image-qanunla-reklam
image-ilham-eliyev-yeni-1

Keçən il Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir

image-lady-day-az

Keçən il Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir.

Prezident cənab İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi təqribən 3 saatlıq müsahibəsində irəli sürülən ideyalar dövlətimizin müxtəlif əməli fəaliyyət sahələri üzrə həyata keçirdiyi işlər haqqında məsuliyyətli məlumatların cəmiyyətə çatdırılması və xarici siyasətlə bağlı prioritet məsələlərin işıqlandırılması baxımından xüsusi önəm daşıyır.

Postmüharibə dövründə görülmüş işlər və perspektivlərdən danışarkən cənab Prezident Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işlərindən, onların ilkin nəticələrindən, bugünkü durumdan və perspektivlərdən ətraflı bəhs etdi. Bu işlərin yalnız Azərbaycanın daxili imkanları hesabına həyata keçirilməsi və xarici yardımlar olmadan böyük uğurların əldə edilməsi doğrudan da qürurverici hadisədir. Azərbaycanın müstəqil və prinsipial xarici siyasət xəttini, qonşu və digər ölkələrlə münasibətlərin prioritet istiqamətlərini açıqladı. O, həmçinin Ermənistanın revanşist meyilləri və davam edən silahlanma səylərinin bölgədə sülhə təhlükə yaratdığını qeyd edərək, Azərbaycanın öz müdafiə qabiliyyətini gücləndirməyə məcbur olduğunu bildirdi. Prezident çox açıq şəkildə bildirdi ki, Ermənistanın və havadarlarının addımlarını izləyirik və heç də həmişə müşahidəçi qalmayacağıq. Ermənistan hakimiyyəti öz daxilindəki faşizmə qalib gələ bilməsə, bunu biz etməyə məcbur qalacağıq.

Azərbaycan dövlətinin sosial rifahı yaxşılaşdırmaq üçün həyata keçirdiyi tədbirlərdən geniş bəhs edən Prezident cənab İlham Əliyev minimum əməkhaqqı, pensiyalar və sosial müavinətlərin artırılması ilə bağlı atılan addımlardan danışıb, dövlət büdcəsinin rekord səviyyədə olmasını və iqtisadi inkişaf perspektivlərini diqqətə çatdırıb. Prezidentin müsahibəsindən çıxarılan nəticələrdən biri də budur ki, əgər Azərbaycan   30 illik ağır işğala məruz qalmasaydı, insanlarımız qaçqın və köçkün həyatı yaşamasaydı, daha böyük uğurlar əldə edə bilərdik. Bəli, Azərbaycan öz Zəfərini sülh, ədalət və qlobal nizam naminə regional və beynəlxalq dövriyyəyə daxil edir, heç bir halda bunu eqoya çevirmir. Azərbaycanın bu ləyaqətli duruşu beynəlxalq ictimaiyyət üçün böyük bir dəyərdir. Azərbaycan Prezidenti dövlətimizin uğurlarını, qarşıya qoyduğu böyük hədəfləri və strateji yanaşmalarını ifadə edərək, hər bir Azərbaycan vətəndaşına bir daha qürur hissi yaşatdı. Müsahibə zamanı Prezident İran, Fransa, Rusiya və ABŞ kimi dövlətlərlə bağlı konkret mövzular üzrə Azərbaycanın prinsipial mövqeyini ortaya qoydu, eyni zamanda, Türkiyə ilə qardaşlıq, əvəzsiz müttəfiqlik bağlarının möhkəmləndirilməsinə xüsusi diqqət çəkdi. Prezident bu planda Yeni Suriya, Fələstin, Yaxın Şərq, habelə D-8-in genişləndirilməsinin məhz Azərbaycanla başlaması ilə bağlı orijinal fikirlər bölüşdü. Müsahibədə səsləndirilən fikirlər, ismarışlar və çağırışlar həm ictimai xadimlər, həm diplomatlar, həm də gənc nəsil tərəfindən dərindən öyrənilməli, geniş müzakirə edilməli və Azərbaycanın inkişaf hədəfləri üçün təlimat xarakteri daşımalıdır.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

 

Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmiz 2024-cü ili böyük və tarixi uğurlarla yola saldı. Yanvarın 7-də dövlətimizin başçısı yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın əldə etdiyi uğurlara, regionda və dünyada baş verən proseslərə ətraflı nəzər salaraq, bir sıra məsələlərlə bağlı ölkəmizin qətiyyətli mövqeyini ifadə etdi.

Uzun illərdir ölkəmizdə aparılan ardıcıl iqtisadi islahatların, qeyri-neft sektorunun inkişafı, müasir texnoloji yeniliklərə əsaslanan sənaye müəssisələrinin yaradılması istiqamətində görülən işlərin müsbət nəticələr verib. Ötən il dünyada baş verən gərginliklər fonunda ölkəmizdə ümumi daxili məhsulun 4 faizdən çox artması, qeyri-neft sənaye sektorunda artımın 7 faizi üstələməsi Azərbaycanın artan iqtisadi qüdrətinin göstəricisidir.

Bu gün Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpasına, viran qoyulmuş şəhər, qəsəbə və kəndlərimizin yenidən qurulmasına ciddi vəsait sərf edir. Buna baxmayaraq, ötən il valyuta ehtiyatlarımız təqribən 5 milyard dollardan çox artaraq 72 milyard dollara çatdırılıb. Cənab Prezidentin müsahibəsində qeyd etdiyi kimi, əhalisi 10 milyon olan ölkə üçün bu, çox böyük göstəricidir

Əhalinin sosial rifah halının davamlı şəkildə yaxşılaşdırılmasının daim diqqət mərkəzində saxlanmışdır. Prezident cənab İlham Əliyevin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamına əsasən, Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği 400 manat müəyyən edildi, həmçinin cari ildə ölkə başçısının imzaladığı Sərəncamla dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqqıları 15 faiz artırıldı. Əlbəttə ki, ölkəmizin iqtisadi imkanları artdıqca ilk növbədə əhalinin rifahının daha da yaxşılaşdırılmasını nəzərdə tutan tədbirlər həyata keçirilir.

Ölkəmiz haqlı olaraq, cari büdcədə müdafiə və təhlükəsizlik xərclərinə 8.4 milyard manat ayırıb. Azərbaycanın dəfələrlə sülhə sadiqliyini bəyan etdiyini vurğulayıb. Prezident İlham Əliyev müsahibəsində bir daha bildirdi ki, Azərbaycan sülh istəyir. Lakin Ermənistan və onun havadarları sülh istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar.

Prezident cənab İlham Əliyev müsahibəsində Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycanın dəyişməz mövqeyini bir daha bəyan etdi: “Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır”. Əlbəttə ki, Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən yolun olması Ermənistan ilə yanaşı, bəzi dairələri də ciddi narahat edir. Onlar Ermənistanı Azərbaycan ilə Türkiyə arasında coğrafi maneə olaraq saxlamaq istəyirlər. Lakin onlar buna nail olmayacaqlar, bu dəhliz açılacaq, onun istifadəyə verilməsi isə ölkəmizlə yanaşı, regionun inkişafına böyük fayda verəcək.

Zərdab Rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki