Prezident İlham Əliyev iyulun 7-də “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərman imzalayıb. Bu, dövlət başçısının 44 günlük Vətən müharibəsinin yekunu olaraq ərazi bütövlüyümüzün və suverenliyinimizin daha bir təzahürü, respublikada həyata keçirilən sosial-iqtisadi islahatların keyfiyyətcə yeni mərhələsidir.
“Yeni Gündəm” xəbər verir ki, 2004-cü ildən bəri davamlı olaraq regionların hərtərəfli inkişafına yönəldilmiş dövlət proqramları ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, iqtisadi sabitliyin təmin olunması, regionlarda sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradılması, yeni müəssisələrin və iş yerlərinin açılması, irimiqyaslı infrastruktur layihələrinin icrası və bunun nəticəsi olaraq, əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynamışdır.
Həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar ölkənin iqtisadi və hərbi-müdafiə qüdrətini artırmış, 44 günlük Vətən müharibəsində düşmən üzərində şanlı qələbə qazanılmasına təkan vermişdir.
Fərmanda da qeyd edildiyi kimi, işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir. Hazırda da respublikamızın qarşısında duran ən ümdə məsələ qələbənin əbədiləşdirilməsi üçün doğma torpaqlarından köçkün düşən insanların öz yerlərinə qayıdışını təmin etmək, həmin ərazilərin ölkənin iqtisadi sisteminə inteqrasiyasını təşkil etməkdən ibarətdir. Odur ki, əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılması günün tələbi idi.
Azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası planlaşdırma işinin səmərəliliyinin artırılmasını, iqtisadi idarəetmədə çevikliyin təmin olunmasını və bu məqsədlə həmin iqtisadi rayonların tərkibinə də yenidən baxılmasını tələb edir. Yeni iqtisadi ərazi bölgüsündə Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarını birləşdirən Qarabağ və xüsusilə də Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarını əhatə edən Şərqi Zəngəzur iqtisadi rayonlarının bu siyahıda yer alması birbaşa bu şəhərlərdə yeni inkişaf yolunun başlaması deməkdir. Bunun üçün ilk növbədə Azərbaycanın tarixi qələbəsinin nəticələrinin möhkəmləndirilməsi və əbədiləşdirilməsi üçün işğaldan azad olunmuş bölgələrdə əhalinin dayanıqlı məskunlaşması təmin edilməlidir. Bu məqsədlə həmin ərazilər cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevriləcək, dayanıqlı məskunlaşma üçün müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühiti yaradılacaq.
Planlı şəkildə görülmüş işlərlə hərtərəfli təhlükəsiz və əlverişli həyat şəraitinin yaradılması vətəndaşların məskunlaşması üçün əlverişli imkanlar açacaq. Bunun üçün yeni ərazilərdə layiqli yaşayışın təmin edilməsi, müasir infrastrukturun qurulması, xidmətlərin əlçatan olması nəzərdə tutulur. Bundan başqa, regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması təmin ediləcək.
Anar MƏMMƏDOV
Milli Məclisin deputatı