Siyasi şərhçi: “Bu məsələ artıq Tehranın başağrısına çevrilib”
“İran hökuməti ictimai yerlərdə saçlarını örtməyən qadınlara təzyiq etməmək qərarına gəlib. Bu qərar düzgün istiqamətdə atılan addımdır”.
Bunu İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif Davosda keçirilən Dünya İqtisadi Forumunda CNN-in müxbiri Fareed Zakaria ilə danışarkən deyib.
“Tehran küçələrinə çıxsanız, qadınların saçlarını örtmədiyini görərsiniz. Bu, qeyri-qanunidir, lakin hökumət qadınlara təzyiq etməmək qərarına gəlib”, – deyə o bildirib.
Vitse-prezidentin sözlərinə görə, bu qərar dövlət başçısı Məsud Pezeşkianın seçkiqabağı vədi olub və indi yerinə yetirilib. Zərif qeyd edib ki, ölkə prezidenti ictimai yerlərdə saçlarını örtməkdən imtina edən qadınları cəzalandıran qanunu tətbiq etməmək qərarına gəlib. Onun sözlərinə görə, bu qərar İran rəhbərliyinin, o cümlədən parlamentin spikeri, məhkəmə hakimiyyəti, Milli Təhlükəsizlik Şurası və hökumət başçısının ortaq razılığı ilə qəbul edilib.
Zərif həmçinin bildirib ki, qadınları təzyiqə məruz qoymaqdan qaçmaq cəhdləri “yetərli deyil”, lakin “doğru istiqamətdə atılmış addımdır”.
Aydındır ki, ölkənin dini lideri Əli Xomeneinin izni olmadan buna getmək mümkünsüzdür. O zaman vitse-prezidentin açıqlaması nədən xəbər verir? Bu, İrandakı rejimin yumşalmasının anonsudur, yoxsa ABŞ-la, Qərblə qarşıdakı danışıqlarda növbəti taktiki gediş?
Sədrəddin Soltan
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan “Yeni Müsavat” qəzetinə açıqlamasında bildirib ki, hicabdan istifadə İran rejiminin ən vacib əməllərindən sayılır: “1979-cu il inqilabı başlayandan sonra bir ildən çox müddətdə İranda hicaba görə qadınlarla mübarizə aparıldı. Hicab taxmayan çoxlu sayda qadın öldürüldü və həbs edildi. Odur ki, hicab Tehran hakimiyyətinin dini, siyasi və ideoloji məsələsidir. Hakimiyyət bunu o dərəcədə radikallaşdırdı ki, sonda ağır nəticələrlə üz-üzə qaldı. Məsələn, 2022-ci ildə Məhsa Əmininin öldürülməsi ilə etiraz aksiyası başladı və proseslər fərqli istiqamətə yönəldi.
Zərif doğru deyir, Pezeşkian seçki öncəsi hicab məsələsində zorakılığa qarşı olacağını bəyan etmişdi. Ötən ay İran parlamenti iffət haqqında qanunu müzakirəyə çıxardı. Qanuna əsasən hicab bağlamayan qadınlar çox böyük məbləğdə cərimə olunmalı və yaxud azadlıqdan məhrum edilməli idi. Pezeşkian hökuməti həmin qanunun təsdiq olunmaması üçün parlamentə müraciət etdi. Nəticədə qanun yumşaldılması və dəyişikliklər edilməsi üçün yenidən işlənməyə göndərildi. Cavad CNN-in müxbirinə müsahibəsində bu məsələni önə çəkib. İranın ayrı-ayrı üləmaları, seyidləri də bildirib ki, hicabla bağlı zorakılıq cəmiyyəti İslamdan uzaqlaşdırır.
Hazırda İranda Məhəmməd Cavad Zərifə söylədiyi fikirlərə görə təzyiqlər başlayıb, onun istefası tələb olunur. Deyilir ki, Zərif bu çıxışı ilə İranda qadınların çılpaq olmasını təbliğ edir. Ona qarşı aparılan kampaniyanın arxasında dayananlardan biri SEPAH-ın təbliğat maşınıdır. Onlara başçılıq edənlərdən biri də deputat Qəzənfəridir. Cavadı SAVAK-ın agenti hesab edirlər. SAVAK şahın dövründə təhlükəsizlik orqanı olub. Onlar iddia edir ki, Zərif SAVAK-ın təhriki ilə ABŞ-da təhsil almağa gedib və şahçıdır. SEPAH və mühafizəkar xəttin nümayəndələri bu yolla Zərif və Pezeşkiana qarşı qara kampaniya aparırlar”.
Ceyhun Məmmədov
Millət vəkili Ceyhun Məmmədov bildirib ki, İranda dövlət şəriət qanun və normaları ilə idarə olunur. Bu ölkədə hakimiyyətin əsas qolu ali dini lider və onun administrasiyasıdır: “İran üçün hicab çox önəmli məsələdir, hakimiyyət heç zaman bu məsələdə güzəştə getmək istəmir. Hicab taxılmaması dövlət üçün təhlükə hesab olunur. İran hazırda ən çox məcburi hicaba görə tənqid olunur. Bu, artıq İranın başağrısına çevrilib.
Ölkənin hazırkı vəziyyəti çox ağırdır. Yaxın Şərqdə mövqelərini itirib, digər tərəfdən Donald Trampın sanksiyalarına məruz qala bilər. Yaxın aylarda İran üçün çox çətin günlər olacaq. Ölkənin daxilində də ciddi gərginliklər var. Hazırda İranın olduğu durum tələb edir ki, hakimiyyətdə mühafizəkarlar olmasın. Bununla da İran göstərməyə çalışır ki, ölkədə yumşalma var, müəyyən addımlar atılır.
Lakin bunu da unutmayaq ki, İran üçün hicab artıq dövlət rəmzinə çevrilib. Onlar bunu özlərinin qırmızı xətləri hesab edirlər. Bütün bunlar nəzərə alınaraq açıqlamalar verilir, amma hicabla bağlı tam güzəşt yoxdur. Yumşalma isə o deməkdir ki, İran taktiki gediş edir və təzyiqlərdən özünü qoruyur”.