ABŞ, Türkiyə və Rusiya bu terror təşkilatının xortlayacağını elan edib; deputat: “Azərbaycana terroru daşımaq istəyən qüvvələr var, xalq-iqtidar birliyi buna imkan verməyəcək”
Suriyada baş verən çevrilişdən sonra müxtəlif qüvvələrin fəallaşması diqqətdən yayınmır. Ümumiyyətlə, Yaxın Şərqdəki çaxnaşmalar fonunda İŞİD sanki yenidən dövriyyəyə girməyə çalışır. Sirr deyil ki, Azərbaycanda da bu təşkilatla əlaqələri olan şəxslər mövcud olub. Qusarda iki gün öncə məhv edilən silahlı şəxslə bağlı yeni faktlar müəyyən düşüncələr yaradır.
Radikal təriqətçi olduğu bildirilən, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı Alxas Şıxmətov kənd ərazisində silahla dolaşaraq insanları qorxuya salırmış. Alnında İŞİD-in rəmzi olan sarğı ilə gəzməsi isə kənd camaatını tamamilə təşvişə salıb. Sakinlərin şikayəti əsasında əməliyyat keçirilib. Polisə Şıxmətov silahlı müqavimət göstərib və vəziyyət nəzarətdən çıxmaq dərəcəsinə çatıb. Təhlükəli radikalçı sonda polis əməkdaşlarının müdaxiləsi ilə məhv edilib.
Əlbəttə, Azərbaycanın təhlükəsizlik, hüquq-mühafizə orqanları kifayət qədər bu sahədə peşəkardır və təhlükələri önləyə bilirlər. Quru sərhədlərin bağlı olması da müəyyən qədər bu cür radikalların manevr imkanlarını əlindən almış olur. Hazırda həbsdə Suriya və İraqda döyüşmüş azərbaycanlılar var. Elə Yaxın Şərq ölkələrində terror birləşmələrinə qoşulmuş bəzi Azərbaycan vətəndaşları qalmaqdadır. Türkiyə lideri Ərdoğan isə anons verib ki, İŞİD və PKK kimi terror təşkilatlarının başı əziləcək. Bəs qarşıdakı müddətdə İŞİD yenidən aktivləşə, simpatizanlarını ayaqlandırmağa cəhd edə bilərmi?
“İŞİD qruplaşmasının Suriyada yenidən baş qaldırması real təhlükəsi mövcuddur”, – Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. Onun sözlərinə görə, Suriyada İŞİD kimi hərəkatların yenidən baş qaldıracağı real təhlükə var. “İŞİD və bu cür birliklərin yaranmasından əvvəlki bütün strukturların yenidən başlarını qaldırması təhlükəsi var. Bu, narahatedici məqamdır. İstəməzdim ki, ölkə qeyri-sabitlik mənbəyinə, terror təhdidləri mənbəyinə çevrilsin. Heyət “Təhrir əş-Şam”ın, eləcə də digərlərinin beynəlxalq səviyyədə tanınan və ya ayrı-ayrı ölkələr tərəfindən tanınan statusu, əlbəttə ki, hamıya məlum mövzudur. Görünür, bu, bu və ya digər şəkildə həll edilməli olacaq”, – deyə Ryabkov əlavə edib. ABŞ və Türkiyə İŞİD-ə qarşı koordinasiyalı şəkildə mübarizə aparacaq. Bu barədə Pentaqon rəhbəri Lloyd Ostinlə türkiyəli həmkarı Yaşar Gülər telefon danışığı zamanı müzakirə aparıblar.
Aydın Mirzəzadə
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, Suriyada son hadisələr dünyanın gedişatını müəyyən qədər dəyişdi. Deputat vurğuladı ki, köhnədən qalan bəzi məsələlərə baxış ortaya qoyulması zəruri oldu. A.Mirzəzadə hesab edir ki, Suriya və İraq uzun illər terror yuvaları olub, bu gün də həmin təhlükə aradan qalxmayıb: “Eyni zamanda bu ölkələrin ərazisindən Türkiyəyə qarşı terror törədilməsi baş verib. Təbii ki, Suriyada süqut etmiş rejimin dövründə terrora dəstək verilməsi də qardaş dövlətə qarşı təhdidləri gücləndirmişdi. Suriyada indiki hakimiyyət isə Türkiyə ilə yaxşı əlaqələr qurmaq istəyir, sivil bir ölkə yaratmaq niyyətindədir. Əfsuslar olsun ki, terror həmişə boşluqlar axtarır, cəlbedici şüarlardan, vədlərdən çəkinmir. Ona görə İŞİD-in başqa bir adla meydana çıxması belə istisna deyil”.
A.Mirzəzadə əlavə etdi ki, Suriyanın hələ də bəzi əraziləri terrorçuların nəzarətindədir və ölkədə qarışıqlıqdır: “Bu terrorçuların hansı mərkəzdən maliyyələşməsi, hansı şüar seçməsi vacib deyil, əsas terror təhlükəsinin mövcudluğudur. Türkiyə isə hər zaman terrora qarşı böyük güclə mübarizə aparıb, Azərbaycan da qardaş ölkəyə dəstək verib. Bundan əlavə, zaman-zaman terror ab-havasını Azərbaycana gətirmək istəyən qüvvələr də olub. Dövlətimizin hüquq-mühafizə orqanları tərəfindən terror siyasəti aparmaq istəyənlər dərhal ifşa edilib. Bir neçə gün əvvəl Qusarda bir terrorçunun zərərsizləşdirilməsi, bir qrupun isə gömrük postunu ələ keçirmək üçün hazırlıq görməsi ondan xəbər verir ki, Azərbaycana terroru daşımaq istəyən qüvvələr var. Ancaq Azərbaycan dövlətinin və cəmiyyətinin qətiyyətli mövqeyi, xalq-iqtidar birliyi buna imkan verməyəcək”.