İşğaldan azad olunmuş bütün ərazilər bərpa olunacaqdır.
Azərbaycan Respublikasının torpaqlarının 20 faizi 30 ilə yaxın müddətdə Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılmışdır. İşğal dövründə bu ərazilərdə infrastruktur obyektləri tamamilə dağıdılmış, milli-mədəni irsimiz məhv edilmiş, təbii sərvətlərimiz talan edilmiş, iqtisadiyyata əhəmiyyətli zərər vurulmuş, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Azərbaycanın möhtəşəm Qələbə ilə nəticələnən İkinci Qarabağ müharibəsi ölkədə və bölgədə bir sıra ciddi yeni reallıqların meydana gəlməsini şərtləndirib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin gərgin əməyi nəticəsində Azərbaycan xalqı formalaşmış yeni reallıqlar mühitində inamla və qürurla öz inkişafının növbəti mərhələsinə qədəm qoymuşdur. Yeni dövrdə qarşıda duran strateji vəzifə Azərbaycanı davamlı və dayanıqlı inkişaf edən ölkəyə çevirməkdir. İşğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma işlərinin, Böyük Qayıdışın davam etdirilməsi, təhlükəsizliyin təmin olunması və müasir ordu quruculuğu prioritet istiqamətlər sırasındadır. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Milli Prioritetinin icrasının təmin olunması məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair l Dövlət Proqramı” qəbul edilmiş və hazırda icrası uğurla davam edir. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq 2026-cı ilədək 34500 ailənin doğma torpaqlarda layiqli şəkildə yaşayışı təmin ediləcək, həmin ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası istiqamətində mühüm addımlar atılacaqdır.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə işğaldan azad olunmuş bütün ərazilər dirçələcək bərpa olunacaq və cənnətə çevriləcəkdir.
Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev
Aparılan danışıqlar – təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir.
Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında diplomatik münasibətlər 11 iyun 1993-cü ildə yaradılmışdır. Azərbaycan ilə Belarus arasında yüksək səviyyəli dialoq və əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan ilə Belarus BMT, ATƏT, MDB kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində də əməkdaşlıq edir, ənənəvi olaraq bir birinə qarşılıqlı dəstək verirlər. 16 May 2024-cü il tarixində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfər etmişdir. Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşü keçirilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub. Aparılan danışıqlar, təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Ölkələrimizin rəhbərləri arasında etimada əsaslanan münasibətlər bütün digər dövlət qulluqçularına impuls verir ki, onlar, həmçinin öz aralarında ünsiyyət saxlasınlar, çalışsınlar, dostluq etsinlər, öz ölkələrinin rifahı və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi naminə fəaliyyət göstərsinlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər. “Əməkdaşlıq əlaqələri ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq bütün məsələləri əhatə edir”deyə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 16 May 2024-cü il tarixində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə mətbuata bəyanatla çıxışı zamanı bildirib. Belarus şirkətləri Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət olunublar.Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları və aqroşəhərciklərin tikintisi təcrübəsi var.
Ölkə başçısı çıxışı zamanı bildirib ki, “Birinci dərəcəli vəzifəmiz keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar”.
Ehtiram Osmanov-Zərdab rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi