Keçən il Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir.
Prezident İlham Əliyev ölkə telekanallarına verdiyi müsahibədə neft və qeyri-neft sektorunun ölkə iqtisadiyyatına olan qatqısından danışıb. O qeyd edib ki, “Keçən il Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir. İnkişaf templəri, bugünkü dünyanın mənzərəsinə nəzər salsaq, müsbət sayıla bilər. Yəni, ümumi daxili məhsul 4 faizdən çox artmışdır. Əslində, bizim üçün əsas göstərici qeyri-neft sektorunun inkişafıdır. Biz son vaxtlar neft hasilatında tənəzzüllə üzləşmişdik və aparılan danışıqlar, göstərilən səylər nəticəsində artıq bu tənəzzülə son qoyulacaq və neft hasilatı sabit qalacaq. Beləliklə, neft hasilatının azalması bundan sonra ümumi daxili məhsula mənfi təsir göstərməyəcək.
Qeyri-neft sektoru 6 faizdən çox artıb. Nəzərə alsaq ki, artıq uzun illər bizim iqtisadi inkişafla bağlı əsas hədəflərimizdən biri sənaye istehsalının artırılmasıdır, qeyri-neft sənaye sektorunda artım daha da yüksəkdir. Bu, 7 faizdən çoxdur. Yəni, əgər dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da ki, tənəzzülə nəzər salsaq, görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Əlbəttə ki, bunun təməlində düşünülmüş siyasət dayanır”.
Prezident minimum əməkhaqqı və pensiyaların qaldırılması prosesinin gələcək illərdə də davam etdiriləcəyinə əminliyini qeyd edərək: “Azərbaycan xalqı ildən-ilə daha da yaxşı yaşamalıdır” deyə sözlərinə əlavə edib.
İlham Əliyev yaxın zaman ölkəmizdə keçirilən COP29 tədbirinin qısa zamanda yüksək səviyyədə keçirilməsindən də danışıb. O bildirib ki, bu Azərbaycan üçün uğurlu nəticələrlə yadda qaldı və bütün boykotlara baxmayaraq təşkilatçılıq hər kəsdə məmnunluq yaratdı.
Zərifə Xanlarzadə – Zərdab rayonu Xasa kənd ümumi orta məktəbinin müəllimi
Avropada tərəfdaşlarımıza göstərdiyimiz ciddi dəstək.
Azərbaycanın son illər dünyada artan nüfuzu onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır.
Cənab Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibəsində bu sahəyə toxunaraq bildirmişdir ki, “Avropa İttifaqının üzvü olan bir çox ölkə hazırda öz daxili qaz istehlakının təxminən yarısını Azərbaycan qazı ilə təmin edir. Qaz ixracımız artır və hazırda, biz, müxtəlif infrastruktur layihələrindən, əsasən, Cənub Qaz Dəhlizi və onun artırılmasından istifadə edərək, qaz təchizatının coğrafiyasını genişləndiririk. Son zamanlar Avropada istismara verilmiş yeni interkonnektorlar vasitəsilə müxtəlif bazarlara çıxışımız mümkündür.
Bildiyiniz kimi, 2022-ci ildə başlamış Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropaya Rusiyanın qaz təchizatının pozulması zamanı, Avropa Komissiyası yardım üçün Azərbaycana müraciət etdi. Həmin vaxt Avropa Komissiyasının sədri (Prezidenti) buraya, Bakıya gəldi. Elə bu zaldan çöldə biz Bəyannamə imzaladıq. Biz razılaşdıq və dedik, sizə kömək etməyə və Avropaya qaz təchizatımızı iki dəfə artırmağa hazırıq. Həmin vaxt, Avropa istiqamətində qaz təchizatımız yeddi milyard kubmetr idi.
Beləliklə, bunun üzərində işləməyə başladıq. Həmin vaxtdan etibarən qazımızı alan Avropa ölkələrinin sayı artdı. Hazırda onların sayı 10-a bərabərdir. Beləliklə, ümumilikdə 12 ölkə var. Onlardan 10-u Avropa ölkəsidir və həmin on ölkədən səkkizi Avropa İttifaqının üzvüdür. Bir sözlə, biz coğrafiyanı genişləndirdik, qaz həcmini artırdıq. Avropa İttifaqının üzvü olan bir çox ölkə hazırda öz daxili qaz istehlakının təxminən yarısını Azərbaycan qazı ilə təmin edir.
Bununla belə, 2022-ci ildən bu günə qədər çox köklü dəyişiklik baş verdi, çünki həmin vaxt qaz ixracımız yalnız Gürcüstanı, Türkiyəni, Yunanıstanı və İtaliyanı əhatə edirdi. Yalnız bunları. Sonra biz Bolqarıstan, Macarıstan, Rumıniya, Serbiya, Şimali Makedoniya, Slovakiya və Xorvatiyanı əlavə etdik. Bütün bunlar kifayət qədər qısa müddət ərzində baş verdi. Bir sözlə, ehtiyatlarımız var, çünki onların təsdiqlənmiş həcmi artmaqdadır. Bir neçə il öncə onların həcmi 2.6 trilyon kubmetr təşkil edirdi. Lakin indi, yenicə kəşf edilmiş, o cümlədən gələcəkdə nəzərdə tutulan ehtiyatlarla bu səviyyə daha da artacaq. Ümid edirik ki, bu il biz AÇQ-də “Dərin Qaz” layihəsindən ilk qazı alacağıq və bu, bütövlükdə qaz hasilatına gözəçarpan töhfə olacaq. Bununla belə, “Şahdəniz”in hələ də əsas qazı təchiz edən yataq kimi qalacağını nəzərə alsaq, biz “Abşeron”da qaz hasilatının 1.5-dən 5 milyard kubmetrə qədər artırılması məqsədilə tərəfdaşlarla çalışmağı planlaşdırırıq”.
Hikmət Novruzov – Zərdab rayonu Alıcanlı kənd ümumi orta məktəbin müəllimi