İstedadlı gənclərə dövlət qayğısının təzahürü “Qızıl kitab”
Gənclik millətin gələcəyinin, inkişafının təməl daşıdır. Millətin mövcudluğu üçün sağlam gənclik vacib şərtdir. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların hazırlığından, onların aparıcı qüvvə kimi ön planda olmasından çox asılıdır.
Gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən dahi şəxsiyyət ümummilli lider Heydər Əliyevin olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərmişdir. Ulu Öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür.
Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan Ulu Öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə xüsusi önəm vermişdir.
Dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılıb. Ulu Öndərin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilib. 1996-cı il 22 iyun tarixində imzalanmış “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərmanına əsasən, istedadlı gənclərə dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” və “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis olunub.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 1997-ci ildə imzaladığı müvafiq Fərmana əsasən, hər il fevral ayının 2-də ölkəmizdə Gənclər Günü qeyd edilir. Yəni Azərbaycanda Gənclər Gününün bayram kimi qeyd edilməsi Ümummilli Liderimizin adı ilə bağlıdır. Onu da qeyd edək ki, ötən əsrin ortalarından bu günə qədər Azərbaycan gəncliyinin əsl vətəndaş kimi formalaşması Ümummilli Lider Heydər Əliyevin diqqət mərkəzində olmuşdur.
Birmənalı şəkildə demək olar ki, Ulu Öndər Azərbaycana rəhbərliyinin bütün mərhələlərində gənc nəslə qayğısını heç vaxt əsirgəməyib. Belə ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan və Azərbaycan dövlətini məhv olmaqdan xilas edən Ulu Öndər gənclərin problemlərini diqqət mərkəzində saxlayıb. Dahi şəxsiyyət gənclərə diqqət və qayğıya dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi yanaşıb, gənclər siyasətinin institutlaşdırılmasını qarşıya mühüm vəzifə kimi qoyub.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti ötən illər ərzində cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib, gənclərin əsl vətəndaşı kimi formalaşmasına xüsusi önəm verilib. 9 aprel 2002-ci il tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu Qanunla respublikamızda gənclər siyasətinin məqsədləri, prinsipləri, istiqamətləri, təşkilati-hüquqi əsasları müəyyənləşdirilib və beləliklə, həmin sahədə yaranan münasibətlər tənzimlənib.
Zülfiyyə Əhmədova- Zərdab şəhər 3 saylı tam orta məktəbin direktoru