image-qanunla-reklam
image-2c90164e69c0261e41e653013db75857

Kiyev üçün 4 ssenari – 4-ü birinə dəyməz, əgər…

image-lady-day-az

Ekspert: “Ukrayna hər bir halda itirən tərəfdir, çünki…”

ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsini dayandırmaq niyyətini bəyan etməsindən sonra “The Times” münaqişənin sona çatması ilə bağlı dörd “realist” ssenarini təqdim edib.

1-ci ssenari Ukraynanın dəstəksiz qalmasıdır: əgər Rusiya danışıqlara getməzsə və ABŞ Ukraynaya dəstəyi dayandırarsa, Kiyev zəifləyərək məğlubiyyətə uğrayacaq. Lakin “The Times” qeyd edir ki, Tramp belə bir nəticədən qaçmağa çalışacaq.

2-ci ssenari: “Pis sülh”. Bu halda Ukrayna məğlubiyyətə uğrayar və bölünər. Sülh olsa da, bu, ölkənin parçalanması deməkdir.

3-cü ssenari: Atəşkəs və dondurulmuş münaqişə. Atəşkəs yalnız münaqişənin tam həlli ilə nəticələnərsə, Ukraynanın “sağ qalmasına” imkan yarada bilər. Bu, bölgədə sabitlik yaradıb Ukraynanın müəyyən təhlükəsizlik və iqtisadi təminatlar əldə etməsinə şərait yaradar. Lakin müharibənin sadəcə dondurulması Moskvanın istədiyi vaxt hərbi əməliyyatları yenidən başlatmasına imkan verə bilər. Qeyd edilir ki, ABŞ-ın yeni dövlət katibi Marko Rubio uzunmüddətli razılaşmanı dəstəkləyir.

4-cü ssenari: danışıqlar yolu ilə həll. Vaşinqton Kiyevə “güclü mövqe”dən sülh danışıqları aparmaq imkanı yaratmalı və təhlükəsizlik zəmanətlərini təmin etməlidir. Əgər Rusiya bu danışıqlardan yayınarsa və ya qeyri-səmimi iştirak edərsə, sanksiyalar tətbiq edilə bilər. Tramp Ukraynanı silah və maliyyə dəstəyi ilə təmin etmək öhdəliyini götürməlidir. Lakin bu variantda belə, Rusiyanın işğal etdiyi ərazilərin geri qaytarılması ehtimalı azdır.

Nəşr vurğulayır ki, Ukraynanın qələbəsini və ya məğlubiyyətini nə torpaq məsələləri, nə də sərhəd xətləri müəyyən edəcək. Əsas məsələ münaqişədən sonra ölkənin hansı təsir dairəsində olacağıdır.

Sadalanan variantlardan hansı biri və nə vaxt reallaşa bilər. Və həmin variant tərəflərdən hansı birinin strateji məğlubiyyəti anlamına gələcək?

Rövşən Məhərrəmov

Hərbi ekspert Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirib ki, Rusiya-Ukrayna müharibəsi başlayan gündən müharibənin sonluğu ilə bağlı müxtəlif proqnozlar verilib: “Bu proqnozların dördü də əslində müharibə başlayan gündən verilib və müzakirə olunub. Yəni Ukraynanın parçalanması və torpaq itkisi məsələsi ilk gündən proqnozlaşdırılırdı. Faktiki indiki mərhələdə reallıqdan çıxış etsək,  müharibə hansı mərhələdə dayanır dayansın –  sülh sazişinə getsinlər,  atəşkəsə getsinlər, münaqişə dondurunsun, fərq etməz, Ukrayna hər bir halda itirən tərəfdir. Çünki Rusiya tərəfi bütün sanksiyalara,  təhdidlərə baxmayaraq, Donald Trampın sərt açıqlamalarına məhəl qoymadan hər gün bir-iki yaşayış məntəqəsini işğal etməkdə davam edir. Təbii ki, Avropa Ukraynaya müəyyən mənada dəstək verməyə çalışır, amma bu dəstək nə qədər davamlı olacaq bəlli deyil. Əsas məsələ odur ki, ərt sanksiyaların tətbiqinin şahidiyik. Eyni zamanda sanksiyaların yarılmasına da şahidlik edirik.

Açığı, nə qədər çətin görünsə də, Rusiya tərəfi  Qərb sanksiyalarını yarmağı bacarır. Bu işə bir neçə ölkəni də cəlb edə biliblər”.

Hərbi ekspert deyib ki, Qərb sanksiyaları effektiv olduğu halda Rusiyanı Ukraynada dayandırmaq mümkün olardı: “Müharibə başlayana qədər Rusiyaya tətbiq olunan sanksiyaların azı 10 qat sərtləşdirilməsi və artırılması bu şəraitə uyğunlaşmasını diqtə edib. Rusiya belə şəraitdə yaşamağa artıq öyrəşib. Sanksiyalar Rusiyanı zəiflədir, amma burada ən çox itirən tərəflərdən biri təbii ki, Ukrayna ilə yanaşı Avropadır. Avropada artıq anlayırlar ki, münaqişənin davam etməsi həm də onların zərərinədir. Faktiki olaraq Rusiyanı dayandırmaq üçün heç bir addım ata bilmirlər, üstəlik, özləri də böyük ziyan çəkirlər”.

Hərbi ekspert deyib ki, ABŞ-ın yeni prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinə 100 gün vaxt verməsi də Ukrayna üçün acınacaqlı nəticə vəd edir: “Donald Trampın münaqişənin, müharibənin dərhal dayandırılması tələbini irəli sürməsi daha məntiqli olardı. Tutaq ki, Rusiya müharibəni dayandırdı, nə dəyişəcək? İşğal edilmiş Ukraynanın əraziləri geri qaytarılacaq? Əlbəttə ki, yox. Bundan başqa, Rusiya hər dəfə açıq şəkildə nüvə silahından, atom bombasından istifadə ediləcəyini gündəmə gətirir. Ona görə də indiki mərhələdə hansı variant olur-olsun Rusiya üstünlüyə malikdir”.

Hərbi ekspert deyir ki, Rusiyaya qarşı sanksiyaların uzun müddət davam edəcəyi də inandırıcı deyil: “Rusiya kimi böyük bir ölkənin bitib-tükənməz təbii sərvətləri var. Dünyanı idarə edən böyük korporasiyalar zəngin bir ölkənin daimi olaraq sanksiyalar altında saxlanılmasında maraqlı deyil. Hər halda, görünən odur ki, Rusiya tərəfi irəliləyir. Ukraynanın ehtiyatda olan generalları  açıq deyirlər ki, orduda panika yaranıb və  vəziyyət o qədər də yaxşı deyil. Rusiya isə istədiyinə nail olana qədər davam etmək əzmi nümayiş etdirir. Ona görə də münaqişəni davam etdirəcək. Müharibənin yaxın aylarda dayanacağını güman etmirəm”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki