image-qanunla-reklam
image-media-1745844603_6d60dd20745a936dbc38f7b17a6c6395-melwefzt-3ntupeca28xwzb4mf09q

İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri çoxtərəfli münasibətlərin daha da möhkəmlənməsinə təkan verəcək

image-lady-day-az

İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri çoxtərəfli münasibətlərin daha da möhkəmlənməsinə təkan verəcək

İran İslam Respublikası ölkəmizin vacib ticarət tərəfdaşlarından biridir. 2005-ci ildə iki ölkə arasında ümumi ticarət dövriyyəsinin həcmi 242 milyon 786,4 min ABŞ dolları təşkil etdiyi halda, ötən il bu göstərici 647,1 milyon dollara çatıb. Bu isə 2023-cü ilə nisbətən 159,7 milyon dolları və ya 32,8 faiz çoxdur. Ümumilikdə, 2024-cü ildə İran İslam Respublikası ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,3 faizi həcmində olub.

Son illər ölkələrimiz beynəlxalq yükdaşımalar, nəqliyyat-logistika sahələrində də uğurla əməkdaşlıq edirlər. Şimal – Cənub Nəqliyyat Dəhlizi üzrə əməkdaşlıq əlaqələrinin genişlənməsi bu baxımdan diqqət çəkir. Artıq iki ölkə sözügedən dəhlizin infrastruktur imkanlarının artırılması ilə bağlı birgə fəaliyyətlərini xeyli artırıb. Elə İran Prezidenti məlum müsahibəsində bu məqama toxunaraq Astara – Astara, eləcə də Astara – Rəşt dəmir yolları ilə İran və Azərbaycan arasında ticarət əlqələrinin perspektivlərindən bəhs edib. O, Azərbaycanın İranla Rusiya arasında qovuşdurucu rol oynaya biləcəyini vurğulayaraq deyib: “İnsanda ürək və damar həyati əhəmiyyət kəsb etdiyi kimi, yollar da ictimaiyyətlər və cəmiyyətlər arasında əlaqə və həyat anlamını özündə əks etdirir. Biz quru yollarının təmin edilməsi və bərpası üçün layihələrimizi həyata keçirməkdəyik. Astara-Astara dəmir yolu layihəsi də davam etdirilir”.

Prezident deyib ki, Azərbaycan özü İran vasitəsilə Fars Körfəzinə daşımalar həyata keçirə bilər. Onun sözlərinə görə, İran hazırda bu sahədə öz üzərinə düşəni həyata keçirir və Prezident İlham Əliyev ilə görüşümüzdə də bu sahənin daha da sadələşdirliməsi üçün layihələrin reallaşdırılması üzrə danışıqlar olacaq.

İran üzərindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin edilməsi üzrə işlərin davam etdirildiyini bildirən prezident ölkəsinin Naxçıvanla quru əlaqənin təmin edilməsi üçün təşəbbüs göstərdiyini xatırladıb. Hazırda bu layihənin çox sürətlə həyata keçirildiyini diqqətə çatdıran M. Pezeşkian İran ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqənin yaradılmasında heç bir problem olmayacağını bildirib: “Biz çalışırıq ki, bu yolu daha təhlükəsiz və daha sağlam şəkildə yekunlaşdıraq. Yüksək səviyyəli mütəxəssislər layihəni dəyərləndiriblər. Ümid edirəm ki, bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqəni təhlükəsiz şəkildə təmin edəcək, eyni zamanda, Azərbaycanla Təbriz, Ərdəbil və Qərbi Azərbaycan arasında əlaqələrə də töhfə verəcək”.

Heç şübhəsiz, İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri çərçivəsində dövlət başçıları arasında keçirilmiş görüşlər, imzalanmış mühüm sənədlər ölkələrimiz arasında çoxtərəfli münasibətlərin daha da möhkəmlənməsinə təkan verəcək.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəlişindən sonra İranla münasibətlər yeni mərhələyə qədəm qoyub

İranın dövlət başçısı müsahibəsində iki ölkənin “yaşıl” enerji sahəsində qarşılıqlı faydalı əməkdaşlıq imkanlarından bəhs edərək Araz çayının “yaşıl” enerji istehsalı üçün son dərəcə münasib olduğunu vurğulayıb. “Orada bəndlər yaradılıb və bəziləri də hələ reallaşdırılır. Bu su bəndlərindən “yaşıl” enerji əldə etmək olar. Biz bu sahədə hər iki ölkə üçün qarşılıqlı faydalı əməkdaşlıq edə bilərik. Heç şübhəsiz ki, bu əməkdaşlıq günəş və külək enerjisi sahəsini də əhatə edə bilər. Bu da iki ölkə arasında müvafiq qurumların əməkdaşlığı çərçivəsində inkişaf edə bilər”, – deyə o əlavə edib.

Xatırladaq ki, ortaq tarixə malik olan Azərbaycanla qonşu İran İslam Respublikası arasında diplomatik münasibətlər zəngin keçmişə malikdir. Din, mədəniyyət və mənəvi dəyərlər baxımından yaxınlıq iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün geniş imkanlar yaradır. Belə ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra iki dövlət arasında diplomatik münasibətlər sürətlə inkişaf etməyə başlayıb. Elə ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri də məhz cənub qonşumuz olub. 1991-ci il dekabrın 25-də Azərbaycanın dövlət müstəqilliyini tanıdığını bəyan edən İran İslam Respublikası ölkəmizlə bir çox sahələrdə əlaqələrin qurulmasına səy göstərib.

Ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi illərdə Ermənistan tərəfindən blokada şəraitinə düşmüş bu diyarın üzləşdiyi çətinliklərin, qismən də olsa, aradan qaldırılması üçün İranla iqtisadi, humanitar və ticarət sahəsində əlaqələrin qurulmasına nail olunub. Bu baxımdan İrandan Azərbaycana qaz verilməsi, cənub qonşumuzun ərazisindən keçərək Naxçıvana gediş-gəliş məsələləri barədə əldə olunmuş razılaşmalar xüsusi əhəmiyyət daşıyıb.

Həmin dövrdə Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında imzalanmış müxtəlif sahələrdə əməkdaşlığa dair 16 maddədən ibarət protokola əsasən, muxtar respublikanın kommunikasiya xətlərinin İran ərazisindən keçirilməsi, bir il ərzində qaz kəmərinin İran hökumətinin vəsaiti hesabına çəkilməsi, ayda 100 ton maye qazın, təqribən, 30 meqavat gücündə elektrik enerjisinin verilməsi kimi həyati vacib məsələlər həll olunub. Bununla da, Ulu öndərin gərgin əməyi və diplomatik fəaliyyəti sayəsində Naxçıvan Muxtar Respublikasının Ermənistan tərəfindən yaradılan nəqliyyat, enerji blokadası yarılıb.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəlişindən sonra İranla münasibətlər yeni mərhələyə qədəm qoyub. 1993-cü ilin oktyabr ayında “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və qardaşlıq münasibətlərinin prinsipləri haqqında” 22 maddəlik memorandumla yanaşı, siyasi, ticarət, iqtisadi, elmi-texniki, mədəni və humanitar əlaqələrə dair 14 sənəd imzalanıb.

1994-cü ilin yayında Heydər Əliyevin başçılığı ilə Azərbaycan nümayəndə heyətinin İrana rəsmi səfəri çərçivəşində siyasi, iqtisadi, elmi-mədəni əməkdaşlığa dair 7 sənəd, o cümlədən Azərbaycanla İran arasında dostluq münasibətlərinin inkişafına dair 13 maddəlik bəyanata imza atılıb. Ümummili liderin hakimiyyətinin sonrakı illərində də iki ölkə arasında müxtəlif sahələrdə münasibətlərin, o cümlədən iqtisadi əlaqələrin inkişafına xüsusi diqqət yetirilib.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki