Ermənistan KTMT toplantılarında iştirak etməməsini təşkilatda fəaliyyətini dondurması ilə izah edir. Yəni cəsarət edib açıq şəkildə KTMT-dən çıxdıqlarını deyə bilmirlər, ona görə də belə yol seçiblər. Ancaq digər tərəfdən AB və ABŞ-la hərbi və hərbi-texniki sahələrdə əməkdaşlıq edirlər.
Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev KTMT müdafiə nazirlərinin bu gün başlayan toplantısına Ermənistanın qatılmaması haqda danışarkən deyib.
Hərbi ekspert Ermənistanın özünə yeni himayəçi axtarışında olduğunu bildirib:
“Ötən ilin oktyabrında Fransanın, indi isə ABŞ-ın Ermənisana hərbi müşavirlər göndərəcəyini açıqlaması, Papikyanın Brüsseldə keçirdiyi görüşlər də bunu təsdiq edir. Hədəfləri isə ilk növbədə hərbi və təhlükəsizlik sahəsində Avroatlantik məkanla əməkdaşlıq, daha sonra NATO-ya inteqrasiyadır. Ancaq Rusiyanın maraqlarını və s. hesaba qatmırlar. Əgər Rusiya Ukrayna müharibəsində strateji məğlubiyyətə uğradılsa və bütün bölgələrdən çəkilməyə məcbur edilsə, onda Ermənistanın hesabı özünü doğrultmuş olacaq. Əks təqdirdə rəsmi İrəvanın yaxın gələcəkdə vəziyyəti pisləşəcək”.
Elxan Şıxəliyev Rusiyanın Ermənistanın addımlarından özü üçün nəticələr çıxaracağını və daha sərt addımlar ata biləcəyini istisna etməyib:
“Ermənistan Gürcüstan, Moldova və müharibə içərisində olan Ukraynanın yolunu getmək istəyir. Münasibətlərin belə kəskin dəyişdirilməsini Rusiya özü üçün təhlükə hesab edə və Ermənistanla ən ağır formada davranış üsulunu seçə bilər. Fikrimcə, Rusiya və KTMT ilə münasibətləri dəqiqləşdirmədən iki cəbhədə oynamaq Ermənistan üçün çox ağır nəticələr doğura bilər. Moskva bunun fərqindədir, lakin başı qarışıqdır. İndiki məqamda ABŞ və bir sıra ölkələrin Cənubi Qafqazda hansısa dəyişikliyə nail olacağı real görünmür. Ancaq Ermənistanın hər an böyük güclərin poliqonuna çevrilməsi mümkündür”.