Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur.
Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvələri Camışdağ və Dəlidağdır. Ərazinin çox hissəsi meşəlikdir. Azərbaycanın cənub-qərb bölgəsinin zirvəsi hesab olunan Kəlbəcər rayonu Tərtər çayı vadisində Kiçik Qafqazda yerləşir. Kəlbəcər antik dövrün abidəsi olmaqla, çox zəngin flora və faunası olan bir təbiət muzeyidir. Azərbaycanın ən mənzərəli və şəfa mənbəli rayonlarından biridir, burada tanınmış İstisu və digər çoxsaylı mineral bulaqlar, qızıl da daxil olmaqla, saysız-hesabsız təbii sərvətlər yerləşir. Murovdağ silsiləsiylə əhatə olunan Kəlbəcər ən qədim insan məskənlərindən biri hesab olunur. Kəlbəcər təbiətində dünyada nadir sayılan dərman bitkiləri, ağaclar da yer alır ki, bu təbii sərvətlər də, 30 ilə yaxın bir müddət ərzində erməni quldurları tərəfindən talan edilmişdir. Ermənilər Kəlbəcərin təkcə təbii sərvətlərini deyil, infrastrukturunu, yaşı min ildən yuxarı olan tarixi abidələrini də məhv ediblər. Azərbaycanın ən yüksək dağ rayonu Kəlbəcər Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü il aprelin 2-də işğal olunmuşdu. Bu rayon qızıl, zod yataqları, müalicəvi mineral su sanatoriyaları, sıx meşələri, çayları, bulaqları ilə tanınır.
Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyev rəhbərlik etdiyi rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsi dövründə düşməni darmadağın etdi, Ermənistanı kapitulyasiya aktını imzalamağa və işğal altında saxladığı əraziləri boşaltmağa məcbur etdi. Təbii ki, Kəlbəcər rayonunun işğaldan azad olunduğu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il noyabr ayının 10-da imzaladığı Üçtərəfli Bəyanat Kəlbəcərin geri qaytarılmasını təmin etdi. Ermənistan noyabrın 25-i Kəlbəcər rayonunu Azərbaycana qaytarıb. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə 10 noyabr birgə bəyanatına görə, rayon noyabrın 15-də təhvil verilməli idi, lakin sonradan Ermənistana daha 10 gün vaxt verildi. Kəlbəcər rayonu da, Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq, bir güllə atılmadan azad edildi .Beləliklə, 27 illik işğaldan sonra, Kəlbəcər azadlığına, öz sahiblərinə qovuşdu.
Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə
Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.
1993-cü il 2 aprel tarixində Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonunu işğal etməsi Azərbaycanın tarixinə ağır bir faciə olaraq yazılmışdır. Bu işğal nəticəsində 511 dinc sakin həyatını itirmiş, 321 nəfər əsir götürülmüş və itkin düşmüşdür. Rayonun əhalisi məcburi köçkün olaraq Azərbaycanın müxtəlif bölgələrinə səpələnmiş, 56 rayonun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olmuşdur.
İşğal Kəlbəcərin mədəni irsinə və infrastrukturuna böyük zərbə vurmuşdur. Rayonun onlarla tarixi və mədəniyyət abidəsi dağıdılmış, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya və 9 aptek talan edilmişdir. Bundan başqa, minlərlə inzibati bina və yaşayış evi dağıdılmış, rayonun iqtisadi sərvətləri məqsədli şəkildə Ermənistana daşınmışdır.
İşğal dövründə Kəlbəcərin zəngin təbii sərvətləri də istismar edilmişdir. Qızıl yataqları, mineral su mənbələri və digər resurslar Ermənistan tərəfindən talan edilmiş, rayonun iqtisadi potensialına böyük zərər vurulmuşdur.
Lakin 2020-ci ildə Azərbaycan Ordusunun əldə etdiyi zəfər nəticəsində Kəlbəcər azad edilmiş və yenidənqurma işlərinə başlanılmışdır. Bu gün rayonun əvvəlki gözəlliyinə qovuşması üçün addımlar atılır və əhali doğma yurduna qayıtmağa hazırlaşır.
Kəlbəcərin işğalı bir daha göstərdi ki, ədalət və beynəlxalq hüquq prinsiplərinin pozulması yalnız faciələrə yol açır. Bu tarixi hadisə gələcək nəsillərə sülhün və ədalətin qorunmasının əhəmiyyətini xatırladır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qaydışa dair I Dövlət Proqramı” üzrə nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçiriləcək və bütün keçmiş məcburi köçkünlər o cümlədən Kəlbəcər rayonunun sakinləri tezliklə öz doğma ata-baba yurdlarına qayıdacaqlar.
Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli