İsrail 8 “Patriot” kompleksinin Ukraynaya verilməsi ilə bağlı danışıqlar aparır. Onların 30 yaşı var, İsrail onları istismardan çıxarıb, Ukraynaya vermək istəyir, əvəzində isə ABŞ-dan yenisini alacaqlar. Əgər bu baş verərsə, Rusiya çox güman ki, Livan ordusuna yeni raket sistemləri ötürəcək.
Qanunla.Az xəbər verir ki, bu sözləri rusiyalı ekspert Sergey Markov İsrailin Ukraynaya ABŞ vasitəsilə 8 “Patriot” sistemi göndərmək istəməsi haqda yayılan məlumata münasibət bildirərkən deyib.
Markov qeyd edib ki, Rusiya Livana yeni raket sistemləri versə, bu, İsraili Hizbullahdan müdafiə olunmaq üçün daha çox “Patriot”a ehtiyac duymasına səbəb olacaq:
“Amma bu, Rusiya ilə İsrail arasında münasibətlərin fəlakətli şəkildə pisləşməsinə gətirib çıxaracaq. Və bu pisləşmə İsrail üçün Suriyada vəziyyətin kəskin pisləşməsinə səbəb olacaq”.