempi orta hesabla 2,5 faiz təşkil etmişdir. Azərbaycanla sıx tərəfdaşlıq edən  Asiya İnkişaf Bankı da kənd təsərrüfatı və turizmi ölkədə qeyri-neft sektorunun inkişafının aparıcı istiqamətləri hesab edir. Bank hesab edir ki, regionlarda infrastrukturun yaxşılaşması, kənd təsərrüfatı məhsulları istehsalçılarının subsidiyalaşdırılması və onlar üçün vergi güzəştlərinin saxlanması Azərbaycanda böyük potensiala malik olan kənd təsərrüfatı sahəsinin inkişafına yardım edir. Bankın hesablamalarına görə ölkənin turizm imkanlarından tam istifadə qeyri-neft ÜDM-inin artımına gətirib çıxaracaq. Belə ki, Azərbaycanın zəngin turizm potensialına malik olması və ölkədə turizm infrastrukturunun son illər sürətli inkişafı qeyri-neft sektorunun bu istiqaməti üzrə ölkəyə böyük gəlirlər vəd edir.
Hazırda Azərbaycanda istehsal edilən qeyri-neft məhsulları, o cümlədən elektrik maşınları və avadanlıqları, onların hissələri, kimya sənayesi məhsulları, tikinti materialları, hazır toxuculuq məmulatları və s. müxtəlif bölgələrə ixrac edilir. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına zəmin yaratmaq üçün ölkə prezidentinin sərəncamları və təsdiq etdiyi inkişaf proqramları əsasında kiçik və orta sahibkarlığın dəstəklənməsinə, bu fəaliyyətlə məşğul olanlara güzəştli dövlət kreditlərinin ayrılmasına, kənd təsərrüfatına  subsidiyaların yönəldilməsinə, ölkə boyu nəqliyyat-kommunikasiya infrastrukturunun yenidən qurulmasına milyardlarla dollarlıq vəsait xərclənib. Bu xərcləmələr çox keçmədən öz bəhrəsini verməyə başlayıb və iqtisadiyyatın qeyri-neft sektorunda böyük canlanmaya səbəb olub. İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə “Azərbaycan Respublikası iqtisadi rayonlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və digər proqramlar qəbul olunub. Bu proqramlar uğurla icra olunmaqdadır.

İntiqam Mərdanlı
Saatlı rayon Novruzlu kənd ümumi orta məktəbi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki