image-qanunla-reklam
image-bez-nazvaniya-3

İşğalın nəticələri

image-lady-day-az

İşğalın nəticələri

Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilib, 17 iyun 1964-cü ildə isə yenidən yaradılıb. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir.

cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi

Ərazisi 1050 kvadrat kilometr olan Cəbrayılın erməni-rus hərbi birləşmələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb. Hazırda Cəbrayıl üzrə 351 nəfər şəhid ailəsi var. Cəbrayıldan olan 61100 məcburi köçkün 58 rayonda, daha çox isə Beyləqan, İmişli, Sabirabad, Biləsuvar rayonlarında məskunlaşıb.

Rayona Cəbrayıl şəhəri, Qumlaq, Xələfli, Xudafərin, Mahmudlu qəsəbələri və Yarəhmədli, Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, İmambağı, Horovlu, Çapand, Safarşa, Çərəkən, Papı, Əfəndilər, Balyand, Qaracallı, Doşulu, Süleymanlı, Daşkəsən, Qışlaq, Quycaq, Şəybəy, Nüzgar, Şahvəlli, Niyazqullar, Tinli, Qovşudlu, Hacı İsaqlı, Qoşabulaq, Şükürbəyli, Şıxalıağalı, Fuğanlı, Dəcəl, Əmirvarlı, Sarıcallı, Məzrə, Yuxarı Məzrə, Soltanlı, Keçəl Məmmədli, Yanarxac, Alıkeyxalı, Maşanlı, Hasanlı, Mehdili, Çaxırlı, Minbaşılı, Sədi, Ağtəpə, Kavdar, Mirək, Hüseynalılar, Hacılı, Tulus, Dağ Tumas, Qarağac, Sofulu, Çələbilər, Dağ Maşanlı, Qazanzəmi, Söyüdlü, Aşağı Maralyan, Yuxarı Maralyan, Karxulu, Cəfərabad, İsaqlı, Qalacıq, Hovuslu, Sirik, Aşağı Sirik, Şıxlar, Mollahəsənli, Əsgərxanlı, Xələfli, Qərər, Kürdlər, Nüsüs, Tatar, Qumlaq, Məstalıbəyli, Göyərçin Veysəlli, Böyük Mərcanlı, Yuxarı Mərcanlı, Xanağabulaq, Çullu, Dərzili, Daş Veysəlli, Yuxarı Nüsus, Aşıq Məlikli, Niftalılar, Quşçular, Həsənqaydı, Mahmudlu, Cocuq Mərcanlı kəndləri daxildir.

İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. I Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilmişdir.

Kəmalə Məmişova- Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbin direktoru

 

 

Cəbrayıl rayonunun infrastrukturu

Cəbrayıl rayonu – Azərbaycan Respublikasında inzibati rayon. Cənub və cənub-şərqdə İran İslam Respublikası ilə həmsərhəddir. Mərkəzi Cəbrayıl şəhəridir. Rayon 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2020-ci il sentyabrın 27-si-noyabrın 9-u tarixlərində Cəbrayıl şəhəri və rayonun 90 kəndi işğaldan azad edilmişdir. Mənfur ermənilər işğal altında olan ərazilərimizdə daşı daş üstə qoymamışlar.

Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. İşğaldan əvvəl əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı. Rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı. Rayonun tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, iri və xırda buynuzlu mal-qaranın kökəltmə birliyi, quşçuluq fabriki fəaliyyət göstərirdi.

Cəbrayıl rayonunda memarlıq abidələri də dağıntıya məruz qalmışdır.  Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır.

Cəbrayıl rayonunun Dağtumas kəndində yerləşən XIII-XIV əsrlərə aid edilən gümbəzin üstü açıq olduğuna görə «Başıkəsik gümbəz» adlanırdı. Abidənin hündürlüyü 12 metrə, diametri 5 metrə çatır. İşğaldan qabaq gümbəz bərpa edilmişdi. İşğal müddətində erməni silahlı qüvvələri tərəfindən gümbəzin divarları bir neçə yerdən dağıdılmışdır.

Mənfur düşmənlər nə etsələrdə Azərbaycan xalqının izlərini torpaqlarımızdan silə bilmədilər. Dağlıq Qarabağ Azərbaycana məxsusdur. Bu gerçəyi heç nə dəyişdirə bilməz. Abidələri, dağı, daşı, təbiəti məhv edərək hər şeyi silmək istəsələr də, o ərazilərdə bizim əcdadlarımızın izi var. Bu izlər heç vaxt silinməzdir. Qəhrəman əsgərlərimiz tarix yazaraq Qarabağı işğaldan azad etdilər və bizə Zəfər qazandırdılar.

Zülfiyyə Əhmədova- Zərdab şəhər 3 saylı tam orta məktəbin direktoru 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki