İraqın Kərbəla şəhərində çoxlu ziyarətçinin olduğu bir ziyarətgah torpaq sürüşməsi nəticəsində uçub.
“Qanunla.az”ın məlumatına görə, indiyədək dağıntılar altında qalan 4 nəfərin cəsədi tapılıb.
Daha 6 nəfər xəsarətlə dağıntılar altından çıxarılıb. Şiə müsəlmanları üçün müqəddəs sayılan Qəttarat İmam Əli hərəminin damı həddindən artıq rütubət səbəbindən torpağın sürüşməsi nəticəsində uçub. Ziyarətçilərin yerləşdiyi ərazidə çökmə baş verdiyindən dağıntılar altında çoxlu adamın olduğu təxmin edilir və xilasetmə işləri davam edir.
Mülki müdafiə qruplarının sözçüsü Abdelrahman Cevdet, kiçik dəliklərdən davam edən xilasetmə işlərinin ləng getməsinin səbəbini “Hər hansı bir səhv yeni çökmələrə səbəb ola bilər” deyərək açıqlayıb.
BBC Türkcənin verdiyi məlumata görə; İndiyədək xilas edilənlər arasında üç uşaq da var. İraq prezidenti Barham Salih Twitter-də xilasetmə qruplarına və könüllülərə təşəkkür edib və dağıntılar altından hər bir insan xilas edilənə qədər işləri davam etdirməyə çağırıb.