İşğaldan azad edilmiş ərazilərdə nəqliyyat layihələri sürətlə həyata keçirilir.
Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın müddətdə Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılmışdır. İşğal dövründə bu ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılmış, milli-mədəni irsimiz məhv edilmiş, təbii sərvətlərimiz talan edilmiş, iqtisadiyyata əhəmiyyətli zərər vurulmuş, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlamış və 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir.
Hazırda əksər ölkələrin iqtisadi böhran yaşadığı bir zamanda Azərbaycan böyük bir ərazidə təxirəsalınmaz tikinti-quruculuq işləri aparır. Dövlətin qəbul etdiyi Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda müasir şəhərsalma tələblərinə cavab verən yaşayış məntəqələri, ən yüksək səviyyədə salınan yeni yollar və müxtəlif infrasrtuktur obyektləri inşa olunur. Artıq işğaldan azad olunmuş ərazilərimizi dünyanın hava məkanları ilə birləşdirən Füzuli və Zəngilan beynəlxalq aeroportları, “ağıllı konsepsiyalar” əsasında yaradılan ən müasir infrastruktur, bir sıra yeni yaşayış komplekslərinin tikintisi uğurla başa çatdırılıb.
Bərpa-quruculuq işləri cənab Prezident İlham Əliyevin şəxsi nəzarəti altında həyata keçirilir. Dövlət başçısının işğaldan azad olunmuş ərazilərə müntəzəm səfərləri, aparılan işlərin xüsusi diqqətdə saxlaması bir daha onu göstərir ki, Azərbaycan düşmənin viran etdiyi bu bölgəni dünyanın inkişaf etmiş məkanlarından birinə çevirməkdə qətiyyətlidir. Bu da ölkəmizin iqtisadi qüdrətinin əyani sübutu, işğaldan azad olunmuş şəhərlərimizin dövlətimizin gücü ilə bərpasının bütün dünyaya nümayişidir.
Azad edilmiş ərazilərdə görülən işlərin əsasını nəqliyyat layihələri təşkil edir. 3400 kilometrə yaxın avtomobil yolu – hələlik cəmi 44 avtomobil yolu layihəsi icra edilib, ya da ki, icra edilməkdədir. Eyni zamanda, 45 tunel, 447 körpü, 16 viaduk nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanmışdır.
Horadiz-Ağbənd dəmir yolunun 60 faizi inşa edilib. Bərdə-Ağdam dəmir yolunun 94 faizi inşa edilib. Bu, sadəcə olaraq, əsas layihələrdir ki, ictimaiyyətin diqqətinə çatdırılır. Onu da qeyd etmək lazımdır ki, ölkə üzrə, o cümlədən azad edilmiş ərazilərdə bütün nəqliyyat layihələri bundan sonra da icra ediləcək. Hər şey plan üzrə gedir. Bu ilin İnvestisiya Proqramında da bu məqsədlər üçün lazımi vəsait ayrılıb.
Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktoru